Muğam - genetik kodumuz

Pedaqogika elmləri doktoru, professor, Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü, Bakı Elm-Təhsil Mərkəzinin prezidenti, bir sıra adlı mükafatlar laureatı, “Pedaqogika” jurnalının təsisçisi və baş redaktoru, son illərdə nəşr olunan “Pedaqogika”, “Korreksiya pedaqogikası”, “Müqayisəli pedaqogika”, “Ali məktəb pedaqogikası”, “Ümumi pedaqogika” kimi çox nadir və dəyərli dərs vəsaitlərinin, 100-dən artıq iri həcmli əsərlərin tədris proqramlarının, 500-dən çox elmi-metodik məqalənin, müxtəlif məzmunlu ssenarilərin, pyeslərin və digər bədii yaradıcılıq nümunələrinin müəllifi Fərahim Sadıqov, sözün həqiqi mənasında, geniş yaradıcılıq diapazonu ilə nümunədir.

 

Muğamlarla köklənən bu işığın axarında ötən anlara nəzər saldıqca iftixar hissi keçirirsən. İstər-istməz ürək, qəlb genişliyi ilə bu sözləri dilə gətirirsən: nə yaxşı ki vətən elminin, milli-mədəniyyətimizin tərəqqisi naminə çalışan ziyalılarımız, alimlərimiz çoxdur. Onlardan biri də pedaqogika elmləri dokroru, professor Fərahim Sadıqovdur. Bu yazıda biz F.Sadıqovun geniş, çox əhatəli yaradıcılığı haqqında oxuculara ətraflı məlumat vermək niyyətində deyilik. Məqsədimiz sazlı-sözlü xalqımızın bədii təfəkkür enerjisi ilə yaratdığı muğamlara, solmaz sənət incilərinə həsr etdiyi yaradıcılığının əsas mahiyyətini nəzərə çatdırmaqdır. Professor Fərahim Sadıqovun tarixi, müxtəlif qaynaqlar əsasında yazıb çap etdirdiyi “Azərbaycan muğamları” adlı elmi-pedaqoji əsəri təhsil və tərbiyəvi əhəmiyyəti ilə çox böyük maraq doğurur. Bu əsər ilk dəfə 2011-ci ildə “Maarif” nəşriyyatı tərəfindən çap edilərək elmi-pedaqoji ictimaiyyətə, sənət bilicilərinə təqdim olunub. Buna baxmayaraq, incəsənət təmayüllü universitet və kolleclərdə, ixtisas məktəblərində, muğamların tədrisi sahəsində elmi-metodik təminata çox böyük ehtiyac olduğu nəzərə alınmış, “Gənclik” nəşriyyatı tərəfindən 2016-cı ildə təkrar nəşr edilmişdir. Bu sahədə tədqiqatlarını ən mötəbər mənbələr əsasında inamla davam etdirən F.Sadıqov əsərin rus dilində tərcüməsinə də nail olmuş, geniş oxucu kütləsinə-sənətsevərlərə çatdıra bilmişdir.

 

“Muğam folkloru-muğam dünyagörüşü”, “Muğam dünyagörüşü və onun elmi-pedaqoji, psixoloji əsasları”, “Muğam ünsiyyəti insanların bir-birini qavraması prinsipi kimi”, “Muğamlar estetik tərbiyənin mühüm vasitəsidir”, “Muğam ifaçılığının yolu məktəbdən başlayır”, “Muğam bədii yaradıcılıq qabiliyyətinin məhsuludur”, “Bədii yaradıcılıq qabiliyyəti anlayışının mahiyyəti” bölmələrinin hər birində həmkarımızın tədqiqatçılıq məharəti, sələf və xələflərin ənənələrinə, yaradıcılıqlarına sadiqlik nümunəsi, təhlil və ümumiləşdirmə bacarığı parlaq şəkildə nəzərə çarpır.

 

Milli musiqi sənətimizin onurğa-fəqərə sütunu sayılan muğamlarımıza təəssübkeşliklə yanaşan, 2005-ci ildən bəri müntəzəm keçirilən muğam ifaçılığı müsabiqələrinin mütəşəkilliyinə çox böyük diqqət və qayğı göstərən Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın: “Muğam bizim həyatımıza ilham verən və eyni zamanda, hər birimizin ruhunu oxşayan ecazkar aləmdir. Bu hamımızın zənginliyi deməkdir” sözləri həmin əsərin epiqrafı kimi səciyyələnir.

