Naxçıvan Dövlət Universitetində smart tələbə kartlarının təqdimatı

Naxçıvan Dövlət Universitetində (NDU) smart tələbə kartlarının təqdimat mərasimi keçirilib.

 

Smart tələbə kartları layihəsinin ilk mərhələsinin NDU-da  uğurla reallaşdırıldığını deyən universitetin rektoru Elbrus İsayev bu kartların elektron universitet sistemini daha da gücləndirəcəyinə inandığını qeyd edib.

 

Vurğulanıb ki, layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsinə, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq. Diqqətə çatdırılıb ki,  tələbələrin bu layihəyə cəlb edilməsi, bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq.

 

“Naxçıvanbank” ASC İdarə Heyətinin sədri Azər Məmmədov bildirib ki, “nağdsız cəmiyyət”in formalaşdırılması, nağdsız ödənişlərin həcminin artırılması muxtar respublika rəhbərliyi tərəfindən diqqətdə saxlanılan əsas məsələlərdəndir. O qeyd edib ki, proqramın strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir.

 

NDU-nun Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı  qeyd edib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və universitetin  təşəbbüsü, “NAXÇIVANBANK” ASC və “Mastercard”ın dəstəyi ilə 2020-ci ildən universitetdə start verilən  smart tələbə kartları unikal bir kartdır və bir çox mühüm xüsusiyyətləri, üstünlükləri ilə fərqlənir. Bu kartlar, eyni zamanda tələbələr üçün yeni  vahid Beynəlxalq İSİC(“International Student Identity Card”) standarları ilə hazırlanmış tələbə biletidir.

 

Kartın mühüm xususiyyətindən biri də debet bank kartı olmasıdır; artıq tələbələrə istər dövlət, istərsə də tədris müəssisəsi tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə veriləcək və tələbələr ölkə daxilində, xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirə biləcəklər. Həmçinin valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub.

 

Sonda bir qrup tələbəyə smart kartlar təqdim edilib.  

 



15.01.2021 | 17:05