ADNSU-da Lazer Mərkəzinin təqdimat mərasimi keçirilib

İyunun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Lazer Mərkəzinin təqdimat mərasimi keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, yerli və xarici şirkət rəhbərləri, universitetin professor-müəllim heyəti, media nümayəndələri iştirak edib.

 

Tədbir iştirakçılarına Lazer Mərkəzində görülən işlər haqqında danışan ADNSU-nun rektoru, professor Mustafa Babanlı lazer başlıqlı robotlar, onların iş prinsipləri və funksiyaları haqqında qısa məlumat verib. Rektor Mustafa Babanlı yeyilmiş səthləri bərpa etmək üçün nəzərdə tutulan lazer başlıqlarının neft və yüngül sənayedə, eləcə də kənd təsərrüfatında avadanlıqların bərpası üçün istifadə oluna biləcəyini qeyd edib.

 

Lazer Mərkəzinin ilkin mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərərək tələbələrə bu sahədə biliklərin verilməsinin nəzərdə tutulduğunu deyən rektor, professor Mustafa Babanlı kadr hazırlığını təmin etmək məqsədilə bu ildən ADNSU-da “Təkrar emal və bərpa texnologiyası” ixtisasının tədris olunduğunu və indiyədək 15 nəfər mütəxəssisin hazırlandığını diqqətə çatdırıb.

 

Tədbirdə Lazer Mərkəzinin direktoru, texnika elmləri doktoru Xudaverdi Kərimov mərkəzin fəaliyyəti haqqında təqdimatla çıxış edib. “Lazer şüalanma ilə hissələrin səthi emalı (Örtükçəkmə və bərkitmə)” adlı təqdimatda Xudaverdi Kərimov lazerlə örtükçəkmənin, bərkitmənin prinsipi, üstünlükləri haqqında məlumat verib.

 

Daha sonra Lazer Mərkəzindəki iş prosesinin monitor vasitəsilə canlı yayımlanması həyata keçirilib.

 

Tədbirin rəsmi hissəsindən sonra şirkət nümayəndələri ilə müzakirələr aparılıb.

 

Qeyd edək ki, ADNSU-nun Lazer Mərkəzinin açılışı 2017-ci ilin iyun ayında baş tutub. Mərkəzin təhsil mərkəzi kimi fəaliyyəti ilə yanaşı lazımi nəzəri baza və biliklərə yiyələndikdən sonra burada iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda lazer başlıqlarının istehsalının təşkil olunması nəzərdə tutulub.



07.06.2018 | 17:54