SDU-nun rektoru imtahanların gedişatı ilə tanış olub

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, professor Elxan Hüseynov universitetdə yanvarın 11-də onlayn rejimdə başlayan payız semestrinin imtahan sessiyasını izləyib.

 

Rektor iqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat ixtisası üzrə I kursunda və Dünya iqtisadiyyatı ixtisası üzrə IV kursunda keçirilən imtahan prosesinə qoşularaq tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıb.

 

E.Hüseynov COVID-19 pandemiyasının yaratdığı mövcud vəziyyətə uyğun olaraq SDU-da tədrisin onlayn formada (məsafədən) uğurla təşkil edilməsi üçün bütün texniki imkanların yaradıldığını və imtahan sessiyası ilə bağlı tələbələrin xeyrinə bir sıra mühüm qərarlar verildiyini bildirib.Tələbələrə kömək məqsədilə 2020-2021-ci tədris ilinin payız semestrində cari qiymətləndirmənin həyata keçirilməsində Elmi Şuranın qərarı ilə bir sıra sədələşdirilmiş qaydaların tətbiq olunmasını diqqətə çatdırıb. Qeyd edib ki, davamiyyətə görə tətbiq olunan 50%-lik limit ləğv olunur və bütün tələbələr imtahanlara buraxılır. Əvvəlcədən müəyyən edilmiş sərbəst işlərin sayı 10-dan 2-yə endirilib. Semestr ərzində müəyyən səbəblərdən dərslərdə iştirak etməyən və yaxud heç bir bal toplamayan tələbələrə imtahana giriş balı kimi 20 bal- bunlardan 10 bal sərbəst işə, 10 bal isə məşğələ və laboratoriya dərslərinə görə- verilir. İmtahan sualları azaldılaraq 90 suala endirilib.

 

Tələbələrin biliyinin obyektiv qiymətləndiriləcəyinə əminliyini ifadə edən rektor imtahanda iştirak edən tələbələrin suallarını cavablandırıb və onlara uğurlar arzulayıb.

 

Tələbələr də öz növbələrində yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildiriblər.

 

Qeyd edək ki, SDU-da imtahan sessiyasının gedişinə nəzarət, yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə 8 nəfərdən ibarət Apelyasiya Komissiyası, distant (məsafədən) formada keçirilən imtahan prosesində ortaya çıxacaq problemləri çevik aradan qaldırmaq üçün 14 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb.

 

İmtahan sessiyasının gedişinə mütəmadi olaraq rektor və prorektorlar nəzarət edəcək.

 



12.01.2021 | 10:16