BSU-nun 339 tələbəsi istehsalat, 518 tələbəsi isə pedaqoji təcrübə keçəcək

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva 2020-2021-ci tədris ilinin yaz semestrində buraxılış ili bakalavrlarının istehsalat və pedaqoji təcrübəsinin təşkili, keçirilməsi barədə əmr imzalayıb.

 

Universitetdən bildirilib ki, təcrübələr 22 fevral-27 may tarixlərini əhatə edəcək.   

 

Təcrübə və məzunların karyera inkişafı şöbəsi , eləcə də fakültə dekanlıqları  tələbələrin istehsalat və pedaqoji təcrübəyə cəlb olunduqları baza müəssisələrində sanitar-epidemioloji şəraitin, texniki imkanların araşdırılaraq çevik tədbirlər görülməsini təmin edəcək.

 

Kafedralar tərəfindən təcrübə proqramı, təcrübənin məqsədi, təcrübə keçən tələbələrin vəzifələri, istehsalat və pedaqoji təcrübə keçirilən müəssisələrdə davranış qaydaları, təcrübə rəhbəri,  təcrübə keçirilən müəssisə tərəfindən verilən tapşırıqların məzmununun, xarakterinin müəyyən olunması, müvafiq referatın (hesabatın) hazırlanması, qiymətləndirmə meyarları kimi məsələlər barədə  tələbələrə məlumat veriləcək.

 

Tələbələrin yaşadıqları yerlərdə təcrübə keçmələri üçün müəssisə, təşkilat və tələbələrdən edilən müraciətlərin əsas götürülməsi, habelə regionlarda təcrübə keçən tələbələrlə işin təşkili və yarana biləcək problemlərin araşdırılıb müvafiq tədbirlər görülməsi məqsədilə Təcrübə və məzunların karyera inkişafı şöbəsinin, fakültə dekanlıqları nümayəndələrinin rayonlara ezam olunmaları mühüm vəzifələr kimi qarşıya qoyulub.

 

Məlumat üçün bildirilib ki, yaz semestrində BSU-nun 339 tələbəsi istehsalat təcrübəsi, 518 tələbəsi isə pedaqoji təcrübə keçəcək.

 

Qeyd edək ki, BSU-nun II tədris ilində təhsil alan 114 magistrantı fevral ayının 16-dan başlayaraq elmi-tədqiqat təcrübəsindədir. Magistrantlara təcrübə rəhbərləri təyin edilib və onlar universitetin müvafiq ixtisas kafedralarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq onlayn formada elmi-tədqiqat təcrübəsi keçirlər. Elmi-tədqiqat təcrübəsi 1 ay davam edəcək və mart ayının 16-da başa çatacaq.

 

Sonuncu tədris ili magistrantlarının 2-ci elmi-pedaqoji təcrübəsi isə bu il aprel ayının 1-də başlayacaq və may ayının 1-də başa çatacaq. Magistrantların elmi-pedaqoji təcrübəsinin mövcud sanitar-epidemioloji vəziyyətdən asılı olaraq onlayn formada və ya ənənəvi qaydada təşkil edilməsi nəzərdə tutulur.

 



23.02.2021 | 14:47