“İşlədiyim məktəbdə uzun müddət qalmaq fikrindəyəm”

Şəki rayon Çeşməli kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayan Turanə Məmmədova Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə 50 bal toplayıb. Gənc müəllim peşəsinə olan sevgisindən söz açaraq söhbətimizə körpü saldı. 

 

- Turanə xanım, zəhmət olmasa, özünüzü təqdim edin.

 

- Mən 1995-ci ildə Şəki rayon Baş Göynük kəndində anadan olmuşam. 2001-ci ildə Yeni Göynük kənd tam orta məktəbinin 1-ci sinfinə getmişəm. 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub, 2017-ci ildə universiteti bitirmişəm.

 

- Müəllim olmaq istəyiniz necə yaranıb?

 

-  Yəqin bu seçimimdə və istəyimdə mənə həvəslə və yüksək bacarıqla dərs deyən müəllimlərimin rolu əvəzedilməzdir. 6-cı sinifdə coğrafiyanın tədris olunması ilə o fənnə xüsusi sevgi yarandı məndə. İlk anlarda öyrənmə istəyi, ardınca isə sevdiyin fənnin müəllimi olmaq, öyrətmə istəyi formalaşmışdır.

 

- Şagirdlərlə ilk gün necə keçdi, onların sizə münasibəti necə idi?

 

- 15 sentyabr 2017-ci il bir çoxları üçün adi bir gün, mənim üçün isə müəllim olmaq yolunda atdığım çətin addımların nəticəsini yaşadığım gün idi.  Məktəbin pedaqoji heyəti, şagirdlərlə tanış olduğum o məğrur, bir o qədər qürurlu bir gün. Əlbəttə, bütün yeni işə qəbul olmuş müəllimlərdə olduğu kimi, məndə də həyəcan var idi. Məktəbə daxil olduğum an şagirdlərin artıq yeni coğrafiya müəllimlərini qəbul etdiyini gözlərindəki sevincdən müəyyən etmək olardı. O saf baxışlarındakı müəllim sevincini görmək və dillərindən çıxan “müəllim” sözünü eşitmək mənə seçdiyim peşənin qürurunu bir daha yaşatdı. Və həmin an yaşadığım həyəcan hissini unutdum.

 

- Ailənizin və yaxınlarınızın sizin bu kəndi seçməyinizə münasibəti necə oldu?

 

- Təbii ki, bütün seçimlərimdə dəstək mənim ailəm və yaxın bildiyim müəllimlərim olub. Ailəm və yaxınlarım mənə təkidlə başqa peşəyə getməyi yox, seçdiyim və sevdiyim peşənin arxasınca getməyi məsləhət biliblər. Bu seçimdə ən böyük dəstəkçilərim ailəm və sinif rəhbərim  və  müəllimlərim olub.

 

- Kənd məktəbində uzun müddət müəllim kimi çalışmaq fikriniz varmı?

 

- Müəllimlik sevgisi qəlbdən gəlməli, dərs üçün daxil olduğun hər sinifdə sevgi, istək, böyük həvəs, yorğunluq bilmədən böyük əzmlə öyrətməyi bacarmaqdır. Sevdiyin fənni sevdirmək, bildiyin məlumatı çatdıra bilmək böyük qürurdur. Bunlar olduqdan sonra işlədiyim məktəbin kənddə və ya şəhərdə olmasının mənim üçün bir əhəmiyyəti yoxdur. Vakansiya seçimində etdiyim Çeşməli kənd tam orta məktəbinin şagirdləri o qədər yüksək tərbiyəyə, bacarıq və istedada  sahibdirlər ki, buna görə də  işlədiyim məktəbdə uzun müddət qalmaq fikrindəyəm.

 

- Turanə xanım, çox vaxt deyirlər ki, kənddə oxuyan uşaqların dünyagörüşü az olur və dərslərə həvəslə yanaşmırlar. Sizcə, bu iddialar nə qədər doğrudur?

 

- Kənddə oxuyan şagirdlərin dünyagörüşünün aşağı olması və dərslərə həvəssiz yanaşmaları fikri ilə razılaşmıram. Doğrusu, müəllimlik fəaliyyətimə başlayana qədər mən də bu fikirdə idim. Amma  keçən qısa bir zamanda fikrimin yanlış olduğunu gördüm. Dünyagörüşlərində, həyata baxışlarında müəyyən fərqlərin olması fikri ilə razılaşmaq olar. Amma “kənddə oxuyan uşaqlar dünyagörüşsüz olurlar” fikri ilə qətiyyən razılaşmıram. O ki qaldı, dərsə həvəssiz yanaşmağa, belə deyil. Çox vaxt 5 dəqiqəlik tənəffüsü edə bilmirəm, çünki şagirdlər maraqlı suallar verirlər...

 

- Sonda, müəllim olmaq istəyənlərə nə tövsiyə edərdiniz?

 

-  Müəllim doğruluğu, ədaləti hər şeydən üstün tutmalı,  şagirdlərini sevməli və sevdirməyi bacarmalıdır.

 

Mahal MƏMMƏDOV,

Şəki Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



08.06.2018 | 18:13