ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin məzunu, Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova ilə görüşüb.

 

ADNSU-dan bildirilib ki, universitet rəhbərliyi və Əlihüseyn Məmmədovun müəllimlərinin də iştirak etdiyi görüşdə şəhidin tələbəlik həyatından, döyüş yolundan və qəhrəmanlığından bəhs olunub.  

 

Görüşdə professor M.Babanlı sentyabrın 27-dən Ermənistanın hərbi təxribatına qarşı başlanan və 44 gün davam edən müharibədə qazanılan zəfərin əvəzsiz hadisə olduğunu diqqətə çatdırıb. Bildirib ki, işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüşlərdə ADNSU-nun tələbə və məzunları, həmçinin universitetin əməkdaşları da iştirak edib.

 

Əlihüseyn Məmmədovun da Vətən müharibəsində fəal iştirak etdiyini və şəhidlik zirvəsinə ucaldığını deyən rektor onların hər zaman qəlbimizdə yaşayacağını, yeniyetmə və gənclərimizə nümunə olacağını söyləyib. Əlavə edib ki, Ə. Məmmədov kimi igidlərin xatirəsi dövlətimiz və universitet tərəfindən hər zaman əziz tutulacaq, onların valideynləri, ailələri diqqət və qayğı ilə əhatə olunacaq.

 

Ə.Məmmədovun anası Arzu Məmmədova oğlu ilə fəxr etdiyini deyib və nə qədər ağır olsa da, övladının Vətən uğrunda canından keçməsinin onun üçün ən böyük təsəlli olduğunu vurğulayıb, oğlu haqqında xatirələrini bölüşüb.

 

Qeyd edək ki, Ə.Məmmədov 2016-cı ildə ADNSU-nun energetika fakültəsinin İstilik energetikası mühəndisliyi ixtisasına daxil olub və 2020-ci ildə universiteti bitirərək həqiqi hərbi xidmətə yollanıb.

 

Vətən müharibəsi başlayanda, o da bir əsgər kimi silaha sarılıb Vətən müharibəsində fəal iştirak edib. 2020-ci il oktyabrın 9-da Füzuli-Cəbrayıl- Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Bu igidliyinə görə Ə.Məmmədov dövlət başçısının sərəncamı ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 



06.01.2021 | 11:18