“Qadınların, uşaqların qışqırtısı yeri-göyü lərzəyə gətirirdi”

Qarlı, çovğunlu bir gün idi. Ayağıyalın, başıaçıq Qarqar çayını keçib meşəyə səpələnən insanların yalnız bir düşüncəsi var idi. Vəhşi, quzğun, azğınlaşmış düşmənin cəngindən qurtulmaq, sağ qalmaq.  Öz körpə balalarını köksünə sıxaraq həm düşməndən, həm də soyuqdan qorunmağa çalışanların, ahıl yaşlı valideynlərini kürəklərinə alıb daşıyanların artıq həyatdan əlləri üzülmüş, ümidləri tükənmişdir. Meşənin qaranlığında qorxunc düşməndən köməksiz və ümidsiz gizlənən ana soyuqdan, aclıqdan ağlayan körpənin səsi çıxmasın deyə buz kimi əlləri ilə balasının ağzını bərk-bərk sıxır. Qorxur ki, düşmən onların səsini duyar, körpəsini gözünün qarşısında diri-diri yandırar. Nə qədər dəhşətlidir. Deyilmi? Danışdıqlarımız hər hansı bir qorxunc filmdən və yaxud hekayədən deyil. Bütün bunlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə mənfur düşmənlərimiz ermənilər tərəfindən xalqımıza, dinc əhaliyə qarşı Xocalıda baş verən soyqırımda yaşananlardan kiçik bir hissədir. Bu faciə xalqımıza qarşı törədilmiş elə bir dəhşətli soyqırımdır ki, əsrlər, qərinələr keçsə də xalqımız  bu vəhşiliyi heç vaxt unutmayacaq.

 

Xocalı faciəsinin canlı şahidləri, soyqırım zamanı dəhşətli günlər yaşayan təhsil işçiləri həmin əzab dolu günlərlə bağlı acı xatirələrini bizimlə bölüşüb.

 

“Uşaqların, yaşlıların ah-naləsi qulaqlarımdan hələ də getmir”

 

Xocalı şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sevda Məmmədova həmin qanlı-qadalı günləri belə xatırlayır:  “Mən Xocalıdan çıxanda 20 yaşım vardı. Hadisələri tam aydınlığı ilə xatırlayıram. O dəhşət saçan gecə bütün Xocalı sakinləri kimi  biz də ermənilərin zülmündən qurtarmaq üçün Qarqar çayını keçib meşəyə üz tutduq. Başqa yolumuz da yox idi. Ermənilər də bunu çox yaxşı bilirdilər. Qarlı, daş-kəsəkli yollar idi. Gah yoxuş qalxırdıq, gah da aşağı sürüşüb düşürdük. Uşaqların, yaşlıların ah-naləsi qulaqlarımdan hələ də getmir. Sanki cəhənnəmdə idik. Hər kəs ayrı düşdüyü əzizlərini axtarırdı. Dönüb zorla tərk etdiyimiz kəndimizə baxdım. Hər yan alovlar içində idi.

 

Səhər saat 6-ya qədər qarlı meşə yolları ilə yıxıla-yıxıla getdik. Naxçıvanik deyilən yerdə ermənilər pusqu qurub bizi gözləyirdi. Elə ki, ağ qar üstündə gələn insanları gördülər, başladılar atəş açmağa. Mənfur düşmən bizi hər tərəfdən mühasirəyə almışdı.

 

Hamı qaçıb canını qurtarmaq istəyirdi. Lakin bu, çox çətin idi. Bizim özünümüdafiə dəstəmizdən olan əsgərlərimizin atdığı güllələr hesabına bəzilərimiz birtəhər qaça bildik. Bu dəhşətdə qardaşımı itirdik. Çünki elə bir dəhşətli mənzərə idi ki, burda ölməmək, itməmək mümkün deyildi. Sanki dünya uçmuşdu, biz altında qalmışdıq. Dəstə-dəstə hamı qaçıb gizlənir, erməniyə əsir düşməmək üçün var gücümüzlə mübarizə aparırdıq. Kimsə hara gedəcəyini bilmirdi. Bizim özünümüdafiə dəstəmizdən olan Xocalı gəncləri camaata bacardıqları qədər kömək etməyə çalışırdılar. Lakin düşmən o qədər silahlanmışdı ki, onların gücü çatmırdı. Xocalının bütün gəncləri qəhrəmanlıq göstərirdilər. Canları bahasına qadınları, uşaqları çıxarmağa  çalışırdılar. Xocalının Milli Qəhrəmanlarından olan şəhid Füzuli Rüstəmovun bizi qorumaq üçün özünü düşmən gülləsinə necə sipər etdiyini gözlərimlə gördüm. O, üzünü xocalılara tutub dedi: “Qorxmayın gedin, mən onlara cavab verirəm”. Biz onu çağırdıq ki, sən də gəl, səni də vurarlar. Onun cavabı isə belə oldu: “Mənim canım sizinkindən artıq deyil”. Belə igidlərimiz sayəsində çox çətinliklə də olsa qaçıb canımızı qurtarırdıq. Biz Qaraqaya deyilən yerə gəldik. Bura gələnə qədər neçə-neçə insanların erməni gülləsindən can verdiyinin şahidi oldum. Burada qayaların arasından bir neçə əsgər çıxıb bizi çağırmağa başladı: “Gəlin, biz sizin əsgərlərik”. Bir çox ümidsiz həmyerlilərimiz onlara inanıb getdi. Amma biz nədənsə inanmadıq. Bizim dəstədə qadınlar, qızlar, körpə uşaqlar var idi. Dayımın iki balaca uşağı. Biri 5, biri 3 yaşında. Ata-anası meşədə şəhid olmuş 30 günlük bir körpə. Nənəsinin qucağında hər şeydən xəbərsiz. Bu zaman ermənilərin bizdən ayrılıb gedən dəstəni əsir götürdüklərini gördük. Əsirlərə edilən zülmü qulaqlarımızla eşidirdik. Biz kiçik bir arxın içində gizlənmişdik. Saatlarla ümidsiz halda ölümümüzü gözləyirdik. Uşaq da hey ağlayırdı. Uşağın səsini eşidirdilər. Ona görə də bizi axtarırdılar.

