BDU-nun magistrantları: “Ötən semestr əldə edilən təcrübə öz bəhrəsini verir”

Bakı Dövlət Universitetində (BDU) koronavirus pandemiyası səbəbi ilə 2020/2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının məsafədən təşkili davam edir. Təhsil ocağında pandemiya dövründə tədrisin, imtahan sessiyasının təşkili, tələbəyönümlü qərarların qəbul edilməsi istiqamətində yaxşı  addımlar atılıb.

 

Universitetin magistratura səviyyəsində də bütün ixtisaslaşmalarda imtahanlar ali məktəb tərəfindən qəbul edilən qaydalara müvafiq olaraq onlayn qaydada şifahi formada həyata keçirilir.

 

Bəs, imtahanların gedişi, suallar və digər sessiya məqamları tələbələri qane edirmi?    

 

BDU imtahan sessiyası ilə bağlı magistrantların fikirlərini təqdim edib.

 

Filologiya fakültəsinin Azərbaycan dili ixtisası üzrə II kurs magistrantı Ülviyyə İbrahimova:

 

Artıq iki həftə tamam olur ki, imtahan sessiyası davam edir. Keçən semestrdə əldə olunan təcrübə bu imtahan sessiyasını da uğurla başa vurmağa kömək edəcək. İmtahan prosesi müəllimlərimizin bizə uğur arzulaması ilə başlayır, biletlər seçilir, tələbəyə hazırlaşması üçün müəyyən müddət verilir, tələbə dinlənilir və qiymətləndirilir. Müəllimlər tələbənin ilk cümləsindən artıq onun suala hazırlıq səviyyəsini anlayır. Müəllim və nəzarətçilər tələbənin hər sualını cavablandırır. Ümumiyyətlə, semestr ərzində də fakültə rəhbərliyi bütün məsələləri tələbələrə aydın şəkildə izah etdiyi üçün imtahanlarda demək olar ki, problemlə üzləşmirik.

 

Kimya fakültəsinin Üzvi kimya ixtisası üzrə 2-ci kurs magistrantı İlkin Süleymanov:

 

 

Qış imtahan sessiyasının təşkili formasından çox razıyam. İmtahanlar tam obyektiv və ədalətli şəkildə keçirilir. Bu sessiyada bir neçə fənndən imtahan vermişik. Müəllimlər həm semestr ərzində, həm də imtahan sessiyasında tələbələrə tam dəstək olur. İxtisas qrupu üzrə hamımız maksimum nəticə göstərdik. Fürsətdən istifadə edib tələbələrə edilən güzəştlərə və yaradılan səraitə görə universitet rəhbərliyinə təşəkkürümü bildirirəm.

 

Hüquq fakültəsinin Transmilli cinayət hüququ ixtisası üzrə II kurs magistrantı Nihad Qəyayev:

 

Artıq II semestrdir ki, biz imtahanlarmızı onlayn qaydada veririk. Ümumilikdə imtahanlar tam şəffaf və daha yeni biliklər öyrənməyə şərait yaradan bir şəkildə keçir. Bu semestrdə pandemiyanı nəzərə alaraq universitetin rəhbərliyi tərəfindən tələbələrə bir çox güzəştlər tətbiq edilib. Tələbələr imtahandan öncə imtahan suallarını əhatə edən mühazirə mətnləri ilə təmin edilib, semestr ərzində keçirilmiş mövzular üzrə müəllimlər tərəfindən tələbələrin sualları cavablandırılan konsultasiyalar təşkil olunub. İmtahan zamanı tələbələrə fikirlərini dəqiq ifadə etmək üçün müəllimlər tərəfindən şərait yaradılır. Neqativ hallar müşahidə etmirik.

 

Fizika fakültəsinin I kurs magistrantı Jalə Şükürova:

 

Bakalavr səviyyəsində təhsil alanda ənənəvi qaydada 7 semestr imtahan vermişəm. Hal-hazırda isə pandemiya ilə əlaqədar olaraq, bütün təhsil müəssisələri fəaliyyətini dayandırıb və bu səbəbdən semestr imtahanlarımı distant formada verirəm. Əvvəla onu qeyd etmək istərdim ki, iştirak etdiyim onlayn imtahanlarda xoşagəlməz halla qarşılaşmamışam. İmtahan prosesində bileti çəkdikdən sonra müəyyən qədər təkrarlamağa vaxt verilir, müəllim tələbələrin fikrini bölmür, öz suallarını sonda verir, qiymətləndirmə obyektiv aparılır. Fikrimcə, onlayn imtahanların müsbət xüsusiyyətləri çoxdur. Bu zaman fikirlərimizi şifahi nitq vasitəsilə ifadə edirik və bu da  şifahi nitqimizin inkişafına müsbət təsir göstərir. Yəni, bir tərəfdən ixtisasımız üzrə bilikləri əldə edir, digər tərəfdən nitqimizi inkişaf etdiririk. Ən müsbət cəhəti isə imtahan bitdiyi anda ballarımızı bilməyimizdir. Universitetin rəhbərliyi tərəfindən bizə bir çox güzəştlər edilib: imtahan suallarının müəyyən qədər azaldılması, 20 bal verilməsi tələbəyönümlü qərarlardandır. Bunun üçün də BDU-nun rəhbərliyinə və onlayn tədrisin təşkilində iştirak edən universitet kollektivinə öz minnətdarlığımı bildirirəm.

 

 



25.01.2021 | 10:02