Elmi Şuranin yeni tərkibdə ilk iclası olub

Gəncə Dövlət Universitetinin (GDU) Elmi Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

 

GDU-nun rektoru, Elmi Şuranın sədri, professor Yusif Yusibov iclası açaraq onun gündəliyində 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq, universitetin əməkdaşlarına professor, “fəxri professor” və dosent elmi adlarının verilməsinə dair vəsatətin qaldırılması, eləcə də cari məsələlərin daxil olduğu barədə məlumat verib.

 

Y.Yusibov bildirib ki, Gəncə Dövlət Universitetində 2017-2018-ci tədris ilində infrastrukturun yenilənməsi, maddi-texniki bazanın zənginləşdirilməsi, ali təhsil müəssisəsinin kadr potensialının gücləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, ümumilikdə isə ali təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilib.

 

Cari tədris ilində universitetin 5-ci tədris korpusu müasir tələblər səviyyəsində yenidən qurulub. Korpusun nəzdində yeni mühazirə və seminar otaqları, xarici dillər fakültəsində təhsil alan tələbələrin ixtisasları üzrə xarici dil bacarıqılarının təkmilləşdirilməsi məqsədilə həmin dillərin öyrənilməsi üçün kabinetlər yaradılıb. Yeni tədris korpusunda TİKA-nın dəstəyi ilə 40 minlik müasir kitab fondu olan Nuru Paşa adına kitabxana, oxu zalı, beynəlxalq tədbirlərin keçirilməsi üçün geniş zal, idman zalı, Fransa Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə hər iki dövlət arasındakı elm, təhsil və mədəniyyət əlaqələrinin möhkəmlənməsinə və daha da inkişafına xidmət edəcək Aleksandr Düma Mərkəzi, Məhdud Fiziki İmkanlı Gənclər üçün Təlim və Tədris Mərkəzi qurulub.

 

İyunun 1-dən 2017-2018-ci tədris ilinin yaz sessiyasının başladığını deyən rektor Yusif Yusibov universitetdə bu il ilk dəfə olaraq tətbiq ediləcək bir sıra yeniliklər sırasında Tələbə Ombudsman Mərkəzinin fəaliyyətə başlamasını tələbələrin həm semester ərzində, həm də sessiya dövründə yarana biləcək problemlərinin aradan qaldırılması istiqamətində mühüm işlər görəcəyini deyib.

 

Sonra  imtahan sessiyasına hazırlığın vəziyyəti barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Fəxrəddin Məmmədovun hesabatı dinlənilib.

 

Elmi Şurada “Fizika” kafedrasının professoru elmi adını almağa dair Muğan Quliyevin, “Anatomiya, fiziologiya və zoologiya” kafedrasının dosenti elmi adını almağa dair Elfira Ağayevanın, “Kimya” kafedrasının dosenti elmi adını almağa dair Mətanət Rzayevanın, “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasında boş olan dosent yerinə seçki üzrə Səba Namazovanın, həmçinin universitetin «Fəxri professoru» adının verilməsi haqqında “Ümumi pedaqogika” kafedrasının dosenti Kəmalə Hacıyevanın Elmi Katib tərəfindən vəsatəti qaldırılıb və qəbul edilib.

 

Elmi Şura ilk iclasını cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.

 



07.06.2018 | 18:19