Bakı Dövlət Universitetində imtahan sessiyası başlayıb

Bu gün Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

 

Universitetdən bildirilib ki, bakalavriat səviyyəsinin tələbələri, magistrantlar, alt qruplarda, həmçinin ləğv olunan fənlər üzrə yaradılan əlavə qruplarda təhsil alan tələbələr, magistrantlar yaz imtahan sessiyası müddəti ərzində onlayn qaydada şifahi formada imtahan verəcəklər.

 

BDU COVID-19 pandemiyasının tədrisdə yaratdığı çətinlikləri, Vətən müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemləri, cəbhə bölgəsində yaşayan tələbələrin, habelə onlayn dərslərə qoşulmaqda çətinliklərlə üzləşən, müntəzəm qoşula bilməyən tələbələri nəzərə alaraq bütün təhsilalanlar üçün güzəştlər tətbiq edib.

 

Cari imtahan sessiyası ilə bağlı bütün texniki-təşkilati işlər vaxtında yerinə yetirilib, tələbələrin qiymətləndirilməsi aparılıb, hər bir fənn üzrə suallar və cavab mətnləri tələbələrə çatdırılıb.

 

Bakalavriat və magistratura səviyyələrinin bütün kurslarında 1 fənn üzrə ümumi qiymətləndirilmə tələbənin cari imtahan sessiyasında əldə etdiyi nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricinə - ÜOMG) uyğun olaraq aparılacaq. Bununla bərabər belə qiymətləndirmə ilə razılaşmayan və həmin fəndən imtahan vermək istəyən tələbələr üçün mövcud qaydalar əsasında imtahanlar təşkil ediləcək.

 

Bildirilib ki, tələbələrin şikayət və təkliflərinə həssaslıqla yanaşılacaq, hər bir hal üzrə müraciət BDU rektorunun yanında yaradılmış Apelyasiya Komissiyasında dəqiq və operativ şəkildə araşdırılaraq cavablandırılacaq. İmtahanların təşkilində və gedişində nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək. Bundan əlavə, imtahanlara rektor, prorektorlar, dekanlar, dekan müavinləri və Tələbə Nəzarət Qrupunun üzvləri nəzarət edəcək. Həmçinin sessiya müddətində "Qaynar xətt"in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin olunacaq.

 

 



11.01.2021 | 09:42