BMU tələbələri Vətən müharibəsi qazisi Kənan Kərimli ilə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə Vətən müharibəsinin iştirakçısı, 23 yaşlı qazi Kənan Kərimli ilə görüş keçirilib.  

 

Görüşdə kafedranın ingilisdilli ixtisaslarında, eləcə də BMU ilə İnha Universitetinin ikili diplom proqramında təhsil alan I kurs tələbələri iştirak edib.

 

Xarici dillər kafedrasının müdiri Ətrabə Gül Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində peşəkar ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərdən bəhs edib. O, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi, həmçinin Azərbaycan əsgərinin gücü, peşəkarlığı, şücaəti, qanı və canı hesabına 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın azad edildiyini bildirib. Müharibənin mürəkkəb və çətin relyef şəraitində baş verdiyini xatırladan Ə.Gül şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin cəsarəti və rəşadəti ilə bu gün Azərbaycan bayrağının Qarabağda dalğalandığını vurğulayıb.

 

Ə.Gül diqqətə çatdırıb ki, görüşün keçirilməsində əsas məqsəd tələbələrin qaziləri daha yaxından tanıması, eyni zamanda qazilərə onların daima qəlbimizdə olduğunu göstərməkdir. Universitet heyətinin mütəmadi olaraq  şəhidləri, qaziləri yad etdiyini bildirən kafedra müdiri Vətən müharibəsi ərzində BMU tələbələrinin “Qarabağ Azərbaycandır” layihəsində aktiv iştirakından da söz açıb.

 

Sonra Kənan Kərimli çıxış edərək bu görüşün ona mənəvi dəstək olduğunu qeyd edib. Onun sözlərinə görə, universitet tələbələrə təkcə təhsil vermir, eyni zamanda qazisinə hörmət edən, əsgərinin dəyərini bilən gənclik, həm də torpaq uğrunda canını daima fəda etməyə hazır olan əsgər yetişdirir. K.Kərimli belə bir görüşün ərsəyə gəlməsində təşəbbüs irəli sürən Xarici dillər kafedrasına, kafedranın müəllimi Günay Məmmədovaya təşəkkür edib.

 

Qeyd edək ki, İsmayıllı rayonundan olan K.Kərimli may ayında hərbi xidmətə çağrılıb və orada rabitəçi kursunu keçib. Döyüşlər başlayanda Füzuli istiqamətində döyüşlərə qatılıb. K.Kərimli digər əsgər yoldaşları ilə birlikdə əldə edilən məxfi məlumatları digər bölmələrə çatdırıb. Döyüşün istiqamətini təyin edən bu məlumatlar yalnız canlı şəkildə ötürüldüyündən onlar daima erməni hərbçilərinin diqqət mərkəzində olub. O, bu cür əməliyyatlardan birindən qayıdarkən atəşə məruz qalıb və nəticədə sağ ayağını itirib, bədənindən çoxsaylı qəlpə yaraları alıb. Qəlpələrdən bir neçəsi hələ də bədənində olan qazimiz yaxın günlərdə növbəti dəfə əməliyyat olunacaq.

 

 

 



05.01.2021 | 11:02