 

Professor F.Sadıqov illərdən bəri apardığı tədqiqat işlərinə əsaslanaraq muğamların hissi-emosional, psixoloji təsir xüsusiyyətləri haqqında gəldiyi qənaətləri inandırısı fikir və müddəalarla nəzərə çatdıraraq qeyd edir ki, pedaqoji ədəbiyyatda şagirdlərin dünyagörüşünün formalaşmasında qarşılıqlı münasibətlər və ünsiyyətin rolu məsələsinə az yer verilmiş, bu məsələnin psixoloji xüsusiyyətləri, habelə bir muğam janrı ilə bağlı örnək nümunənin öyrənilməsinə önəm verilməsi az işıqlandırılmışdır. Bunları nəzərə alaraq biz həmin məsələ haqqında ətraflı danışmağı vacib hesab etmişik ki, muğam vasitəsilə ünsiyyət qurmaq, bu ünsiyyət prosesində zəngin dünyagörüşü əldə etmək üçün çox geniş imkanlar mövcuddur. Hər hansı bir mövzunun tədrisi prosesində diqqəti bu məsələyə yönəltmək olar.

 

F.Sadıqov muğamların uşaq, yeniyetmə, məktəbli şəxsiyyətinin mənəvi zənginliyində, ünsiyyət mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını ilk dəfə nəzərə çatdırır:

 

“Muğamın hansı bir xarici dildə ifa olunmasından asılı olmayaraq, o, insana yeni dünyagörüşü qazandırır. Musiqi məşğələləri ilə yanaşı, digər humanitar fənlərin tədrisi prosesində muğamlar haqqında verilən məlumatlar ən zəruri dünyagrüşü qazanmağa imkan yaradır. Muğam dünyagörüşü əldə etmək üçün hətta xarici dil dərslərinin də imkanları genişdir. Xarici dil dərslərində muğamlar haqqında verilən məlumatlar öyrənənlərin bədii zövqünü inkişaf etdirməklə yanaşı, onlara yeni terminlərin öyrədilməsi üçün şərait yaradır. Bu da şagirdlərə yeni dünyagörüşü verir. Xarici dil dərslərinə xarici dilin öyrənilməsində muğamlarla bağlı məlumatların daxil edilməsi digər millətlərdən olanları da Azərbaycan xalqına məxsus olan bu milli dəyərlərlə yaxından tanış edir”.

 

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin səbrli-təmkinli siyasəti, iradəsi, cəsarəti, hərbi-məharəti, zərgər dəqiqliyilə verdiyi göstərişləri sayəsində düşmən tapdağından azad edilən Qarabağımızda bundan sonra da nadir boğazlara, yəni vokalizasiyalara məxsus olan müğənnilərimizin yetişməsinin şahidi olacağıq.

 

Təsadüfi deyil ki, Qarabağı Şərqin Konservatoriyası  adlandırırlar. Mənim fikrimcə, Qarabağ həm də Şərqin Muğam Akademiyasıdır. Qarabağın Muğam Akademiyası möhtəşəm Qələbəmizdən sonra daha çox dünya şöhrətli mədəniyyət xadimlərini və Qarabağ bülbüllərini yetişdirəcəkdir.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dili ilə desək, “Bizim üçün muğam bir növ genetik koddur. O, dilimiz, incəsənətimiz və ədəbiyyatımızla yanaşı durur”.

 

