ADMİU müəllimindən maraqlı əl işi- “Yüz əlli fəza qobeleni”

Ölkəmizdə hər il incəsənətin bütün sahələrində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan, paytaxt Bakı küçələrində o faciəvi günün, eyni zamanda faciəvi olduğu qədər də azadlığın ilk şanlı səhifəsini özündə əks etdirən, müxtəlif formatlı sənət əsərləri təqdim olunur.

 

 

Bu günlərdə Heydər Əliyev adına sarayda sərgilənən “Yüz əlli fəza qobeleni” adlanan dekorativ tətbiqi sənət nümunəsində də hələ uşaq ikən o faciəni gözləri ilə görmüş, qorxusu iliyinə qədər işləyən, hazırda isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin (ADMİU) rəssamlıq fakültəsinin Dekorativ tətbiqi sənət kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru olan Gülarə Salayeva 20 Yanvar şəhidlərinin xatirəsini bir daha əbədiləşdirmək üçün illərdir ürəyindən süzülüb gələn fikirləri qobelen üzərinə köçürməyə müvəffəq olub.

 

ADMİU-dan bildirilib ki,  Heydər Əliyev adına sarayla universitetin  ortaq layihəsi çərçivəsində nümayiş etdirilən, müəllif tərəfindən düşünülən kompozisiyaya verilmiş ad, sadəcə özündə riyazi sayları deyil, 150 ruhu, 150 qəhrəmanlığı, 150 mərdliyi, Vətənin azadlığı uğrunda bir gecədə, heç düşünmədən canını xalqına sipər edən 150 igid 20 Yanvar şəhidini simvolizə edir

.
İllər sonra müxtəlif format və eskizlərin nəhayətində 4D formatında icra olunan, 7 ardıcıl hissədən ibarət, ayrı-ayrı üçbucaq və dördbucaq karkasda tərtib edilmiş, 147 fəza qobelenin hər parçasının üzərində 20 Yanvar faciəsi yaşanan gecədə həlak olan şəhidlərin adları və soyadları üfüqi istiqamətdə bir-bir yazılıb və adların sonu ara-sıra qırmızı qərənfillə bitib…
Şəhidlərin adlarının ağ fon üzərində qara saplarla toxunması 150 insan taleyinin bir gecədə qaralmasının və onların adlarının yaddaşımıza qara hərflərlə yazılmasının simvoludur…

 

Müəllifin fəzada bədii toxuculuğun 4D formatına müraciət etməsi də təsadüfi deyil. Azad ola bilmək və əldə olunan azadlığı qoruya bilmək ideyası, eyni zamanda 150 nəfərin əbədi fəxri azadlığının, şəhidliyinin ən uca zirvəsi kimi fəzada dayana bilən konstruksiyalarla ifadə olunub.

 

Həndəsi fiqurlar-iti bucaqlı üçbucaq və dördbucaqlı formalar-böyükdən kiçiyə doğru davamlı şəkildə fərzi səmadan yerə doğru yönəlir. Bu həndəsi formalara da müraciət təsadüfi deyil. Tarixi hərb bayraqlarımızda bu forma güc, qüvvə, yüksəklik, əbədi müzəffərlik mənasını daşıyır.

 

150 nəfər insan da bir gecədə vətənlərinin müstəqil gələcəyi üçün bu güc simvollarının özünə çevrildi.

 



20.01.2021 | 15:15