Yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyəti

Yaradıcı gənclər tərbiyə etmək məktəb qarşısında duran mühüm vəzifələrdəndir. Qabiliyyət, istedad hər bir şagirddə ola bilər. Təlim prosesi nə qədər məqsədəuyğun qurulsa, şagirdin istedadı da bir o qədər tez üzə çıxar və inkişaf edər. Deməli, hər bir şagirdin sirli, qəribə dünyasına ilkin olaraq müəllim daxil olur. Müəllim şagirdin qabiliyyətini düzgün müəyyənləşdirməkdə, ona fərdi yanaşmaqda, inkişafına düzgün istiqamət verməkdə yardım göstərir. Bütün bunlar müəllimlərdən hər hansı fənnin tədrisində işini yüksək səviyyədə qurmağı tələb edir. Mənim fikrimcə, humanitar fənləri tədris edən müəllimlər daha böyük əzmlə bu işə meydan verməlidirlər.

 

20 ildir ki, Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Pedaqoji fəaliyyətə başladığım ilk gündən işimə məsuliyyətlə yanaşmışam. Təlim keyfiyyətini yüksəltməyə çalışan hər bir müəllim şagirdlərə fərdi yanaşmağı həmişə üstün tutmalıdır. Bu gün istedadlı şagirdləri üzə çıxarmaq və onlardakı bu qabiliyyəti inkişaf etdirmək üçün müxtəlif metodlar mövcuddur. Bunların içərisində şagirdlərin tədqiqatçılığa cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün ilk növbədə hər şagirdin istedadının, qabiliyyətinin məhz hansı sahəyə olduğunu müəyyən etmək lazımdır. Şagirdlərin bütün xüsusiyyətlərini nəzərə alaraq onların yaradıcılıq qabiliyyətinin üzə çıxarılması üçün tədqiqatçılığa cəlb olunması faydalıdır.

 

Tədqiqatçılıq qabiliyyətinin düzgün istiqamətdə inkişafı gələcəkdə şagirdi böyük uğurlara aparıb çıxara bilər.

 

Şagirdlərdə tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün hər hansı yollardan, metodlardan istifadə faydalıdır. Təcrübəmdən bilirəm ki, bu işdə müasir interaktiv təlim metodlarından istifadə etmək daha uğurlu nəticələrə gətirib çıxarır.

 

Məsələn, layihə metodu bu işdə özünü daha çox doğruldur.

 

Tədqiqatçı şagird müstəqil olmalıdır. Şagird öz düşündüyünü sərbəst deməli, səhv olacağından çəkinməməlidir. Müstəqillik şagirdin gələcəkdə sərbəst söz, fikir demək qabiliyyətini üzə çıxarır. Bu, həm dil, həm də ədəbiyyat dərslərində tədqiqatçılıq imkanlarına geniş yol açır.

 

Fənlərarası əlaqə şagirdlərin tədqiqatçılıq qabiliyyətini ya hər iki fənn istiqamətində inkişaf etdirə bilər, ya da şagird özü üçün hansı fənnə dərindən yiyələnmək istədiyini, hansı fəndə özünü daha çox təsdiq edə biləcəyini kəşf edər.

 

VIII sinifdə C.Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsini tədris edərkən şagirdlərə bu hekayə üzrə çəkilmiş şəkillər tapşırılarsa, nəticədə həvəslə bir rəsm nümayişi yarana bilər.

 

“Cümlə” bəhsini tədris edərkən “Xalq mahnılarında sadə cümlənin növləri” mövzusu ayrı-ayrı hissələrə bölünərək 3-4 şagirdə tapşırıla bilər. Məsələn, xalq mahnılarımızda nəqli, sual, əmr, nida cümlələrinin axtarışı ayrı-ayrı şagirdlərə tapşırılır. Beləliklə, müxtəlif materiallar alınır.

 

Nəticədə şagirdlər Azərbaycan dilini mənimsəməklə yanaşı, həm də şifahi xalq ədəbiyyatının bir növü olan xalq mahnıları ilə dərindən tanış olur, şifahi xalq ədəbiyyatındakı sadə və dərin mənaları tapa bilirlər. Dərs prosesində şagirdi tanıdıqdan, onun hansı qabiliyyətə, istedada malik olduğunu müəyyənləşdirdikdən sonra sinifdənxaric tədbirlərə cəlb edirəm.

 

Belə tədbirlərin əsasını isə ədəbiyyat, dram dərnəyi və müxtəlif yazılar, müsabiqələr təşkil edir.

 

Ümumiyyətlə, məktəbdə ədəbiyyat dərnəyinin olması istedadlı şagirdlər üçün vacibdir. Belə şagirdləri ayrı-ayrı fənn müəllimlərinin “kəşf etməsi” azdır, həm də onları bütün kollektivə təqdim etmək, tanıtmaq lazımdır ki, gələcəkdə cəmiyyətin önündə gedə bilsinlər. Hər hansı bir yolun, metodun vasitəsilə şagirdləri tədqiqata cəlb etmək işinə ilk növbədə, müəllim böyük həvəs göstərməlidir. Humanitar fənn müəlliminin özü də tədqiqatçı olmalıdır.

