AzTU rektoru: “Vətən müharibəsində iştirak edənlər üçün müxtəlif layihələr həyata keçiriləcək”

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Vətən müharibəsində iştirak edən tələbə və məzunlarla onlayn görüş keçirib.

 

Universitetdən bildirilib ki, görüşdə tələbə və məzunların valideynləri və yaxınları da iştirak edib. Rektor AzTU tələbələrinin vətənpərvərlik ruhunun hər zaman yüksək olduğunu xüsusi vurğulayaraq söyləyib, bu günə kimi torpaqlarımızın azad olunması uğrunda gedən bütün döyüşlərdə ali məktəbin tələbə və məzunları yaxından iştirak edib. 

 

V.Vəliyev Qarabağ müharibəsində iştirak edən və akademik borcları qalan bütün tələbə və məzunlara qanunvericiliyin tələbləri çərçivəsində universitet tərəfindən güzəştlərin olunacağını diqqətə çatdırıb. Bildirib ki, Vətən müharibəsində iştirak edən tələbə və məzunlar üçün Kompleks Qayğı Proqramı hazırlanıb və universitet Elmi Şurasında təsdiqlənib. Bu proqrama əsasən, müharibədə iştirak edənlərlə bağlı universitet tərəfindən müxtəlif layihələr həyata keçiriləcək. 

 

Daha sonra AzTU-nun Tədris hissəsinin müdiri Qəmər İsayeva akademik borcları qalan tələbə və məzunlar haqqında məlumat verib, onlarla mütəmadi əlaqə saxlandığını diqqətə çatdırıb. Bildirib ki, qazi tələbə və məzunların hər birinin problemi ayrıca müzakirə olunub və həlli istiqamətində müvafiq qərar qəbul edilib.

 

Görüşdə tələbə və məzunları, eləcə də onların valideynlərini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.  

 



18.01.2021 | 12:17