Ukraynalı yazıçılar BSU-da

İyunun 8-də Bakı Slavyan Universitetində çağdaş Ukrayna ədəbiyyatının tanınmış  simaları Vladimir Danilenko və  Nikolay Xomiçlə görüş olub. Görüşdən əvvəl qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycanla Ukrayna arasında münasibətlərin qədim tarixə malik olduğunu bildirib. Ədəbiyyatın, sözün sərhədsiz olduğunu deyən rektor Azərbaycanda böyük Ukrayna şairi Taras Şevçonkonun yaradıcılığına daim diqqət yetirildiyini, əsərlərinin dönə-dönə dilimizə çevrildiyini söyləyib. N. Əliyeva xalqlarımız arasındakı çoxəsrlik  yaxın dostluq ənənəsinin bu gün də davam etdiyini, mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edib. Humanitar sahədə qurulan əməkdaşlıqda BSU-nun əhəmiyyətindən danışan rektor bildirib ki,  universitetdə 2001-ci ildə yaradılmış Ukrayna Tədris - Mədəniyyət Mərkəzi ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini verməkdədir. Rektor qeyd edib ki, hazırda universitetdə Ukrayna dilini və ədəbiyyatını öyrənən tələbələrin bu dili mükəmməl mənimsəmələri üçün Ukraynanın tanınmış universitetlərindən  müəllimlər dəvət olunur.

 

Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor  Rafiq Novruzov  BSU-nun Ukraynada fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərindən danışıb. O, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində, Poltava İqtisadiyyat və Ticarət Univeritetində, Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini, həmin mərkəzlərdə ukraynalı gənclərə Azərbaycan dili və ədəbiyyatının öyrədildiyini bildirib.

 

Qonaqlar BSU-da Ukrayna dilinə və mədəniyyətinə göstərilən diqqəti yüksək qiymətləndiriblər. Sonra ukraynalı yazıçılar BSU-ya gəlmələrinin səbəblərindən danışıblar. Ukraynanın çağdaş ədəbiyyatında öz sözünü demiş yazıçı Vladimir Danilenko “Qürub çağının işığında” və yazıçı Nikolay Xomiç “Sərdabəninin sirri” kitabının Azərbaycan dilinə tərcümə olunmasını Azərbaycanda Ukrayna ədəbiyyatına verilən dəyərin göstəricisi kimi qiymətləndiriblər. Kitabların  BSU-da geniş auditoriya qarşısında təqdimatına görə professor Nurlana Əliyevaya minnətdarlıq ediblər. Vladimir Danilenko qeyd edib ki, müəllifi olduğu “Qürub çağının işığında” adlı kitabda iki romanı və yeddi hekayəsi yer alıb. V. Danilenko kitabının Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən Azərbaycan dilinə yüksək peşəkarlıqla tərcümə olunduğunu diqqətə çatdırıb. Nikolay Xomiç “Sərdabəninin sirri”  tarixi romanından söz açaraq bildirib ki, bu roman Qərblə və Bizans sivilizasiyaları arasında seçim etmək məcburiyyətində qalan Ukrayna xalqının Kiyev Rus dövləti zamanından bu günə qədər keçdiyi məşəqqətli yoldan, çəkdiyi müsibətlərdən bəhs edir.

 

Sonra ukraynalı ədiblər BSU-da ukrayna dili üzrə təhsil alan tələbələrlə görüşüblər. Görüş çərçivəsində Vladimir Danilenkonun və Nikolay Xomiçin kitablarının təqdimatı olub.

 



10.06.2018 | 11:19