BDU-da Qarabağ və ətraf rayonların sosial-iqtisadi inkişaf perspektivləri müzakirə olunub

Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsi, Bakı Biznes və Kooperasiya Kolleci və eduscience.az elm və təhsil mərkəzinin birgə təşkilatçılığı ilə vebinar keçirilib.

 

BDU-dan bildirilib ki, tədbir işğaldan azad olunmuş regionların təbii ehtiyat potensialı və sosial-iqtisadi inkişaf perspektivləri mövzusunda təşkil edilib.  Onlayn vebinarda erməni işğalçılarının 30 il ərzində qədim Qarabağ torpaqlarını - kənd və qəsəbələrimizi, böyük tarixi şəhərlərimizi viran qoyduğu, infrastrukturu dağıtdığı, təbii sərvətləri talan etdiyi bildirilib. Lakin bu talanlara, vəhşiliklərə baxmayaraq, Azərbaycan dövləti işğaldan azad edilmiş əraziləri yenidən bərpa etmək, Qarabağ torpaqlarına yeni nəfəs vermək, həmin ərazilərdə geniş miqyasda iqtisadi, sosial layihələr həyata keçirmək əzmindədir.

 

BDU-nun coğrafiya fakültəsinin professoru Çingiz İsmayılov və dosent Vüqar Dərgahov çıxışlarında Qarabağın çox zəngin təbii ehtiyatlara malik olduğunu, region iqtisadiyyatının bərpası və yenidən qurulmasının Azərbaycan iqtisadiyyatına təkan verəcəyini xüsusi vurğulayıblar.

 

Ç.İsmayılov fakültənin magistratura pilləsində ərazi planlaşdırılması və rayon planaalınma ixtisasını bitirən magistrlərin bu prosesə cəlb edilməsinin əhəmiyyətinə diqqət çəkib.

 

Sonra coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova çıxış edərək Dağlıq Qarabağ və ətraf ərazilərin zəngin təbii resurslara, yüksək iqtisadi potensiala və inkişaf perspektivlərinə malik olduğunu qeyd edib.

 

Vebinar mövzu ətrafında müzakirələrlə başa çatıb.

 

 



19.01.2021 | 10:45