Müəllim idi, tələbə olacaqdı, şəhidliyə yüksəldi

Müəllimliyə başlayalı 3 il olmuşdu. Bəlli idi ki, işinin peşəkarı olmaq niyyətindədi. Çox oxuyur, öz üzərində işləyirdi. Təhsilini artırmaq, şagirdlərinə daha faydalı olmaq istəyirdi. Axı, onun ixtisası müasir, ən tələb olunan, hamının öyrənmək istədiyi bir fəndir. Bilirdi ki, yetirmələrinin gələcəyi ondan asılıdır.  Ona görə də  26 yaşlı informatika müəllimi Elxan Rzayev hələ özünü, sözün əsl mənasında, müəllim saymır, tələbə olmağa hazırlaşır, təhsilini artırmağa çalışırdı. Ancaq sən saydığını say, gör, müharibə nə sayır. 44 günlük Vətən müharibəsinin yarımçıq qoyduğu daha bir həyat 2 bacının tək qardaşı, 3 bacıdan birinin nişanlısı, ata-anasının tək oğlu, onlarla şagirdin gənc informatika müəllimi Elxan Rzayev oldu.

 

Kitabı sevdi

 

Sabirabad rayonunun Qəzli kəndində doğulub böyüyüb. Sözəbaxan bir uşaq olub, deyir atası. Nə sözü-söhbəti, nə də dava-dalaşı olub tay-tuşlarıyla. Məktəb yaşı çatanda kənddəki Babək Rəhimov adına tam orta məktəbə gedib. Atası Ariz Rzayevin sözlərinə görə, vətənpərvərliyi elə həmin illərdən hiss olunmağa başlayıb. Ən çox tarix oxuyurmuş. Ədəbiyyata və ana dilinə olan həvəsi  kitabı ona sevdirib. Tarixi keçmişinə, soykökünə, dininə və dilinə bağlı bir insan kimi yetişib. Kitaba olan sevgisi kəndin yollarında səmərəsiz vaxt keçirən, tində boş-boş dayanan tay-tuşlarından uzaq salıb onu. Kitaba daha da yaxın olub.

 

 

 

 

Vətənə bağlandı

 

Məktəbi bitirən kimi Vətən borcuna öncəlik verib. İlk dəfə onda “Öncə Vətən”, -  deyib. Tovuz rayonunun Əlibəyli kəndində hərbi xidmət keçib. Rabitəçi kimi hərbi bilik və təcrübə qazanıb. Hərbi xidmətini başa vurduqdan sonra təhsili və gələcəyi ilə bağlı düşünməyə başlayıb.

 

Fidan İsmayılova nişanlısının nə qədər vətənpərvər olduğunu onu gəzməyə apardığı yerlərdən anlayıb. Söz vaxtına çəkər, deyiblər. Ötən ilin yanvarında Elxan yeni nişanlandığı Fidanı Bakıya gəzməyə gətirib. Fidan deyir ki, nişanlısı bütün tarixi yerləri gəzdirib: “Qalalara, İçərişəhərə, Bakıdakı muzeylərə apardı məni. Hər yeri ilk dəfə onunla gördüm. İlk dəfə “Şəhidlər Xiyabanı”na, Dağüstü parka getdim. Onun bayraqla bir şəkli var. Bayrağa olan sevgisi o şəkildən o qədər aydın görünür ki”.

 

Müəllimlik yolunda ilk addımlar

 

Kim olacağını bilirdi, müəllim olacaqdı. Təhsilini hərbi xidmətdən qayıtdıqdan sonra davam etdirib. Bakı Kompüter Kollecində orta ixtisas təhsili alaraq I-IX siniflərdə informatika fənni üzrə dərs demək hüququ qazanıb. Sonra müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılaraq Qaraqaşlı kənd tam orta məktəbində işə qəbul olunub. Müəllim olmaq, özü də peşəkar müəllim olmaq üçün təhsilini yetərsiz hesab edib. Ona görə də təhsilini artırmağı düşünüb, ancaq bunu işləyə-işləyə etməyin yollarını axtarıb. Odur ki, öz üzərində çalışıb. Hazırlığını bir gün də olsun, dayandırmayıb. Həm 2019, həm də 2020-ci illərdə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında  iştirak edib. 2020-ci ildə keçirilən imtahanların nəticələrinə görə, Sumqayıt Dövlət Universitetinin tələbəsi adını qazanıb. Bu tədris ilindən ali məktəb tələbəsi olacaq, informasiya və kompüter texnikası ixtisası üzrə bakalavr səviyyəsində qiyabi təhsilə başlayacaqdı. Amma...

