BMU aliminin tədqiqat işi impakt faktorlu jurnalda

Bakı Mühəndislik Universitetinin (BMU) mühəndislik fakültəsinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Mirzəyevin məqaləsi “Springer” nəşriyyatında çap olunan impakt faktorlu “Lecture Notes in Mechanical Engineering” (Mexanika mühəndisliyi mühazirələri) jurnalında yayımlanıb.

 

BMU-dan bildirilib ki, “Dişli çarx mexanizmlərində vibrasiyanın eksperimental xarakteristikalarının Taquçi üsulu ilə tədqiqi” adlı məqalənin həmmüəllifləri BMU-nun məzunları-hazırda ARDNŞ Abşeronneft ASC-də çalışan Anar Xəlilov və  İtaliyanın Milan Politexnik Universitetində magistratura təhsili alan Rəşad Vəlili, həmçinin Türkiyənin Nişantaşı Universitetinin professoru Yusuf Şahindir. Geniş tədqiqat işinin bir hissəsi hesab olunan təcrübələr dosent H.Mirzəyevin ideya və rəhbərliyi altında BMU-nun Mexanika mühəndisliyi laboratoriyasında aparılıb.

 

Məqalədə dişli çarx reduktorlarında dişin forma və quraşdırma xətalarının sürətdən və fırlanma momentindən asılı olaraq mexanizmin vibrasiya parametrlərinə təsiri analiz edilib.

 

Təcrübələr Almaniyanın “GUNT” şirkətinin kompüter dəstəkli avadanlıqlarında yüksək dəqiqliklə aparılıb. Eksperimentin planının qurulmasında və nəticələrin riyazi-statistik analizində müasir metod kimi Taquçi üsulundan istifadə olunub. Bu tədqiqat işinin nəzəri hissəsinin də gələcəkdə nüfuzlu beynəlxalq jurnallarda nəşri gözlənilir.

 

Tədqiqat işinin geniş olduğu nəzərə alınaraq gələcəkdə digər növ dişli mexanimlərin və yeni nəsil reduktorların da müxtəlif şərtlər altında istismar xarakteristikalarının yaxşılaşdırılması istiqamətində eksperimental və fundamental tədqiqatların aparılması planlaşdırılıb.

 

Qeyd edək ki, adıçəkilən məqalə bir müddət öncə Belçikanın Gent Universitetində keçirilən “Yorulma və yeyilmə nəticəsində dağılma” (FFW 2020 - The 8th International Conference on Fracture Fatugie and Wear. http://www.ffwconf.org/2020/)  adlı nüfuzlu beynəlxalq elmi konfransa təqdim edilib.



18.01.2021 | 15:00