UFAZ tələbəsi Təhsil xərclərinin maliyyələşdirilməsi yarışmasında qaliblər sırasında

Gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini daim diqqət mərkəzində saxlayan  Prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı Gənclər Fondunun elan etdiyi müsabiqənin nəticələri məlum olub.

 

Azərbaycan-Fransız Universitetindən (UFAZ) bildirilib ki, ali məktəbin Geofizika mühəndisliyi ixtisası üzrə ikinci kurs tələbəsi Fəqan Həşimov Təhsil xərclərinin maliyyələşdirilməsi yarışmasında qaliblər sırasındadır. 

 

Qeyd edək ki, ötən ilin 5 noyabr-3 dekabr tarixlərində ərizə qəbulu həyata keçirilən müsabiqəyə 31 dövlət təhsil müəssisəsi və onların 9 filialı, həmçinin 54 orta-ixtisas təhsil müəssisəsindən, ümumilikdə 1446 müraciət daxil olub. Müraciət edənlərdən 118-i magistr, 1239-u bakalavr, 89-u isə orta-ixtisas təhsili alan tələbələrdir.

 

Təhsil göstəriciləri və sosial həssas kateqoriyaya uyğunluq meyarları əsasında aparılan qiymətləndirmə nəticəsində 528 tələbənin təhsil haqqının qarşılanmasına qərar verilib. Müsabiqə üzrə qalib olan tələbələrin tam siyahısı ilə linkdən tanış olmaq mümkündür.

 

UFAZ-ın tələbəsi Fəqan Həşimov öz təəssüratlarını bölüşüb: “Yarış üç mərhələdən ibarət idi. Sonuncu mərhələ onlayn görüş idi. Bütün mərhələləri keçib uğur qazana bildim. 2021-ci ilə yaxşı başladığımı deyə bilərəm. Seçim zamanı sosial aktivliyi və xüsusi uğurları olan tələbələrə üstünlük verilirdi. Orta məktəbdə oxuyanda bir çox olimpiadalarda və intellektual yarışlarda fərqlənə bilmişdim. Bildiyiniz kimi, 2020-ci il "Könüllülər İli" elan edildi. 2019-2020-ci illərdə müxtəlif könüllü proqramlarında iştirak etmişəm. Orta məktəbi qızıl medalla bitirmişəm. Layihə rəhbərlərinə öz təşəkkürümü bildirmək istəyirəm”.

 

 

Məlumat üçün bildirək ki, Gənclər Fondu tərəfindən 2018 və 2019-cu illərdə keçirilən müsabiqələr əsasında 662 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanıb.

 

 



14.01.2021 | 12:11