ADPU-da vikipediya təlimləri layihəsinin açılışı olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsil Könüllüləri İctimai Birliyinin (TKİB) və Qorqud Vikipediya Metodiki Klubunun əməkdaşlığı ilə ADPU-nun 100 illiyi münasibətilə tələbələr üçün təşkil olunan könüllü vikipediya təlimləri layihəsi - "#VİKİADPU" nun açılış mərasimi keçirilib.

 

Tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, tanınmış ekspert, diaspora və Azərbaycanda vikipediya hərəkatının qurulmasında böyük xidmətləri olan Elnur Eltürk və TKİB-in sədri Taleh Mirzəyev iştirak edib.

 

Professor Fikrət Rzayev bu təşəbbüsün hazırkı dövrdə vacib və aktual olduğunu, ADPU rəhbərliyinin daim bu tip layihələrə dəstək verdiyini bildirib. O, təlim kursunun iştirakçılarına uğurlar arzulayaraq bu işlə davamlı və sistemli məşğul olaraq həm özfəaliyyət, həm də informasiya məkanında Azərbaycan həqiqətlərini tanıtmaq işinə töhfə verəcəklərini vurğulayıb. Qeyd edib ki, ADPU TKİB-in bu layihəsi vikipediya hərəkatının universitetlərdə yayılması baxımından önəmli bir addım və universitetlər arasında ilklərdəndir.  Bildirilib ki, təlim kursunda iki paralel sessiyada ümumilikdə 50 nəfərdən çox tələbə və müəllim iştirak edəcək.

 

Tanınmış ekspert E.Eltürk bildirib ki, bu sahədə hazırda gənclərlə çox ciddi layihələrin icrasına başlanılıb və ADPU-nun da belə təşəbbüslə çıxış etməsi  təqdirəlayiqdir. O, bu sahədə son illər ərzində xeyli işlər görülməsinə baxmayaraq, hələ də qlobal virtual ensiklopediyada kifayət qədər işlərin görülməli olduğunu, bunun üçün isə gənclərin fəallığının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Vətən müharibəsi və Qarabağ Zəfərimizin təbliği baxımından qlobal informasiya məkanında əsaslı məlumatların yerləşdirilməsi ən önəmli məsələlərdəndir.

 

Tədbirin sonunda Qorqud Vikipediya Metodiki Klubunun peşəkar təlimçisi iştirakçılarla ilkin söhbətlər aparıb, onların suallarını cavablandırıb.

 

 



03.02.2021 | 11:21