“Bullinqə qarşı əl-ələ”

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin fərdi kateqoriyada qalibi olan “Bullinqə qarşı əl-ələ” maarifləndirmə təlimlərinin təşkili layihəsi çərçivəsində Xaçmaz rayonu ümumtəhsil məktəblərində çalışan psixoloq və pedaqoqlar üçün sonuncu qrupda təlimlər keçirilib.

 

Qeyd edək ki, layihə məktəblərdə sağlam mənəvi-psixoloji mühitin formalaşmasına,  təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına, konfliktlərin minimuma endirilməsi və onların idarə edilməsinə nail olmaq, məktəb rəhbərlərinin bullinqlə bağlı xüsusi plan və proqramlarının hazırlanmasına dəstək vermək məsədilə icra olunur.

 

Təlimlərə Xaçmaz rayonunun Yalama, Çarxı, Mürşüdoba, Qaradağlı kənd tam orta, Bayoba, Mehrəliqışlaq, Qobuqırağı kənd ümumi orta və Xaçmaz şəhər 5, 9 saylı tam orta məktəblərində çalışan 16  müəllim və psixoloq qatılıb.

 

Layihə rəhbəri, Xaçmaz rayonu Qaradağlı kənd tam orta məktəbinin psixoloqu Gülnaz Gümşüdlü bildirib ki, təlimlərin təşkilində başlıca niyyət son dövrlərdə dünyada  aktual problemə çevrilən bullinq və onun fəsadları, qarşısının alınması ilə bağlı məktəb kollektivini maarifləndirməkdən ibarətdir.

 

Bundan öncə birinci və ikinci qrupla keçirilən təlimlərdə Xaçmaz şəhər 1,3,4,5,6,7 və 8 saylı, Xudat şəhər  2 və 4 saylı, Palçıqoba, Aşağı-Zeyid, Qaradağlı, Aslanoba, Mürşüdoba, Nərəcan, Çarxı kənd, İstisu və Arzu qəsəbə tam orta, Hacılar, Mehrəliqışlaq, Qaraçı və Armudpadar kənd ümumi və Cığatay kənd ibtidai məktəblərində çalışan 33 pedaqoq və psixoloq iştirak edib.

 

COVİD-19 pandemiyasının qarşısının alınması məqsədilə elan edilmiş karantin qaydalarına uyğun olaraq Microsoft Teams platforması üzərindən icra olunan layihə təlimləri, ümumilikdə hər qrupda 15 nəfər olmaqla 3 qrupda 45  müəllim və psixoloqun maariflənməsini nəzərdə tutsa da, yekunda 49 iştirakçı təlimlərdən bəhrələnib.

 

Təlimlərdə iştirakçılar peşəkar təlimçi Ramin Mahmudovun təqdimatında “Bullinq, onun mahiyyəti”, “Növləri və formaları”, “Bullinqin qarşısının alınması yolları” mövzularında maarifləndiriliblər.

 

Təlimlərin sonunda iştirakçılar layihə çərçivəsində hazırlanan buklet və bullinqə dair məlumat materialları ilə təmin olunublar.

 

Qeyd edək ki, şagirdlərin sağlam sosial-emosional-psixoloji mühitdə yetişməsi üçün pedaqoji kollektivi bilgiləndirən bu layihənin icrası 15 mart 2021-ci ilə qədər davam edəcək.

 



08.01.2021 | 15:05