"Tarix yazan Vətən Oğulları" - ADPU şəhidlərinin xatirəsinə həsr olunan telekörpü

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Vətən müharibəsində şəhid olan tələbə və məzunlarının xatirəsinə həsr edilən "Tarix yazan Vətən Oğulları" adlı telekörpü keçirilib.

 

Zoom platforması üzərindən təşkil olunan telekörpünün təşəbbüskarı, layihə rəhbəri Bakı şəhəri A. Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin direktoru Elçin Abdullayev, təşkilatçıları isə direktor müavini Vüsalə Məmmədova, sinif müəllimi Zümrüd Hüseynova və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçısı Fidan İsmayılovadır. Artıq dördüncüsü reallaşan telekörpü silsilə xarakter daşıyır və müxtəlif ümumtəhsil, eləcə də ali təhsil müəssisələri şəhidlərinin xatirəsini yad etmək məqsədilə keçirilir.

 

Tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütәxәssisi Cavid Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, idarənin ümumi təhsil sektorunun müdiri Fuad Babayev, xalq artisti Azad Şükürov, şair Baba Vəziroğlu, telejurnalist Telli Pənahqızı, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, filialın direktor müavini Şəlalə Seyidova, ADPU-nun Ağcabədi filialının direktor müavini Seymur Süleymanov, ADPU-nun Vətən müharibəsində şəhid olan tələbə və məzunlarından-Ağaqardaş Abbasov, Elgün Əzizov və Orxan Nəbiyevin ailə üzvləri, qazilər iştirak ediblər.

 

Tədbirdə 95 nömrəli tam orta məktəbin şagirdləri və ADPU-nun tələbələri Vətən müharibəsində şəhid olan 9 tələbə və məzun haqda geniş məlumat verib, infoqrafik video təqdim ediblər. Şagirdlərdən Kənan Bəşirli şəhid Xudayar Yusifzadənin ifasında məşhurlaşan "Vətən yaxşıdır", "Qarabağ şikəstəsi" xalq mahnı və muğamını canlı ifa edib, 4-cü sinif şagirdi  Fidan Həşimova isə öz vətənpərvər çıxışı ilə şəhid müəllimlərinə olan sonsuz ehtiramını bildirib.

 

Çıxış edənlər şəhidlərlə bağlı xatirələrini bölüşüb, vətənpərvər gənclərin tərbiyə olunmasında ailə və məktəbin, xüsusən müəllimlərin əməyindən bəhs edib, ölkənin müəllim hazırlığı mərkəzi olan ADPU-nun bu istiqamətdəki rolundan danışıb.

 



11.01.2021 | 12:30