“Fevral məruzələri 2021” Beynəlxalq konfransı keçirilir

“Fevral məruzələri 2021: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda VI Beynəlxalq elmi–praktik gənclər konfransı onlayn formatda öz işinə başlayıb.

 

Konfrans “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə Azərbaycanda Gənclər Gününə və ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace 1”in orbitə çıxarılması tarixinə həsr olunub.

 

Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” ASC-nin dəstəyi ilə keçirilən beynəlxalq konfransın işinə ABŞ, Rusiya, Türkiyə, Ukrayna, İsrail, Almaniya, Çexiya, Qazaxıstan və Azərbaycandan olan 30-dan çox elm və təhsil müəssisəsini, o cümlədən 10 universiteti, 15 elmi mərkəzi, 5 dövlət qurumunu, 3 aparıcı firmanı təmsil edən 150-dən çox iştirakçı qatılıb.

 

Konfransı giriş sözü ilə açan MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Paşayevin konfrans iştirakçılarına təbrikini oxuyub.

 

Qeyd edilib ki, konfransda 8 bölmə üzrə aerokosmik sahənin, mülki aviasiya və nəqliyyat, informasiya texnologiyaları, radioelektronika, fizika, kimya, iqtisadiyyat və hüquq sahələrinin aktual problemlərinə həsr edilmiş yüzə yaxın məruzə dinləniləcək. Konfrans çərçivəsində, həmçinin “Hava nəqliyyatında təhlükəsizlik: problemlər və perspektivlər” və “Təchizat zənciri menecmentinə müasir baxış və perspektivlər” mövzularında Azərbaycanın bu sahədə tanınmış alim və mütəxəssislərinin iştirakı ilə dəyirmi masaların da keçirilməsi nəzərdə tutulub.

 

Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, məhz MAA-da aviakosmik sahə üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlığı uğurla həyata keçirilir. Yeni iqtisadiyyata keçid problemləri, regionların innovasiya inkişafının aparıcı texnologiya parkları kimi müəyyən edilməsi, ali məktəbin bu məsələnin həllində rolu və iştirakı akademiyada birinci dərəcəli məsələ kimi baxılır və bu, bizi çox sevindirir.

Plenar iclasda çıxış edən məruzəçilərin “21-ci əsr: insanlığa qlobal çağırışlar – elm hansı çıxış yolunu təklif edir”, “Süni intellekt bu gün və sabah”, “Radioelektron sistemlərdə qabaqcıl fraktal texnologiyalar”, “İsrail pilotsuz aviasiyasının yaranma tarixi”, “İnnovasiyaya sistemli yanaşma: TRİZ və innovasiya” mövzularında olan çıxışları konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.

 

Konfransda, həmçinin MAA-nın Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, professor Əhəd Canəhmədov və Almaniyadan olan soydaşımız, professor Mesud Əfəndiyev çıxış ediblər.

 

“Fevral məruzələri 2021” Beynəlxalq konfransı fevralın 4-dək davam edəcək.

 

 



03.02.2021 | 19:13