Arzu edərdik ki, “Azərbaycan muğamları” tədris vəsaiti əsasında “Muğam pedaqogikası” yaradılsın. Əslində, bu arzunun gerçəkləşməsi üçün müəllifin yaradıcılığında kifayət qədər elmi potensial mövcuddur. Onlardan biri F.Sadıqovun televiziya verilişlərində muğamlarla bağlı hazırladığı ssenarilər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Hələ ötən əsrin səksəninci illərində görkəmli bəstəkarımız, professor Oqtay Rəcəbovun “Məktəblilərin musiqi kulubu” adı altında məktəblilərə təqdim olunan verilişlərdə bütün muğamlar F.Sadıqov tərəfindən təhlil olundu. Hətta bu verilişlərin bir neçəsini F.Sadıqov görkəmli bəstəkarımız, akademik Arif Məlikovla birgə təhlilə cəlb etdi. Həmin verilişlərdə F.Sadıqov muğam dəstgahlarının, onların şöbələrinin, güşələrinin pedaqoji dəyərindən elmi ideyalar irəli sürmüşdür. Müstəqillik qazandığımız ilk illərdən etibarən Azərbaycan televiziyasının “Örnək” verilişinin aparıcısı olan professor F.Sadıqov “Muğam dəstgahları və onların tərbiyəvi əhəmiyyətləri” adlı silsiləli verilişləri xalqımıza təqdim etmişdir. Bu verilişlərdə də F.Sadıqov muğamlarımızın tərbiyəvi əhəmiyyətini, onların ümumtəhsil məktəblərimizdə tədris olunmasının faydalı cəhətlərini, eləcə də yetişən nəslin əxlaqi-mənəvi keyfiyyətlərinin formalaşdırılmasında muğamlarımızın bənzərsiz rol oynadığını elmi-pedaqoji cəhətdən əsaslandırdı. Muğamlarımızın elmi-pedaqoji cəhətdən əsaslandırılmasına dair F.Sadıqovun elmi ideyaları onun bir çox məqalə və kitablarında da yer alır. Məsələn, professor F.Sadıqovun “Uşaqların bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması işinin elmi-pedaqoji əsasları” (1994) adlı monoqrafiyasında belə bir fəsil var: “Şagirdlərin bədii yaradıcılıq  qabiliyyətlərinin inkişafı üzrə aparılan işlərin təlim fənləri ilə əlaqələndirilməsi imkanları”. Bu fəsildə F.Sadıqov fənlərin tədrisi prosesində muğam mədəniyyəti nümunələrindən istifadənin elmi-pedaqoji əsaslarını şərh edir. Göstərir ki, proqramda verilmiş rəng və dəramədlərin dinlənilməsinə xüsusi diqqət yetirmək lazımdır.

 

Monoqrafiyada muğamların tədrisi, onların pedaqoji dəyəri açıqlanarkən şagirdlərin yaş, fərdi xüsusiyyətləri və qavrama qabiliyyətləri nəzərə alınmaqla onların tədrisi üçün mühüm əhəmiyyət kəsb edən cəhətləri barədə məlumatların verilməsi zəruri sayılır. Belə yanaşma muğamların pedaqoji əsaslarının şagirdlərə çatdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, tədqiqatçının muğam pedaqogikası ilə bağlı fikirləri onların yetişən nəslin nümayəndələrinə öyrədilməsi üçün bir növ şərait yaratmış olur. Monoqrafiyada professor F.Sadıqov göstərir ki, proqram materiallarında “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Bayatı-İsfahan”, “İraq”, “Şüştər” muğamlarının rəng və dəramədləri uşaqları muğamları başa düşməyə hazırlamaq məqsədi daşıyır.

 

Doğrudan da, muğam böyük tərbiyə məktəbidir. Ancaq bu tərbiyə məktəbinin üstünlükləri çoxdur. F.Sadıqovun tədqiqatlarında muğamın belə tərbiyəvi məqamları elmi-pedaqoji cəhətdən çox yaxşı aydınlaşdırılır. F.Sadıqovun hər muğam dəstgahının elmi-pedaqoji əhəmiyyəti ilə bağlı dəyərli fikirləri vardır. O yazır ki, “Rast”ı muğamların anası hesab edirlər. “Rast” muğamı öz adı və səs qatarı ilə yanaşı, tonika ucalığını da zəmanəmizə qədər mühafizə etmişdir. Bu muğam bir neçə şöbə guşələrindən ibarətdir. Onlardan ən əsasları “Maye”, “Uşşaq”, “Hüseyni”, “Vilayəti”, “Şikəsteyi-Fars”(Xocəstə) şöbələridir. Bu şöbələrin hər biri özünəməxsus ciddi, təkrar olunmaz mövzuya, parlaq obrazlılığa və orijinal inkişaf tərzinə malikdir. Onların hərəsində müəyyən bədii fikir, aydın, konkret əhvali-ruhiyyə ifadə olunur. Məsələn, “Maye” şöbəsi üçün gümrahlıq, mərdlik, nikbinlik və yenilməzlik kimi cəhətlər xarakterikdir. “Vilayəti” şöbəsində daxili narahatlıq, fasiləsiz gərginləşmə, möhkəm güclü iradə özünü göstərir. “Şikəsteyi-Fars”(Xocəstə) epik bir hekayəti xatırladır, “İraq” daha dramatik xarakterə malikdir. Burada çılğınlıq, coşqunluq, sürətli, şiddətli gərginləşmə vardır. Ona görə də “İraq”, “Rast” muğamın ən yüksək inkişaf zirvəsi sayılır. “Rast” özünün çoxəsərlik inkişafı prosesində “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar”, “Dügah” kimi muğam variantlarını yaratmışdır və i. a.

 

Muğamlarla tanış olan şagird, eyni zamanda, musiqidə lad və tonallıq anlayışlarını da öyrənir. Bunun üçün müəllim hər bir muğam haqqında söhbət açarkən onun lad xüsusiyyəti və tonallığı haqqında da məlumat verməyi unutmamalıdır...

