“Müstəqillik dövrünün pedaqoji problemləri”

Bakı Slavyan Universitetinin professoru, görkəmli pedaqoq Kərim Məmmədovun “Zəngəzurda  çap  evi” nəşriyyatında  nəşr  edilmiş tədris vəsaiti “Müstəqillik dövrünün pedaqoji problemləri”nə (2020, 108 səh.) həsr edilmişdir. Bu dəyərli vəsaitin rəyçiləri professor F.Rüstəmov, professor M.İlyasov, dosent S.Axundova və dosent K.Səmədovdur.

 

Tədris vəsaiti Azərbaycan pedaqoji cameəsində maraq və rəğbətlə qarşılanmışdır. Vəsaitdə müstəqillik  dövrümüzün pedaqoji problemləri təhlil, dövrün  pedaqoji alimlərinin əsərlərinə nüfuz edilmiş, müəllif  baxışından onların əsərlərindəki pedaqoji problemlər geniş təhlilə cəlb olunmuş, fikir və mülahizələr bildirilmiş, pedaqoji elminə gətirdikləri  töhfələr  təqdir edilməklə bərabər, buraxılmış nöqsanlar  da göstərilmişdir.

 

Əsərin girişində uzun illər  yaşadığımız kommunist ideologiyasının təhsilimizə, mənəvi həyatımıza göstərdiyi mənfi təsirlər qeyd edildiyi kimi, həmçinin göstərilmişdir ki, müstəqillik dövrünün gətirdiyi azadlıq, humanizm, demokratiya və yeni pedaqoji təfəkkür  işığında  yazılan əsərlər rəğbətlə  qarşılanmışdır.

 

Müəllif  haqlı olaraq göstərir ki, müstəqillik  dövrümüzün ən böyük nailiyyətlərindən biri Azərbaycan pedaqoji fikir tarixinin ətraflı şəkildə öyrənilməsinə, şərq, türk xalqlarının pedaqoji fikir tarixinin tədqiq edilməsinə geniş imkan və yolların açılmasıdır. Bu  sahədə tanınmış pedaqoqlar professorlar H.M.Əhmədov, Ə.Ə.Ağayev, F.A.Rüstəmov, F.Ə.Seyidovun  və başqalarının sanballı əsərləri  meydana çıxmışdır. Qeyd edək ki, professor Kərim Məmmədovun “Şərq pedaqoji fikir tarixindən” adlı əsəri də dəyərli əsərlər  sırasındadır. Bu əsər türkcəyə çevrilərək Türkiyədə - İstanbulda da nəşr edilmişdir. Burada “Avestada tərbiyə məsələləri”, “Qurani Kərimdə tərbiyə məsələləri”, “Əl Qəzzalinin pedaqoji fikirləri”, “Nəsirəddin Tusinin pedaqoji ideyaları”, “Ziya Goyalpın” pedaqoji düşüncələri ətraflı təhlil edilmişdir. Həmçinin müəllifin “Türk xalqlarının pedaqoji fikir tarixindən nümunələr” adlı əsəri də  bu qəbildəndir. Müəllifin 100-dən artıq  əsəri yalnız Azərbaycanda deyil, Türkiyədə, Rusiyada, Gürcüstanda da nəşr olunmuşdur. Elmdə, təhsildə səmərəli, fədakar əməyi “Tərəqqi”  medalı ilə təltif edilmişdir.   

 

Müəllifin  yeni nəşr  edilmiş tədris vəsaitində göstərilir ki, müstəqillik  dövründə pedaqogika tarixi və nəzəriyyəsinə  dair dəyərli tədqiqat əsərləri də işıq  üzü görmüşdür. Onların sırasında  professorlar A.O.Mehrabovun, M.A.İsmixanovun, R.L.Hüseynzadənin, L.N.Qasımovanın, M.İ.İlyasovun, H.Ə.Əlizadənin dövrün tələblərinə uyğun olaraq tədqiqat əsərləri çap olunaraq oxuculara təqdim edilmişdir.

 

Müəllif qeyd edir ki, nailiyyətlərlə yanaşı bir  sıra səhvlərə də yol verilmişdir. Belə ki, pedaqogikada “metodologiya” anlayışına yanaşmalarda bu, özünü göstərir.

