2020-ci təqvim ili rəqəmlərdə: "Sağlam təhsil-sağlam millət"

2020-ci ildə Bakıda yerləşən ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Belə ki, hazırda paytaxtda yerləşən 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmçinin, paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu da mövcuddur.

 

Bu dövr ərzində pedaqoji heyət tərəfindən təhsildə görmə, eşitmə, danışma, hərəkət, diqqət və yaddaş pozğunluğu olan uşaqlar üçün alternativ tapşırıqların mövcudluğunu nəzərdə tutan “Universal dizayn” adlı vəsait hazırlanıb. Həmçinin, “Xüsusi məktəblərdə valideynlərə işin təşkili”, “Nitqi problemli uşaqların kiçik motorikasının inkişafı” adlı metodik vəsaitlər də hazırlanıb. Tibbi-gigiyenik heyət tərəfindən COVID-19 pandemiyası dövründə maarifləndirici seminarlar təşkil edilib, buklet və təlimatlar tərtib edilib.

 

Vətən müharibəsi dövründə layihə iştirakçıları tərəfindən cəbhə bölgəsindəki əsgərlərimizə yazılan məktublar onlar tərəfindən maraqla qarşılanıb.

 

Qeyd edək ki, təhsilalanların sağlamlığının qorunması və təlim nəaliyyətlərinin yüksəldilməsi məqsədi ilə 2014-2015-ci tədris ilindən etibarən “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Layihə Sumqayıtda 1, Bakıda 38 olmaqla, ümumilikdə 39 məktəbin 170 ibtidai sinfində tətbiq edilir. 2018-2019 tədris ilindən etibarən isə layihə üzrə məktəbəhazırlıq qrupları da fəaliyyətə başlayıb. Əlavə olaraq, 2019-2020-ci tədris ilində inklüziv sinifləri olan 4 məktəb üzrə 32 sinifdə, 7 xüsusi təhsil məktəbi üzrə 42 sinifdə layihə tətbiq edilməyə başlanılıb. Layihənin pedaqoji heyəti tərəfindən bu günə qədər müəllimlərə 22 000, tibbi blok tərəfindən 20 000, psixoloji blok tərəfindən 600 saatdan çox xidmət göstərilib.

 

 



31.12.2020 | 10:42