Sumqayıt Dövlət Texniki Kollecdə “Açıq qapı” günü

İyunun 11-də Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecdə  İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri,   KİV nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

 

Kollecin direktoru, dosent  Mətanət Pirquliyeva qonaqlara  rəhbərlik etdiyi kollec haqqında ətraflı məlumat verib. Bildirib ki, kollecin tələbələri ARDNŞ “Azərikimya“ İstehsalat Birliyinin Etilen Polietilen zavodu, AMEA Polimer Materialları İnstitutu, “Sumqayıt sərnişin” ASC, Sumqayıt şəhəri “Şimal” Regional Elektrikşəbəkə, Sumqayıt Şəhər Təhsil Şöbəsi, “İnter tekstil” ASC, ”Nursoft“ MMC müəssisələrində istehsalat təcrübəsində olurlar. Bu da tələbələrin gələcəkdə təcrübəli kadr kimi formalaşmasına xidmət edir.    

 

Dosent Mətanət Pirquliyeva imtahanların təşkili barədə də məlumat verərək bildirib ki, kollecdə yaz semestrinin imtahanları müvafiq təlimatlara uyğun həyata keçirilir. 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud  qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün “İmtahan qərargahı” yaradılıb. İmtahan sessiyasının gedişində  baş verə biləcək neqativ halların qarşısını almaq məqsədilə kollecdə “Təklif və iradlar qutusu” asılıb. Dosent  Mətanət Pirquliyeva onu da qeyd edib ki, sessiya zamanı tələbələrin imtahana qədər topladıqları balların hesablanıb imtahanadək onlara bu barədə məlumat verilməsi diqqət mərkəzində saxlanılır. İmtahanlar başa çatdıqdan sonra İmtahan Komissiyası tərəfindən kodlaşma aparılır və imtahanlar həmin gün yoxlanaraq nəticəsi tələbələrə açıqlanır.Tədris planlarına uyğun olaraq, kollecdə mövcud olan bütün ixtisaslarda imtahan sessiyası iyunun 1-dən iyulun 1-dək davam edəcək. 11 ixtisas üzrə 150 fəndən 283 imtahan keçiriləcək.

 

Sonra kollecin tədris işləri üzrə direktor müavini Əsəd Qurbanov,  İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri,  KİV nümayəndələri auditoriyalarda imtahanların gedişini izləyiblər.

 

Müşahidəçilər kollecdə imtahanların yüksək səviyyədə təşkil edildiyini, lazımi şəraitin yaradıldığını bildiriblər.

 

 



12.06.2018 | 14:26