BDU ilə Çinin Anhui Universiteti arasında əməkdaşlıq müqaviləsi

Bakı Dövlət Universiteti (BDU) ilə Çinin Anhui Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə iki universitet ilə BDU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu arasında ikitərəfli elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur.

 

BDU-dan bildirilib ki, sənəd həmçinin səmimi məşvərət, tam hüquqilik və qarşılıqlı səmərəlilik prinsipləri əsasında tərəflərin hüquq, öhdəlik, əməkdaşlıq qaydalarını müəyyən etmək və bununla da Konfutsi İnstitutunun uğurlu fəaliyyətini  təmin etmək məqsədi daşıyır.

 

İmzalanma mərasiminin moderatoru BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Şəms Bağırova görüşün əhəmiyyətindən, qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanan müqavilənin Konfutsi İnstitutunun inkişafına, eləcə də hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini diqqətə çatdırıb.

 

Anhiu Universitetinin rektoru Kuanq Quanqli beynəlxalq əlaqələrin universitetlərin inkişafındakı rolundan, dünyanın müxtəlif təhsil və elm ocaqları ilə birlikdə həyata keçirilən layihələr və proqramlardan bəhs edib. Azərbaycanla Çin arasında olan dostluq, ikitərəfli əməkdaşlıq əlaqələrindən də söz açıb, qarşılıqlı mübadilələrin həyata keçiriləcəyindən məmnunluq ifadə edib.

 

BDU-nun rektoru Elçin Babayev universitetin fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib. O, Çin universitetləri ilə BDU arasında  təhsil sahəsindəki ikitərəfli geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib. BDU-da tələbələrin bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını qeyd edən rektor ümumiyyətlə, ölkəmizdə son illər elm, təhsil sahəsində görülən işlərdən, nailiyyətlərdən də söz açıb.

 

Anhiu Universitetinin xarici əlaqələr üzrə prorektoru Çen Yanley, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və BDU-nun Konfutsi İnstitutunun rəhbəri Oqtay Cəlilbəyli də öz növbələrində qarşılıqlı əməkdaşlığın perspektivlərindən danışıblar.

 

Müqaviləni rektorlar- Elçin Babayev və Kuanq Quanqli imzalayıb.

 

Müqaviləyə Konfutsi İnstitutunun tələbələri üçün Çin dilinə aid yeni proqram, kurs və tədris planlarının hazırlanması, birgə tədris fəaliyyətinin təşkili daxildir.

 

Görüşdə Daşkənt Dövlət Şərqşünaslıq Universiteti, Anhui Universiteti və Bakı Dövlət Universiteti arasında üçlü diplom proqramının hazırlanması istiqamətində gələcək perspektivlər də nəzərdən keçirilib.

 

 



25.01.2021 | 17:00