“BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır”

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev  Prezidentin Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Medianın İnkişafı Agentliyinin yaradılmasını əhəmiyyətli hadisə adlandırıb.

 

Onun sözlərinə görə, belə bir agentliyin yaradılması ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsinə, medianın fəaliyyətini daha çevik və məhsuldar şəkildə yenidən təşkil etməyə imkan verəcək.

 

“Yeni medianın hüquqi tənzimlənməsi mexanizmlərinin hazırlanması baxımından da agentliyin üzərinə vəzifələr qoyulub. Agentlik, eyni zamanda, onlayn mediada mövcud nizamsızlığı və mətbuat azadlığından sui-istifadə hallarının da aradan qaldırılmasında önəmli rol oynayacaq. Nəzərə almaq lazımdır ki, bu gün ölkə mediasında çalışanların heç də hamısı ixtisasca jurnalistlər deyil və bu sahəyə maraq çox olduğundan həvəskar axını da böyükdür. Bu isə bir çox hallarda xəbər standartlarına əməl edilməməsi, müxtəlif dezinformasiya və feyk xəbərlərin yayımlanması, hətta peşə norma və prinsiplərinin pozulması ilə nəticələnir, təsadüfi insanların mediaya gəlişi ilə Azərbaycan milli mətbuatının dəyərlərinə və jurnalistikanın ali fəlsəfəsinə zidd olan “reket jurnalistika” kimi neqativ halların mövcudluğuna səbəb olur. Bu baxımdan, məhz vətəndaş jurnalistikası kimi müasir dövrümüzün reallığından çıxış edərək jurnalistikaya həvəsi olan, gələcəyini bu peşə ilə bağlamağı arzu edən, lakin müəyyən səbəblərdən bu ixtisas üzrə ali təhsil ala bilməyən gənclərin maarifləndirilməsi, peşəkar jurnalist kimi yetişmələri üçün müxtəlif seminar və təlimlərin təşkil edilməsi xüsusilə vacibdir.

 

Burada başqa diqqət yetirilməli vacib məsələ, mediada çalışan həmkarlarımızın yeni peşə standartlarına bələd olmaları, baş verən yenilikləri tətbiq etmək bacarıqlarına yiyələnmələri, mütəmadi şəkildə peşə vərdişlərini təkmilləşdirmələri, ixtisaslarını artırmaları ilə bağlıdır. Bildiyimiz kimi, media hər zaman dinamik və dəyişkən bir sahə olub. Texnologiyalar inkişaf edir, jurnalistikanın siması dəyişir, çevik, rəqəmsal, konvergent jurnalistika formalaşır. Artıq ənənəvi KİV getdikcə öz yerini yeni mediaya verir. Janrlar dəyişir, jurnalistikanın prinsipləri, jurnalistikanın fəlsəfəsinə baxış yenilənir. Bu baxımdan ixtisasla bağlı təkmilləşdirmə kurslarının mütəmadi olaraq təşkil edilməsi də əhəmiyyətli məqamdır”-deyə V.Əliyev bildirib.

 

Fakültə dekanı agentliyin nizamnaməsində media sahəsində mütəxəssislərin hazırlanması istiqamətində əlavə təhsilin təşkili məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulmasını müsbət hal kimi qiymətləndirib. Bildirib ki, ali jurnalistika təhsilinin ocağı olan, öz dəyərlərinə sadiqliyi ilə seçilən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi də bu məsələlərdə Medianın İnkişafı Agentliyinə dəstək verməyə hazırdır və bunun üçün fakültədə mükəmməl texniki baza mövcuddur.

 

V.Əliyev agentliyin öz fəaliyyəti ilə medianın tərəqqisində əhəmiyyətli rol oynayacağına, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına böyük dəstək verəcəyinə inamını ifadə edib. Vurğulayıb ki, bu dəstək mediada müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, XXI əsrin çağırışlarına cavab verən peşəkar medianın formalaşmasına gətirib çıxaracaq, ümumən medianın nüfuzunu daha da artıracaq.

 



18.01.2021 | 16:02