 

Bütün bunlar onu göstərir ki, F.Sadıqovun muğam yaradıcılığında, yəni muğamlarla bağlı tədqiqatlarında “Muğam pedaqogikası” ilə bağlı kifayət qədər həm didaktik mahiyyət kəsb edən, həm də tərbiyəşünaslıq baxımından diqqəti cəlb edən elmi-pedaqoji ideyalar, müddəalar, tövsiyə və məsləhətlər vardır. Onun Q.Abdulla və Q.Məmmədova ilə birlikdə hazırladığı “Azərbaycan muğamları şagirdlərin vətənpərvərlik tərbiyəsi məktəbidir” (1999) adlı kitabında Azərbaycan muğamlarının vətənpərvərlik tərbiyəsi baxımından imkanları elmi-pedaqoji cəhətdən geniş şərh edilmişdir. Yaxud F.Sadıqovun “Masallı folkloru” (2011) kitabında muğam dünyagörüşü haqqında geniş məlumat verilir.

 

Professor Fərahim Sadıqovun muğam tədqiqatlarında “Muğam pedaqogikası”nın yaradılması haqqında kifayət qədər məlumatlar vardır. Fikrimizcə, “Muğam pedaqogikası”nın yaradılması Azərbaycan muğamşünaslığına, sənətşünaslıq elminə, Azərbaycan musiqi mədəniyyətinin inkişafına, bütövlükdə götürdükdə, Azərbaycan elminin inkişafına bir töhfə olacaqdır. Çünki “Muğam pedaqogikası” Azərbaycan elminin əsas sahələrindən biri kimi həm pedaqoji elmlər sistemində, həm də fundamental elmlərin mündəricəsində özünəməxsus mühüm yer tutacaqdır.

 

Fərahim müəllimin muğama olan münasibətini məhz bu kontekstdən izan edə bilərik. Çünki professor Fərahim Sadıqovun muğamlarımıza tədqiqatçı kimi ciddi münasibət bəsləməsini qeyri-adi yanaşma tərzi kimi şərh edərkən bir məsələni də unutmaq olmaz. Unutmaq istəmədiyimiz məsələ onun muğam ifaçılıq məktəbinə məxsus olmasıdır. Kiçik yaşlarından muğam ifaçılığına sevgi hissilə yanaşan Fərahim Sadıqov istər ali təhsil illərində, istərsə də doktorantura pillələrini keçdiyi dövrlərdə Azərbaycan muğamlarının hər biri ilə bağlı ciddi tədqiqatlar aparmışdır. Onun Azərbaycan muğamları ilə bağlı apardığı orijinal tədqiqatlarını demək olar ki, hamısının nəticələri dərc olunmuşdur.  Fərahim müəllim Azərbaycan muğamlarını bütün Türküstan  muğamları, Uyğur muğamları, İran və Ərəb muğamları ilə müqayisəli şəkildə məharətlə şərh edə bilmişdir. Digər bir amil isə onun özünün yüksək muğam ifaçılığı səriştəsinə malik olmasıdır. Hər dəfə radio dalğalarından Fərahim müəllimin ifasında “Hümayun” muğamını eşidəndə onun muğam məktəbinin bir samballı dərsini dinləmiş olursan.

 

Əslində Fərahim müəllimin Azərbaycan radiosunun qızıl fondunda yer alan “Hümayun” muğamı vasitəsilə keçdiyi muğam dərsini əsl professorun dahiyanə keçdiyi bir dərs hesab edirik. Çünki Fərahim müəllim “Hümayun” muğamının “Bərdaşt” şöbəsini özünəməxsus şəkildə elə lirik üslubda təqdim edir ki, dinləyici “Bərdaştın” klassik üslubunun müasir təqdimatından zövq almaqla muğama köklənən idrakın işığından zövq alır. Muğamın mayesindəki ahı, naləni dinamik çalarlarla təqdim edən professor Fərahim Sadıqov “Feili” güşəsindəki  gəzişmələrilə dinləyicini həmin ahdan, nalədən uzaqlaşdıraraq “Şüştər”in ürəkaçan melodiyasına qovuşdurur. Hümayun sona çatanda  dinləyicilər Fərahim Sadıqovun  muğam cazibəsindən çıxaraq rahat nəfəs alır və müdrikləşirlər. Onun muğamlara köklənən idrakın işığından dinləyicilərin yoluna nur çilənir.

 

Vidadi XƏLİLOV,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü

 



22.01.2021 | 15:12