 

Şagirdlərin şifahi və yazılı nitq vərdişlərinin inkişaf etdirilməsi onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması ilə sıx bağlıdır. Şagirdin müstəqil fikir yürütməsi, öz dünyagörüşü çərçivəsində hadisələrə göstərdiyi ən bəsit münasibət belə biz müəllimlər tərəfindən dəstəklənməlidir.

 

Pedaqoji prosesdə şagirdlərin şəxsiyyət kimi yetişdirilməsi, ilk növbədə, tədris olunan fənlərin imkanlarından bacarıqla istifadə olunmasından asılıdır. Tədris olunan bütün fənlər üzrə dərslərdə müəllimin qarşısındakı başlıca vəzifə standartlara müvafiq, məqsədlərə uyğun əqli nəticələrə şagirdləri yönəltməkdir. Tədris materialı üzrə şagirdləri düşünməyə yönəltmək, dərketmə və düşünmə üzrə onlarda təfəkkürün inkişafını təmin edib, əqli nəticələr çıxarmağa sövq edir.

 

Yaradıcılıq qabiliyyətlərinin inkişafı şəxsiyyətin inkişaf mərhələlərindən keçir, təşəbbüskarlıq, qərarların qəbulunda müstəqillik, özünü azad ifadə etmə vərdişləri özünəinam oyadır.

 

Hər bir müəllim tədqiqatçılığı ilə seçilməli, özünün pedaqoji fəaliyyətinə yaradıcı bir peşə adamı kimi yanaşmalıdır.

 

Həyatda hər bir məqsədin bir nəticəsi olduğu kimi onun qiymətləndirilməsi də vacib əməllərdən biridir. Təlim prosesinin təşkili “öyrənənlərin marağına uyğun olmalıdır” prinsipini əsas götürüb onu da qeyd edirəm ki, öyrənənin ilkin qiymətləndirilməsinin zərurəti ondan irəli gəlir ki, onun maraqlarını duymaq lazımdır. Öyrənənlərin maraqları tam fərqli istiqamətə yönəlmiş ola bilər. Biz bir pedaqoq kimi onların maraqlarının təhsilə yönəlməsinə yardımçı olmalıyıq. Tapşırıqlar hazırlanarkən məntiqi, tənqidi, yaradıcı təfəkkürün və hafizənin inkişafı nəzərə alınmalıdır.

 

Müəllim və şagirdə verilən 45 dəqiqəlik dərs vaxtı tədqiqatçı şagirdlər və müəllimlər üçün məhdud zamandır. İstedadlı və tədqiqatçı şagirdlər müxtəlif dərnəklərdə, disputlarda, şagird elmi cəmiyyətlərində birləşməli və qabiliyyətlərini orada inkişaf etdirməlidir. Belə şagirdlərin gələcəyinə inanmaq olar.

 

Məktəbimizin şagirdləri müxtəlif müsabiqələrdə daim fəal iştirak edirlər. Valideynlər də öz növbəsində övladlarının yaxşı oxumasında və onların milli ruhda formalaşmasında pedaqoji kollektivə yaxından köməklik göstərir. Doğrudan da, yeni təlim üsulları şagirdlərdə əyaniliyin təmin olunmasına şərait yaradır, mükəmməl bacarıqların əldə edilməsinə geniş imkanlar açır. Fədakar müəllimlər, tərbiyəçilər, alimlər inanırlar ki, onların ən yaxşı təhsil və tərbiyə almış, yüksək intellektə və yaradıcılıq qabiliyyətinə malik şagirdləri yeni dünya yaradacaqlar.

 

Müəllim-şagird münasibətləri təlim prosesinin barometridir. Onun vasitəsilə müəllim və şagird fəaliyyəti barədə, eləcə də öyrənmə işinin xarakteri haqqında tam məlumat almaq mümkündür. Gələcəkdə də bu iş davam etdirilməlidir. Lakin əsas şərt ondan ibarətdir ki, respublikamızda demokratik təhsil quruculuğu dövründə müəllim-şagird arasında qarşılıqlı fəaliyyət şəraiti yaranmışdır.

 

Təhsildə demokratik ənənələr gücləndikcə bu fəaliyyət daha da artır, keyfiyyətli təhsilin atributuna çevrilir. Dərsdə bütün şagirdlərin fəallığının təmin olunması müəllimin bələdlilik fəaliyyətindən asılıdır. Şagirdin öyrənməyə və problemi həll etməyə həvəsini saxlamaq müəllimdən peşəkarlıq tələb edir.

 

Bugünkü təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Beləliklə, şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı çox mühüm amildir. Şagirdlərdə yaradıcılıq qabiliyyətinin olması onların şəxsi ifadə tərzini istiqamətləndirərək, müstəqil düşüncəsini inkişaf etdirir.

 

Çağdaş dünyamızda hər bir fərdin yaradıcı olması, öz bacarığından çıxış edərək yeni fikir, ideya yaradıb, onu həyata tətbiq etməsi önəmlidir.

 

Asiya QƏNİYEVA, 

Salyan şəhər 4 nömrəli tam orta  məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi



08.06.2018 | 16:49