Azərbaycan Dövlət İqtisad Universitetində yeni layihə: “UNEC-in gənc müəllimləri”

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni layihəyə start verilib.

 

Ali məktəbdən bildirilib ki,  “UNEC-in gənc müəllimləri” adlı layihənin məqsədi universitetdə tədrisə cəlb olunan gənc müəllimləri daha yaxından tanıtmaq, onların əldə etdikləri uğurları bölüşməkdən ibarətdir. Layihə çərçivəsində hər bir müəllimin motivasiyaedici şüarı da paylaşılacaq.

 

Layihənin ilk iştirakçısı Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) müəllimi Təhmasib Əlizadədir.

 

UNEC-in beynəlxalq iqtisadi münasibətlər fakültəsində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili alıb. Almaniya Federativ Respublikası, Fridrix Şiller Yena Universitetində (Friedrich Schiller University of Jena) İnnovasiya və inkişaf ixtisası üzrə magistraturanı bitirib.  Hazırda UNEC-in dissertantıdır.

 

Almaniyanin Zigen Universitetində qonaq araşdırmaçı olub. 2019-2020-ci ildə bir illlik Almaniyanın Fridrix Şiller Yena Universitetinin “İnnovativ inkişaf iqtisadiyyatı” mərkəzində tədqiqatçı kimi fəaliyyət göstərib.

 

Beynəlxalq reytinqli jurnallarda elmi məqalələri çap edilib. Kembric Universitetində, Fridrix Şiller Yena Universitetində, Zigen Universitetində, Rusiya Ali İqtisad Məktəbində və digər universitetlərdə beynəlxalq elmi konfranslarda iştirak edib. İştirak etdiyi iki konfrans Web of Science platformasında qeydə alınıb.

 

Klaus Şvabın “Dördüncü Sənaye İnqilabı” adlı məşhur əsərinin UNEC alimləri tərəfindən Azərbaycan dilinə tərcümə olunmasında T.Əlizadə də iştirak edib.

 

Qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemlərinin müzakirə edildiyi “ISE Economic Talks” layihəsinin rəhbəridir.

 

“Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimidir, “İqtisadiyyata giriş”, “Mikroiqtisadiyyat” və “İnnovasiya və investisiya siyasətləri” fənlərini tədris edir. Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin üzvüdür.

 

Azərbaycan, rus, ingilis və alman dillərini bilir.

 

T.Əlizadənin şüarı budur: “Yenilikçilik – ümiddir, tərəqqidir, gələcəkdir!”

 

 

 



07.01.2021 | 11:13