“Ağıllı şəhər” və “ağıllı kənd” mövzusu AzTU-dakı seminarda

Azərbaycan Texniki Universiteti (AzTU) və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Dördüncü sənaye inqilabı: Yaşıl enerji zonası, ağıllı şəhər və kəndlər” mövzusuna həsr olunmuş seminar keçirilib.

 

Rektor Vilayət Vəliyev tədbirin çox əhəmiyyətli mövzuya həsr olunduğunu qeyd edərək bildirib ki,  dördüncü sənaye inqilabında universitetlər, xüsusilə də AzTU əhəmiyyətli rol oynayır. Hazırda universitetdə müasir çağırışlara uyğun islahatların aparıldığını deyən rektor buna misal olaraq Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının yaradıldığını, ixtisasların müasir tələblərə uyğun yeniləndiyini diqqətə çatdırıb.

 

Tədbirdə professor, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov “Azad olunmuş ərazilərə qayıdışı stimullaşdırmaq üçün enerji siyasətinin özəllikləri”, millət vəkili Etibar Əliyev “IV sənaye inqilabının paradiqmaları”,  AzTU-nun İctimai Şurasının sədri, Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” Mərkəzinin direktoru Osman Gündüz “Ağıllı şəhər və kənd: rəqəmsal transformasiyanın tərkib hissəsi kimi”, AzTU-nun tədris işləri üzrə prorektoru, əməkdar mühəndis Nurəli Yusifbəyli “Azərbaycanın postneft dövrü: enerji sektorunun inkişaf trendləri” mövzularında çıxış ediblər.

 

Bildirilib ki, azad edilmiş ərazilərdə salınacaq “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının elmi tərəfdən araşdırılması vacibdir. Qeyd olunub ki, həmin ərazilərə əhali köçürülməzdən əvvəl bütün xidmətlər elektronlaşdırılmalıdır; Bu istiqamətdə kadr hazırlığı zamanı əmək bazarının tələbləri nəzərə alınmalıdır; Görülən işlər elmə və tədqiqata söykənməlidir.

 

Müzakirələrlə davam edən seminarda Azərbaycan Neft və Sənaye Universiteti,  Azərbaycan Jurnalistlər Birliyi, “Azərenerji” və “Azərişıq”ASC-nin nümayəndələri də iştirak ediblər. 

 



19.02.2021 | 14:43