BSU-da 4500-ə yaxın tələbə imtahan verəcək

Bakı Slavyan Universitetində (BSU) “2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası yanvar ayının 11-dən başlamaqla 4 həftə müddətində distant formada keçiriləcək.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan imtahan sessiyasında, ümumilikdə universitetin 4500-ə yaxın tələbəsinin iştirakı nəzərdə tutulub.

 

Universitetdən bildirilib ki, BSU-da imtahanlara hazırlıq prosesi yekunlaşıb və xüsusi karantin rejimi şəraitində təşkil olunan imtahan sessiyası üzrə təhsilalanların cari və aralıq qiymətləndirilməsi zamanı Elmi Şuranın ötən ilin noyabrında verdiyi qərarında tələbələr üçün nəzərdə tutulan güzəştlər tətbiq ediləcək.  

 

İmtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələrin müraciətlərinin yerində çevik həllini təmin etmək məqsədilə tərkibinə universitet rəhbərliyi, bu ali təhsil müəssisəsində fəaliyyət göstərən Valideyn şurası, tələbə ictimai təşkilatları, Mətbuat və informasiya şöbəsi və ictimaiyyət nümayəndələrinin də daxil olduqları 13 nəfərdən ibarət İmtahan Qərargahı  yaradılıb.  İmtahan sessiyası müddətində İmtahan Qərargahına edilən müraciətlərin çevik şəkildə araşdırılması, imtahan nəticələrindən, o cümlədən Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ( ÜOMG) əsasında qeyri-ixtisas fənləri üzrə qiymətləndirilmədən narazı qalan tələbələrin onlayn formada dinlənilməsi məqsədilə Apelyasiya Komissiyası da formalaşdırılıb.  

 

Bildirilib ki, BSU rektorunun imzaladığı əmrin əsas müddəalarından birinə uyğun olaraq  imtahan sessiyası müddətində tələbələrə əvvəlki imtahan sessiyalarından qalan kredit borclarını fənni(fənləri) təkrar dinləmədən ləğv etmək imkanı verilir, cari imtahan sessiyası üzrə yaranmış kredit borclarının  fənni(fənləri) təkrar dinləmədən aradan qaldırılmasına 9-12 fevral  2021-ci il tarixində şərait yaradılır. Bundan başqa,  kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək arzusunda olan tələbələr imtahan nəticəsindən narazı qaldıqları halda, Apelyasiya Komissiyasına müraciət edə bilərlər.

 

Diqqətə çatdırılıb ki,  Əlavə və qiyabi təhsil şöbəsi üzrə imtahan sessiyasının 18 yanvar-13 fevral 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulub. Tələbələrə əvvəlki və cari imtahan sessiyalarından qalan kredit borclarını fənni ( fənləri) təkrar dinləmədən ləğv etmək imkanı veriləcək.

 

Şifahi və yazılı imtahanların təşkili və keçirilməsi, sual,referat və praktik tapşırıqların forma, məzmununun müəyyən olunması, məsafədən cavablandırılması, qiymətləndirilmənin aparılması, imtahanların gedişi prosesinin protokollaşdırılması barədə Monitorinq,qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin hazırladığı təlimat və göstərişlər imtahan sessiyasına 2 həftə qalmış müəllimlər, tələbələr, eləcə də fakültə dekanları, kafedra müdirləri,şöbə müdirləri, akademik məsləhətçilər, tədris-köməkçi heyətin diqqətinə çatdırılıb.  

 

Qeyd edək ki, məsafədən təşkil olunacaq imtahanlara dair qeydiyyatın və elektron sənədləşmənin düzgün aparılması, elektron idarəetmə sisteminin sabit fəaliyyətinin təmin olunması və qarşıya qoyulan vəzifələrin həllinə texniki dəstəyin reallaşdırılması məqsədilə universitetin müvafiq struktur bölmələrinin məsul şəxslərindən, tədris-mədəniyyət mərkəzlərinin mütəxəssislərindən və müəllimlərdən ibarət 22 nəfərlik  texniki dəstək qrupu da yaradılıb.

 

Ümumilikdə BSU-da imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi universitet rəhbərliyinin diqqət mərkəzində saxlanılır.  

 

 



11.01.2021 | 14:14