 

Axşam saat 4-ə qədər gizləndik. Nəhayət, Ağdamdan bir dəstə igidlərimiz gəlib bizi xilas elədi. Şelliyə çıxdıq. Ağdamda itirdiyimiz qardaşımı sağ-salamat tapsaq da, bu soyqırımda nənəm, babam, əmim şəhid oldu. Belə bir dəhşəti yaşamağı heç bir insana arzulamıram”.

 

“Qadınların, uşaqların qışqırtısı yeri-göyü lərzəyə gətirirdi”

 

Səidə Cəfərova Xocalı şəhər 2 nömrəli məktəbin müəllimidir. Səidə müəllim həmin günlər haqqında danışmağın, o anları xatırlamağın nə qədər çətin olduğunu deyir: “Fevral ayının ortalarından başlayaraq ermənilər Xocalını güllə-baran edirdilər. Xocalı artıq neçə müddət idi ki, mühasirədə idi. Bu müddət ərzində bircə dəfə-fevralın 13-də Xocalıya bir təyyarə gəldi və çox az sayda adam bu təyyarə ilə Xocalıdan çıxarıldı. Demək olar ki, Xocalının sakinlərinin əksəriyyəti şəhərdə idi. Bizim ailədən mən və qardaşım da Xocalıda idik.  Biz hər gün ümidlə gözləyirdik ki, təyyarə gəlib bizi də Xocalıdan çıxardar. Çünki biz təhlükədə olduğumuzun fərqində idik. Amma təəssüflər olsun ki, həmin zaman təyyarə gəlmədi.

 

Fevralın 25-dən 26-na keçən gecə isə ermənilərin atdığı güllələrin ardı-arası kəsilmirdi. Təxminən saat 11-də ermənilər Xocalıya girdilər. Onlar bütün evləri yandıra-yandıra gəlirdilər. Biz məcbur olub meşəyə üz tutduq. Qarqar çayından keçdik. Həmin gün çox güclü qar yağmışdı. Soyuqdan əllərim, ayaqlarım sırsıra bağlamışdı. Bir tərəfdən, güllə-baran altında qaçır, bir tərəfdən də soyuq, şaxta ilə mübarizə aparırdıq.  Qadınların, uşaqların qışqırtısı yeri-göyü lərzəyə gətirirdi. O ah-nalə, qışqırtılar hələ də qulaqlarımdan getməyib. Bütün bu çətinliklərə baxmayaraq biz Naxçıvanik deyilən yerə çatdıq. Gün işıqlanan kimi ermənilər bizi görüb gülə-boran etdilər. Günahsız insanlarımız al qana boyandılar. Mən Xocalı faciəsinin canlı şahidiyəm. Yanımda o qədər insanlar həlak oldu ki. Həmin gün mən də güllə yarası aldım. Lakin buna baxmayaraq, sürünə-sürünə meşənin içi ilə biz Ağdama tərəf gedirdik. Bu, çox əzablı idi. Bir müddət süründükdən sonra mən dözməyib ayağa qalxmaq istədim. Bu vaxt bacımın yoldaşı məni ayağa qalxmağa qoymadı. Xeyli yol gəldikdən sonra biz Ağdamın Şelli kəndinə çatdıq. Həmin vaxt Ağdam camaatı, əsgərlərimiz bizə çox kömək etdilər. Bizi Ağdam xəstəxanasına apardılar. Lakin ermənilər Ağdamı da ağır artilleriya atəşinə tutduqları üçün sonra bizi Bakıya göndərdilər. 

 

Ermənilərin bu vəşiliyini heç vaxt unutmayacağam. XX əsrin ən dəhşətli faciəsi Xocalı soyqırımıdır. Şükürlər olsun ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz torpaqlarımızı geri qaytardı. Ən böyük arzum Xocalıya qayıdıb öz doğma yurdumuzda yaşamaq, məktəbimizdə işləməkdir”.

 

Niyazi RƏHİMOV



26.02.2021 | 10:35