Həsən Mirzəyev: onun həyatının mənası

Fevral ayının 25-də professor Həsən Mirzəyevin dünyasını dəyişdiyi vaxtdan 6 il müddət keçir. Bu, hər gün təmasda olduğun, səhhətinin ən ağır məqamlarında belə, həyat eşqini itirməyən bir insanın fiziki yoxluğunun tarixidir. Bu, həmin fiziki yoxluğun fonunda tək Həsən müəllimin deyil, o cür yaşamış insanların mənəvi dəyər ölçüsünü müəyyənləşdirən zaman vahidi kimi də kifayət qədər ciddi müddətdir. Hardansa, bəşəriyyətin dövrümüzə qədər yetirdiyi nadir məntiq və zəka sahiblərindən birinin, Albert Eynşteynin insanlar və cəmiyyət barədə aforizmlərindən birini xatırlayıram.

 

O deyirdi: “Həyat müqəddəsdir. Bu, bütün digər dəyərlərin tabe olduğu ən yüksək dəyərdir. İnsan həyatının mənası yalnız digər insanların həyatında oynadığı rola görə ölçülə bilər”.

 

Ola bilər, fikirlərimdə subyektiv elementlər hiss edilsin və qeyd edək ki, bu elementlərin olması təbiidir, azından, söhbət doğma dayımdan, Nazlı xanımın qardaşı Həsən İbrahim oğlu Mirzəyevdən gedir. Onu da qeyd edim ki, ağlım kəsəndən dayım evimizin ən arzuedilən qonağı olub və bu “arzuedilənlik” ancaq biz uşaqlar üçün ona görə deyildi ki, dayım bizə gələndə qardaş-bacılarımın hər biri üçün məxsusi hədiyyələr gətirərdi, bu, həm də onun etdiyi maraqlı söhbətlərlə bağlı idi. O söhbətlər isə bitib tükənmək bilməzdi və mən həmin söhbətlərdən bir qismini Xalxalda, oxuduğumuz kənd məktəbində öz dostlarımla paylaşardım.

 

Həmin vaxtlar Həsən müəllim bizim üçün sadəcə olaraq adını qürurla çəkdiyimiz dayımız idi.

 

Sonralar, tələbə vaxtlarımda mən onun elmi yaradıcılığı ilə tanış olub, tədqiqat sahələrini, o tədqiqatların ümumiləşdirilərək yazılan nəticələrini, Azərbaycan dilçiliyinin ən mübahisəli məsələlərinə aydınlıq gətirən elmi əsərlərini oxuduqca dilçi-alim Həsən Mirzəyevin dolğun portreti ilə təzə-təzə tanış olduğumu hiss etdim. Bu, məhsuldar elmi fəaliyyəti olan, aşiqi olduğu və sevdiyi elmdə öz izini salmağa çalışan və buna müvəffəq olsa da, tutduğu yolda getməkdə davam edən zəhmətkeş bir insanın portreti idi.

 

Azərbaycan filologiyasının inkişafında filologiya elmləri doktoru, professor  Həsən Mirzəyevin xidmətlərini onun tədqiqata cəlb etdiyi mövzuları sadalamaqla da göstərmək mümkündür. İstənilən ani peşəkar baxış kifayət edər ki, onun mövzu seçərkən həmişə mübahisəli, tədqiq olunmamış, dilçilərin və folklorşünasların toxunmadığı məsələləri tədqiqata cəlb etdiyinin şahidi olasan. Buna görə, cəsarətlə onu demək olar ki, professor  Həsən Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaratmış, monoqrafiyalar yazmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feili sifət, feilin təsir kateqoriyası və s.) tədqiq etmiş və mübahisələrə son qoymuşdur. Bildiyimiz kimi, Azərbaycan dilində olan feillər özünün leksik-semantik, morfoloji, sintaktik, üslubi, fonetik, frazeoloji, etimoloji xüsusiyyətlərinin zənginliyi, rəngarəngliyi və başlıcası, fərdiliyi ilə digər nitq hissələrindən fərqlənir. Bundan əlavə, feillər üçün xarakterik xüsusiyyətlərdən biri onun dilin milli orijinallığını və qədim ünsürlərini daha yaxşı mühafizə etməsidir. Ona görədir ki, dilçiliyimizdə feillərlə bağlı daha intensiv diskussiyaların, elmi mübahisələrin indi də şahidi oluruq. Kateqoriyaların çoxluğu, fərdiliyi, dilçiliyin əksər sahələri ilə sıx bağlılığı, çoxşaxəliliyi və digər xüsusiyyətləri bu bəhsi, bu bəhslə əlaqədar sahələri söz yaradıcılığı baxımından hərtərəfli tədqiq etməyi zəruri edirdi. Ümumi dilçilikdə, o cümlədən tükologiyada mübahisəli, həmçinin maraqlı səciyyəvi xüsusiyyətləri ilə zəngin olan Azərbaycan dilində feli sifət və təsirli-təsirsiz fellər mövzusu 70-80 ildən artıq müddətdə gah feil, gah da feili sifət bəhsinə daxil edilmişdir. Ona görədir ki, bu istiqamətdə aparılan elmi axtarışların dərs vəsaiti kimi çap olunmasının zəruriliyini Azərbaycan dilçiliyi məktəbinin ən görkəmli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əbdüləzəl Dəmirçizadə belə əsaslandırırdı: “Həsən Mirzəyevin yazmış olduğu “Müasir Azərbaycan dilində təsirli və təsirsiz feillər” adlı dərs vəsaiti çox aktual problemi əhatə edir. Dilçilik ədəbiyyatında bu problem haqqında geniş məlumat olmadığı üçün tələbələrimiz çətinlik çəkir. Ona görə də bu dərs vəsaitinin tezliklə çap olunması ali məktəblərin filologiya, ibtidai məktəb pedaqogikası və metodikası fakültəsi tələbələri üçün böyük köməkdir”.

