Müəllim idi - DİREKTOR oldu, zabit idi - QƏHRƏMAN oldu

Vətən müharibəsinin başlanması ilə əli silah tutan hər kəs hazır vəziyyətdə çağırış gözlədi. Çağırış alanlar vaxt itirmədən vətənin imdadına tələsdi. Onlardan biri də Rafiq Əzizov idi. Artq 20 ilə yaxındır ki, təhsil sistemində özünə yer edən, pillə-pillə yüksələrək məktəb direktoru olan Rafiq müəllim müharibənin nə olduğunu dərindən dərk edir, savaşmağın qaydalarını öyrənmişdi. Düzdü, öyrəndiyi qaydaları müharibə şəraitində tətbiq etməmişdi, ancaq nə edəcəyini - işin nəzəriyyəsini bilirdi. Odur ki, o, ilk çağırış alanlardan, çağırışa ilk hay verənlərdən oldu.

 

Müəllimlikdən direktorluğa pillə-pillə

 

Rafiq müəllim Vətən müharibəsinin zabiti olana qədər böyük bir həyat yolu keçib. Artıq özünü “yaşlı” hesab edir. Hər halda gənc əsgərlərlə birgə savaşmaq ona belə hiss etdirib. Əslində isə, cavan olmasa da, elə yaşlı da sayılmaz. 1978-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində doğulub. 1995-ci ildə Bakı Dövlət universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olub. 1999-cu ildən müəllimdir. Hərf öyrənməyə başladığı məktəbdə bu dəfə yüksəlməyi öyrənib. Əvvəlcə müəllim olub, sonra pillə-pillə qalxıb: “Məktəbimizdə 3 il müəllim işlədim. Sonra 3 il təşkilatçı müavin vəzifəsində çalışdım.  Daha sonra təlim-tərbiyə işləri üzrə müavin oldum. Bu vəzifədə 11 illik fəaliyyətdən sonra direktor təyin olundum. 2017-ci ildən məktəbin direktoruyam”.

 

Qəhrəman məktəb direktoru

 

Müharibə başlayanda ilk ehtiyac duyulanlardan olmasının da səbəbi vardı, çünki zabit idi. Özü də universiteti bitirən gündən: “Universitetdə hərbi kafedra fəaliyyət göstərirdi. Hərbi dərslər keçir, universiteti bitirəndə zabit rütbəsi verilirdi. Hərbi xidmətə də zabit kimi getdim və Qazax rayonunda xidmət elədim”.

 

Xidmətinin üstündən illər keçib.  O, indi, sadəcə məktəb direktoru deyil, həm də bir  qəhrəmandır. Onun qəhrəmanlığını Prezident İlham Əliyev öz imzası ilə təsdiq edib.  Belə ki, ölkə başçısı zabit direktoru  “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edib. Biləsuvar rayon Təzəkənd kənd tam orta məktəbin direktorunun qəhrəmanlıq yolu Vətən müharibəsində Füzulidən başlayıb Şuşanın bir neçə kilometrliyinədək davam edib. Uğur və qələbə dolu həmin yolu yanında partlayan minamyotun vurduğu travma yarımçıq qoyub: “Həmin döyüşdə yanımda iki minamyot partladı. Birinci minamyot düşəndə ciddi heç nə yox idi. Ancaq ikinci minamyotdan sonra ayaqlarım sözümə baxmadı”.

 

Kəllə-beyin travması ilə əvvəlcə Füzulidə, daha sonra Bakıda müalicə alan Rafiq müəllim 21 gün sonra axır ki, özünə gəlib. Müharibə bitsə də, silahdaşlarının yanına qayıdıb. Tərxis olunacağı günə - 2020-ci il dekabrın 28-dək hərbi hazırlıq vəziyyətində gözləyib.

 

Beləliklə, sentyabrın 29-dan dekabrın 28-dək taqım komandiri olub. Quru qoşun hissələrinin zabiti Rafiq Əzizov əmrində olan 28 əsgərlə döyüşdən-döyüşə girib: “Heç kim qaçmağı, geri çəkilməyi düşünmürdü. Hər kəs ancaq hücumda iştirak etməyə, irəli getməyə həvəs göstərirdi. Taqımım sona qədər döyüşdü. Hücum mövqeyindən heç çəkinmədik. Geri çəkilməyi düşünmədik belə. Yaralananımız daha çox oldu. Ancaq yaralananımızın da, şəhidimizin də yerini başqa bir qəhrəman Azərbaycan əsgəri doldurdu”.

 

Rafiq müəllim deyir ki, müharibə ilə bağlı  təəssüratları arasında daha çox orada hiss etdikləri ruh yüksəkliyi üstünlük təşkil edir: “İndi də müharibədən danışanda ancaq oradakı ovqat ağlıma gəlir. Hər kəs sanki bu müharibəni çoxdan gözləyirdi”.

 

Müharibə onu yaşamamış insanın təsəvvüründə olandan fərqlənir: “Qarabağ uğrunda gedən müharibə, torpaqlarımızın işğal altında olması reallığını görərək böyüyən bir uşaqlıq keçirdim. Məktəbdə fiziki tərbiyə müəllimim Birinci Qarabağ savaşının iştirakçısıydı. Onun müharibədən danışdığı hekayələr əsasında formalaşmış bir təəssüratım vardı. Müharibə haqqında bildiklərim, təəssüratım ondan eşitdiklərim qədər idi. Ancaq müharibə eşitdiklərimizdən çox fərqlidir”.

 

Bəs, bir müəllim üçün bu savaşda iştirakı nə qədər önəmlidir, bilirsinizmi? Rafiq müəllim deyir ki, o, bu savaşda zabitdən daha çox, müəllim kimi faydalı olub: “Vətən müharibəsində iştirakım zabit kimi bu müharibədə verdiyim töhfədən daha çox idi. Şagirdlərim, ümumiyyətlə, gənclər üçün müəllimlərinin, onlardan yaşca dəfələrlə böyük, ortayaşlı birinin öndə getməsinin əhəmiyyəti çox böyükdür. Cavanlar yaşlı müəllimlərinə baxıb nümunə götürürlər.  Hətta “Bu yaşlı müəllimimiz öndədir, mənə nə olub?”, - fikri ilə daim irəli atıldılar.Səfərbərlik günü şagirdlərimi yola salmağa gələn valideynləri mənimlə də görüşür, vidalaşırdılar. “Yaşlı adamsan, sən getmə”, - deyənlər də vardı. Ancaq mən bilirəm ki, bu müharibədə iştirakım bir müəllim olaraq, çox önəmlidir. Axı şagirdlərimiz müəllimlərini daim  qarşısında görməyə alışıblar. Nəticə ondan ibarətdir ki, biz bu müharibədə bir yumruq kimi birləşdik”.

 

Ruhiyyə DAŞSALAHLI



29.01.2021 | 14:04