MDU-nun rektoru Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüşüb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə  iştirak etmiş Riyaziyyat kafedrasının müəllimi Rövşən Babayev, Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov və texniki işçi Asim Misirzadə ilə görüşüb.

 

Görüşdə rektor Müzəffər Ali Baş Komandanın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən tarixi Zəfər münasibətilə MDU-nun hərbçi əməkdaşlarını təbrik edib, 30 illik yurd həsrətinə son qoyan şanlı qalibiyyətin qazanılmasında canından və qanından keçən şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib.

 

Vətən savaşında universitetin 4 əməkdaşı, 120-dən çox tələbə və məzunlarının iştirak etdiyini, 5 məzununun şəhidlik zirvəsinə ucaldığını qeyd edən Ş.Bayramov şərəfli döyüş yolu keçmiş MDU ailəsinin qəhrəman üzvləri ilə qürur duyduğunu bildirib.

 

Döyüş tapşırıqlarını yerinə yetirərkən mərdlik, igidlik göstərən tələbə və məzunların şücaətinin ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini bildirən rektor onların Prezidentin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif edilməsinin MDU-nun professor-müəllim və tələbə heyəti tərəfindən böyük fəxarət, rəğbət hissi ilə qarşılandığını diqqətə çatdırıb.

 

Azərbaycanın haqq savaşında qazandığı şanlı Qələbədə pay sahibi olmalarından qürur duyduqlarını bildirən müharibə iştirakçıları dövlət, xalq, ordu birliyindən güc alaraq yüksək mübarizlik, vətənpərvərlik ruhu və böyük qələbə əzmi ilə döyüşlərə qatıldıqlarını qeyd ediblər. 

 

Şəhid olan qəhrəman məzunların ailələrinə, müharibədə iştirak edən əməkdaşlara universitet tərəfindən xüsusi diqqət və qayğının göstərilməsindən məmnunluqlarını ifadə edən R.Babayev, Q.Kərimov və A.Misirzadə  MDU rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Sonda rektor hər üç əməkdaşa MDU-nun Fəxri Fərmanlarını təqdim edib.

 



31.12.2020 | 13:11