 

Qürurla “qardaşım müəllimdir” dedim

 

2020-ci il sentyabrın 28-də Vətən onu da çağırdı. Cəbrayıl istiqamətində gedən döyüşlərə qatıldıqdan qısa müddət sonra müharibənin ilk yarasını aldı.

 

Atası ilə anası yaralı oğula baş çəkməyə gediblər. Onun istəyi ilə təndir çörəyi bişirib Ağcabədiyə apardığını deyib anası Gülnarə Rzayeva: “Özü istəmişdi, demişdi ki, sənin çörəyindən istəyirəm. Bizimlə görüşdü. Mən onun üçün narahat olduqca deyirdi ki, orda uşaqlar torpaq üstündə yatır, onların da anası var. Sanki onun qayğısına qalıram deyə günahkaram. Dedim, axı mən onlar üçün də dua edirəm, tək sənin üçün qayğılanmıram ki. İstəyirdim ki, evimin, ocağımın onsuz boş olduğunu anlasın, bir az ehtiyatlı olsun. Vətəni kimi, özünü də qorusun. Ona da imkan vermədi. Bir saat  keçmədən israr elədi ki, uzaq yol gəlmisiz, çıxın gedin. Biz də qayıtdıq. Bir az sonra eşitdik ki, yaralanmağına baxmayaraq, artıq cəbhəyə qayıdıb”.

 

Bacısı Aynurə arzularından danışır: “Toyunda oynayacaqdım. Nə qədər arzularım vardı onunla bağlı. Öz arzuları kimi mənim xəyallarım da puç oldu. Qardaşımla həmişə qürur duydum, onun varlığından güc aldım. Sonra oxudu, məktəbdə müəllim oldu, qürurla “qardaşım müəllimdir” dedim. Bir bacının gözündə qardaşın nə demək olduğunu təsəvvür edərsiz, yəqin. Mən həmişə “Elxanın bacısıyam” dedim. Bundan sonra da Şəhid Elxanın bacısıyam. Mən yaşadıqca, o da yaşayacaq”.  

 

Məktəbin direktoru Rahim Babayevin sözlərinə görə 42 balla məktəbə müəllim təyin olunan Elxan Rzayev nizam-intizamlı, nümunəvi bir müəllim idi. Şagirdlərinin sevimli müəllimi olmağı bacarmışdı: “Şagirdləri onu çox sevirdi. Onun şəhid olması hamımızı, xüsusən də şagirdlərini sarsıtdı. Ancaq əlimizdən onu unutmamaqdan başqa bir şey gəlmir. Onunla bağlı xatirə lövhəsi yaratmışıq ki, şairdlərimizə vətəni onun kimi sevməyi öyrədək. “Zəfər tarixi” adlı video konfrans da keçirdik. Şagirdlərimiz və müəllimlərimizin iştirakı ilə keçirdiyimiz bu tədbirdə Vətən üçün canından keçən hər bir  şəhidimizi andıq”. 

 

“Onun ayağı, əli, gözü olmağa hazır idim”

 

Müharibənin ailəyə vurduğu son yara bir snayper gülləsindən çıxıb, deyirlər. Bir ailənin yanan ocağını söndürən o güllə noyabrın 1-də, qələbədən 10 gün əvvəl Gülnarə və Ariz Rzayevlərin tək balasına tuş gəlib. Səhəri gün onu doğma kəndində torpağa əmanət ediblər. O günü nişanlısı Fidan heç unutmayacaq: “Mənə şəhid olduğunu deməmişdilər. Amma insanların narahatlığını, toplaşdığını görüb başa düşdüm ki, daha ciddi xəbərdir. Ölümünü düşüncələrimə yaxın buraxmaq istəmirdim. Tanrıya dua edirdim ki, əlini, ayağını, hətta gözlərini itirsin, həyat yoldaşı mən olacağamsa, razıyam, onun ayağı, qolu, gözü olaram mən. Təki nəfəsi olsun”.

 

Ancaq o, şəhid olmağa üstünlük verdi. Sabirabad rayonunun Qəzli kəndinin ilk şəhidi  deyil. İndiyədək Qarabağ uğrunda 12 şəhid verib bu kənd.

 

Xatırladaq ki, qəhrəman müəllim Elxan Rzayev ölümündən sonra 3 - “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

Ruhiyyə DAŞSALAHLI



22.01.2021 | 12:47