AzMİU-da karyera yönümlü silsilə görüşlər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera şöbəsi tərəfindən təşkil olunan karyera istiqamətli onlayn görüşlər artıq ənənə halını alıb. Bu tip görüşlərin  əsas məqsədi tələbələrə karyeralarını qurmaqda düzgün istiqamət vermək və onlara qarşıya çıxa biləcək problemlərin həllində yardımçı olmaqdır.  

     

Universitetdən bildirilib ki, Zoom platforması üzərindən təşkil olunan görüşlər zamanı şöbənin əməkdaşları tərəfindən  iş həyatına yeni başlayacaq gənclərə vacib olan müsabiqə və müsahibə proseslərinə düzgün hazırlaşma qaydası aşılanır, özlərini ən yaxşı şəkildə ifadə etməyin təsirli yolları haqqında geniş məlumatlar verilir.

 

Həmçinin, karyera yolunda ilk addım olaraq CV-lərin düzgün tərtib edilməsi,  ən çox yol verilən səhvlərə dair vacib məsələlər ətrafında müzakirələr aparılır.  CV hazırlanması zamanı onlayn resurslardan necə istifadə etmək barədə video izahat formasında məlumatlar nümayiş etdirilir.

     

Bu görüşlərin yaratdığı imkanlar sayəsində artıq gözlənilən nəticələr öz faydasını verib. Belə ki son bir ay ərzində bu görüşlərdə iştirak edən tələbələrdən artıq 5 nəfəri öz ixtisasları üzrə işlə təmin edilib. Onlardan 2 tələbə təcrübəçi, digərləri isə işçi olaraq karyeralarına başlayıblar. Bu nəticələrin əldə edilməsi digər tələbələrin də görüşlərə maraq və inamını artırır.

 

 



09.01.2021 | 13:29