Dərslər mərhələli başlayır

Ölkəmizdə fevralın 1-dən ümumi təhsil müəssisələrində ənənəvi dərslər mərhələli şəkildə başlayır. Böyük əksəriyyət təhsilin ənənəvi formasının tam bərpasını səbirsizliklə gözləyir. Lakin pandemiya şəraiti hələ davam edir.  Dərslərin təşkilində növbəlilik məhz mövcud vəziyyətdə ehtiyatlı davranmağa, eyni zamanda müşahidəyə imkan yaradır. Təhsil və ictimaiyyət nümayəndələri məktəblərin açılması ilə bağlı nə düşünürlər?

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov ənənəvi dərslərin başlanmasını müsbət hal kimi dəyərləndirib: “Bu qərar veriləndə, əlbəttə ki, müəyyən qaydalar  da tərtib olunub.  COVID-19 virusunun aşağı yaş qrupları üçün təhlükə ehtimalının az olması artıq dünya səhiyyə mütəxəssisləri tərəfindən təsdiqlənib. Buna görə də dərslərin də məhz I-IV siniflər üzrə təşkili məntiqlidir. Lakin, məktəblərin üzərinə böyük öhdəlik düşür. Məktəb kollektivi nəzarəti gücləndirməli, şagirdlərə də izah olunmalıdır ki, xüsusi gigiyenik qaydalara riayət etsinlər. İnsanlarımız da bir-birinə qarşı ictimai yerlərdə məsuliyyətlə davranmalıdır. Hamımız həm də təhsilin geniş bərpası üçün əlimizdən gələni etməliyik. Təbii ki, sağlamlıq çox önəmlidir, ancaq təhsil almaq da ən azı sağlamlıq qədər vacibdir. Ümid edirəm, sonrakı həftələrdə yuxarı sinif şagirdləri də məktəblərə qayıda biləcəklər”.

 

 

 

Milli Məclisin üzvü Şahin Seyidzadə məktəblərin açılmasını, ənənəvi dərslərin başlanılması qərarını dəstəklədiyini ifadə edib: “Bu xəbər cəmiyyət arasında da sevinclə qarşılandı. Bildiyiniz kimi, ibtidai təhsil səviyyəsində oxuyan şagirdlər üçün distant təhsilə adaptasiya daha çətindir. Onların yaxşı təhsil alması üçün əlbəttə, məktəb mühiti əvəzsizdir. Lakin unutmamalıyıq ki, pandemiya  davam edir, xüsusən məktəb kollektivi, eyni zamanda valideynlər də çalışmalıdır ki, uşaqların gigiyenik qaydalara riayət etməsi ilə bağlı diqqətli olsunlar”.

 

Millət vəkili mövcud şəraitdə ənənəvi təhsilin təşkilində əsas prinsiplərin mərhələlilik, siniflərin tədricən açılması, insanların sağlamlığının qorunması olduğunu vurğulayıb: “Xüsusi karantin rejimində tətbiq olunan qaydalara düzgün əməl edəriksə, digər siniflərin də növbəti həftələrdə yenidən məktəbə qayıdacağına inanıram. Ümid edirəm ki, məsuliyyətli davranmaqla, birlik göstərməklə virusun tam bitməsinə nail olacağıq, onu sadəcə keçmiş tarix kimi xatırlayacağıq”.

 

 

 

Pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə də məktəblərin mərhələli şəkildə açılmasını müsbət dəyərləndirib: “Xüsusən aşağı siniflərdə təhsil alan şagirdlər distant təhsildə xeyli əziyyət çəkirlər, öyrənmə imkanları məhdudlaşır. Ona görə dərslərin tədricən bu sinif kateqoriyası üzrə başlanılması məqsədəuyğundur. Əlbəttə, bu davamlılığı təmin etmək üçün məktəblərdə gigiyena qaydaları ilə bağlı ciddi maarifləndirmə işləri aparılmalıdır. Xəstəliyin inkişaf dinamikası da izlənilməlidir. Düşünürəm ki, məsuliyyətli olsaq, qaydalara əməl edə bilsək, təhsilin tam təşkilinin bərpasına nail olacağıq”.

 

 

 

Xatırladaq ki,  fevralın 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadası, eləcə də bütün ölkə ərazisində ibtidai siniflər, məktəbəqədər hazırlıq qrupları və icma əsaslı məktəbəqədər qrupların əyani təhsili qismən başlayır. Böyük şəhərlərdə həftədə 3, digər bölgələrdə sıxlıq imkan verdikcə həftədə 4 və ya 5 dəfə olmaqla tədrisin bərpa olunması ilə bağlı qərar verilib.

 

Gülnarə İLHAM



29.01.2021 | 11:05