AzMİU-da payız semestrinin imtahan sessiyasına hazırlıq prosesi yekunlaşıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq prosesi başa çatıb.  

 

Universitetdən bildirilib ki, onlayn formada keçiriləcək imtahanlarda işlərin daha səmərəli qurulması məqsədilə proktorlar qrupu yaradılıb. Universitetin kafedra və şöbələrində çalışan gənc administrativ heyətin tərkibindən 80-a yaxın işçi bu prosesə cəlb olunub. İKT Mərkəzi tərəfindən onların hər birinə treninqlər keçirilib. Universitet səviyyəsində imtahan prosesinə nəzarət sistemində də təkmilləşmələr aparılıb. İmtahanların təşkili prosesi və qaydaları öncədən tələbələrin şəxsi kabinetlərinə göndərilib.

 

Pandemiyanın tədrisdə yaratdığı çətinliklər, Vətən müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemlər səbəbi ilə dərslərə qoşula bilməyən tələbələr üçün müəyyən güzəşlər tədbiq olunub. AzMİU-nun Elmi Şurasının iclasında ötən imtahan sessiyasında olduğu kimi, bu imtahan sessiyasında da tələbələrin xeyrinə müəyyən qərarlar qəbul edilib.     

 

İmtahanlarda şəffaflığı, obyektivliyi təmin etmək məqsədi ilə Apellyasiya Qərargahı yaradılıb. Mövcud şəraitə uyğun olaraq Qərargaha daxil olan elektron müraciətlər, tələbələrin şikayətləri qısa müddətdə çevik şəkildə araşdırılacaq və lazımi tədbirlər görüləcək .

 

Bildirilib ki, distant formada keçirilən imtahanlar yanvarın 11-dən start götürəcək və fevralın 15-də sona çatacaq.
         

Qeyd edək ki, artıq 2020/2021-ci  tədris ilinin payız semestrinə yekun vurulub, universitetin Vətən müharibəsində iştirak edən əsgər-tələbələrinə imtahan, buraxılış işlərinin müdafiəsi və yekun attestasiyalar təşkil olunub. Tələbələr həm vətən qarşısında əsgəri borcunu yerinə yetirib, həm də universiteti bitirərək bakalavr diplomu alıblar.

 

 



07.01.2021 | 17:00