ADAU əməkdaşlarının yüksək reytinqli jurnallarda nəşr xərcləri üçün yardım göstərəcək

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali məktəbin “Tədqiqat universiteti” statusunu əldə etməsi məsələsi müzakirə olunub.

 

Universitetin rektoru, professor İbrahim Cəfərov “Tədqiqat universiteti” statusunun qazanılması üçün mövcud olan imkanlar, meyarlar, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr barədə danışıb. Bildirilib ki,  son illərdə universitetdə görülmüş işlər bu statusa nail olmaq imkanlarını xeyli genişləndirib.

 

Rektorun sözlərinə görə, statusun əldə olunması üçün ən mühüm meyarlardan biri beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS)  nəşr olunan məqalələrin sayıdır:”Bu sahədə universitetdə bir sıra işlərin görülməsinə, o cümlədən  Web of Science platformasına qoşulmağa  baxmayaraq universitet əməkdaşları tərəfindən bu jurnallarda nəşr olunan məqalələrin sayının artırılması aktual problemlərdən biri olaraq qalmaqdadır. Bu problem eyni zamanda Academic Ranking of World Universities (ARWU), QS Reytinqi (QS World University Rankings, QS), Tayms Reytinqlərində (Times Higher Education World University Rankings, THE) yer almasında əsas maneələrdən biridir”. 

 

Məsələ ilə bağlı Elmi Şura üzvləri, professorlar- Qənbər Abdullayev, Məhərrəm Hüseynov,  Cəmaləddin Məmmədov, dosent Suliddin Abbasov çıxış ediblər.

 

Bildirilib ki, bu istiqamətdə əsas problemlərdən biri müvafiq jurnallarda nəşr xərclərinin yüksək olması və əməkdaşların bir çoxunun bu xərcləri ödəməkdə çətinlik çəkməsidir.
Elmi Şura məsələ ilə bağlı təklifləri ümumiləşdirərək universitet əməkdaşlarının beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda nəşr xərclərinin 50 faizinin universitetin büdcədənkənar vəsaiti hesabına ödənilməsi barədə qərar qəbul edib.

 

Bu barədə ADAU-dan bildirilib. 

 



08.01.2021 | 17:32