NDU-nun çempion tələbələri mükafatlandırılıb

Naxçıvan Dövlət Universitetində (NDU) pedaqoji fakültədə təhsil alan Avropa çempionları ilə ali məktəb tələbələrinin görüşünə həsr olunan tədbir keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, “2020-2025 ci illər üçün muxtar respublikada idmanın inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi Naxçıvanda idmanın kütləviliyinin artırılması istiqamətində mühüm addımdır.

 

Rektor vurğulayıb ki, ali təhsil ocağının idman bazası təmir edilərək yenidən qurulub, mini futbol meydançasının süni örtüyü yenisi ilə əvəzlənib, pedaqoji fakültədə yerləşən idman zalı, böyük idman kompleksi  təmir edilib.

 

İdmanın kütləviliyini artırmaq, tələbələrin yüksək səviyyəli yarışlarda müvəffəqiyyətlə çıxış etməsi və dərəcəli idmançıların hazırlanması işini daha da yaxşılaşdırmaq məqsədi ilə idmanın maddi- texniki bazasının möhkəmləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını deyən E.İsayev universitetdə Bədən tərbiyəsi müəllimi və məşqçi kadrlarının hazırlanmasına da ciddi fikir verildiyini diqqətə çatdırıb.

 

Onun sözlərinə görə, hər il ali təhsil ocağında 70-80 nəfər ixtisaslı kadr hazırlanır. Eyni zamanda idmanın muxtəlif növləri üzrə idman hakimlərinin hazırlanması da diqqət mərkəzindədir. Bildirilib ki, bu il futbol, voleybol və cüdo güləşi üzrə seminarlar keçirilib və bu seminarlarda 30-a yaxın tələbə iştirak edib. Bu həftə isə basketbol idman növü üzrə  hakimlik seminarının keçirilməsi planlaşdırılıb.

 

Universitet İdman klubunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Rəhimov universitet tələbələrinin müxtəlif miqyaslı yarışlarda çıxışlarından və uğurlarından bəhs edib.

 

O, tələbə qızların Azərbaycan Respublika birinciliyində və beynəlxalq turnirlərdə müvəffəqiyyətli çıxışlarını da qeyd edib:”Badmintonçu qızlarımız ümumi komanda hesabında dörd dəfə Azərbaycan ali məktəblərinin “Universiadası”nın qalibi olub, iki dəfə isə mükafata layiq üçüncü yeri tutublar. Universitetin tələbəsi Parisa Rüstami isə İran İslam Respublikasında keçirilən badminton üzrə beynəlxalq turnirin qalibi olub.

 

Uzunoba gölü sahilində keçirilən çimərlik futbolu üzrə Naxçıvan birinciliyi yarışlarında universitet komandası bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Sahil parkında keçirilən stolüstü tenis yarışlarında mükafata layiq bütün yerləri ali təhsil ocağının tələbələri tutub.

 

Tədbirdə çempion tələbələr idmanın inkişafına göstərilən dövlət dəstəyinə görə minnətdarlıqlarını bildiriblər.

 

Sonda rektor universitetin idman imicini layiqincə qoruyan tələbələrə diplom və hədiyyə təqdim edib.



23.02.2021 | 13:20