 

Daha  sonra müəllif yanlışlıqlar  və problemlər sırasında pedaqoji anlayışların bir  çox hallarda yerində və düzgün işlədilməməsi, tərbiyənin tərkib hissələrinin müxtəlif cür işlədilməsi  və əlavə tərkib hissələri ilə sayının çoxaldılması,  pedaqoji prinsiplərdə müxtəliflik, pedaqogika elminin bölmələrinin fərqli bölgüsü, strukturuna fərqli yanaşmalar,  bəzi “əxlaq tərbiyəsi”nin “mənəvi tərbiyə” kimi və ya əksinə işlədilməsi, bunların fərqli mənalarının izah edilməməsi, yaxud  mahiyyəti əsasən eyni olan, müxtəlif başlıqlarla verilən  “Zehni tərbiyə”, “Əqli tərbiyə”, “Ağıl tərbiyəsi” kimi müxtəliflik, yaxud da bəzi mənbələrdə “metod”, digərlərində “üsul” kimi ifadələrin işlədilməsi tələbə auditoriyalarında  çaşqınlıq yaradır.  Müəllif haqlı olaraq  hələ də pedaqogika elmimizdə “Ustanovka”, “Priyom”, “Situasiya”  və s.  kimi ifadələrin işlədilməsini qəbul etmir. Doğru olaraq  bildirilir ki, pedaqogika  yarandığı vaxtdan dünyəvi elmdir, bəşəri bir elmdir və bir  elm kimi də daim inkişafdadır.

 

Əsərdə göstərilir ki, bu gün təhsilimizə  daxil olmuş “İnteraktiv metodlar” vaxtilə Sovetlər birliyi dövründə “Problemli təlim” mahiyyəti  daşıyırdı. Hər iki metodun mahiyyətinə görə təhsilalanlara obyekt kimi  deyil, subyekt kimi baxılması tələb edilirdi. Bunların pedaqoji ədəbiyyatımızda izahının verilməsi, əlbəttə, arzu ediləndir. Həmçinin “İnteraktiv təlim metodları” və “Fəal təlim metodları” bəzi pedaqoji ədəbiyyatımızda  eyni mahiyyətdə qəbul  edilib bərabərləşdirilir, bəzilərində isə bunların ayrı-ayrı metodlar olduğu  bildirilir. Bütün bunlara da pedaqoji ədəbiyyatımızda  aydınlıq gətirilməlidir.

 

Müəllif əsərinin - “Yeni dövrdə pedaqogika elminin təşəkkülünə  dair mülahizələr” və “Yeni dövrdə pedaqoji tədqiqatların əsas istiqamətləri” adlı birinci və ikinci fəslində yuxarıda göstərilən yanlışlıqların geniş şərhini və təhlilini  verməklə bərabər,  həm də yeni pedaqoji problemlərdən, yeni tədqiqat sahələrindən, xüsusilə müstəqillik  dövrünün uğurlu pedaqoji tədqiqat işlərindən    ətraflı  məlumatlar  vermişdir.

 

Əsərin birinci fəslində pedaqogika  elminin dünya təlim və tərbiyə sisteminə inteqrasiyası məsələləri, həmçinin müstəqillik  dövründə pedaqogika  elminin anlayışlarına, metodoloji problemlərinə, strukturuna, dünyagörüş və siyasi mədəniyyət  tərbiyəsinə müxtəlif yanaşmalar təhlil olunaraq müəllifin dəyərli, doğru mülahizələri əsasında  şərh edilmişdir.

 

Əsərin ikinci fəslində isə Şərq pedaqoji fikir tarixinə yeni yanaşmalar, türk xalqlarının pedaqoji fikir tarixinin tədqiqi, Türkiyə və Azərbaycan pedaqoji əlaqələrinin əsas istiqamətləri və  yeni dövrdə ölkəmizdə pedaqogika elminin məzmununun təkmilləşdirilməsi sahəsində aparılan işlər yeni pedaqoji təfəkkür işığında, müasir pedaqoq - alim baxışında dəyərli  fikir və mülahizələr yürüdülmüş, ətraflı şərhlər  və təhlillər  edilmişdir. 

 

Bu əsəri ali məktəb tələbələri və müəllimləri, magistr və doktorantları, habelə pedaqogika  sahəsində tədqiqat  aparan tədqiqatçılar üçün dəyərli vəsait  hesab edirəm. 

 

Rüfət HÜSEYNZADƏ,

Pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim

 

 



21.02.2021 | 10:26