 

Barəsində kifayət qədər oxşar rəylər olan “Müasir Azərbaycan dilində təsirli və təsirsiz feillər” kitabı 1979-cu ildə nəşr olundu. Nəşr olunan kitab haqqında onlarla rəy yazıldı və həmin rəylərin birində kitab dövrün aparıcı dilçiləri tərəfindən bu cür qiymətləndirilirdi: “Olduqca zəngin və ziddiyyətli cəhətlərə malik olan feilin təsirli-təsirsizlik kimi ilkin və əhəmiyyətli, leksik-qrammatik xüsusiyyətləri məhz bu əsərdə ilk dəfə geniş planda, kompleks şəkildə öyrənilmişdir. Həsən Mirzəyevin 20 ilə yaxın feilin müxtəlif qrammatik xüsusiyyətlərini öyrənməsi, xüsusilə təsirli və təsirsiz feillərə aid zəngin material toplaması əsərin müvəffəqiyyətlə yazılmasına səbəb olmuşdur”. 

 

Professor Həsən Mirzəyevin Azərbaycan dilində hadisəyə çevrilən əsərlərindən biri isə rəyçiləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Zərifə Budaqova və professor Qəzənfər Kazımov, elmi redaktoru Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Afad Qurbanov olan “Azərbaycan dilində feil” kitabı oldu. Feilin əlamətdar cəhətləri, nitq hissələri arasında yeri, feildə təsirli-təsirsizlik kateqoriyası, təsirli-təsirsiz feillərin leksik-semantik, morfoloji-sintaktik, frazeoloji, üslubi, fonetik xüsusiyyətləri, feili sifətlərin feil və sifət ilə müştərək  və fərqli cəhətləri, substantivləşməsinin hərtərəfli təhlil edildiyi bu dərs vəsaiti nəşr edildiyi andan elmi ictimaiyyətin diqqətini cəlb etdi. Azərbaycan dilçilik məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Tofiq Hacıyev 1986-cı ildə “Kitablar aləmində” jurnalının oktyabr nömrəsində kitab haqqında müxtəlif mətbu nəşrlərdə çap edilmiş onlarla mütəxəssis rəylərini ümumiləşdirərək belə yazırdı: “Həsən Mirzəyevin “Azərbaycan dilində feil” kitabı dilçiliyimizin nailiyyətlərindən olub, elmi-nəzəri və praktik cəhətdən çox böyük əhəmiyyət daşıyır, müəllim və tələbələr üçün qiymətli və sanballı tədris vəsaitidir”.

 

Yeri gəlmişkən, Tofiq Hacıyev Həsən müəllimin böyük təntənə ilə keçirilən 85 illik yubileyində onun elmi fəaliyyətini çıxışının sonunda bu cür səciyyələndirdi: “Həsən Mirzəyev müasir Azərbaycan elminin feilidir”.

 

Hesab edirik ki, bu, qaynar, qaynar olduğu qədər də çalışqan və məhsuldar Həsən Mirzəyevin həyat yolunun sərrast ifadəsi idi. 

 

Professor Həsən Mirzəyev hansı mövzunu işləyir-işləsin, onun ərsəyə gətirdiyi elmi əsərləri yalnız faktlar üzərində müşahidələrinin, dil faktlarından aldığı təəssüratın nəticələrindən ibarət olmur. O, faktları, topladığı zəngin dil materiallarını vahid sistem şəklində, oturuşmuş prinsiplər əsasında analiz etdiyindən, müəyyən hallarda  elmi-nəzəri ədəbiyyatdakı mülahizə və fikirlərlə razılaşmır, öz tənqidi mühakimələrinin qənaətindən doğan nəticələrə gəlir. Onun tədqiqata cəlb etdiyi maraqlı mövzularda, şifahi xalq ədəbiyyatı, daha da dəqiqləşdirsək, aşıq ədəbiyyatı nümunələri üzrə əsərlərindən birində axtarış, faktları toplamaq və toplanan faktlar üzərində işləmək metodologiyasını müşahidə edirik. Professorun  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəb tələbələri üçün dərs vəsaiti kimi təqdim edilmiş və 1997-ci ildə nəşr olunan “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz”  kitabı dil faktlarının toplandığı arealın genişliyi ilə heyrətamizdir. Azərbaycan aşıqları və el şairləri, Azərbaycan xalq dastanları, Azərbaycan aşıq ədəbiyyatının ayrı-ayrılıqda ən nəhəng nümayəndələri, həmçinin müasirləri olan aşıq və el şairlərinin saya- hesaba gəlməyən yaradıcılıq nümunələrini tədqiqata cəlb edərək qədim tariximizin qatlarına enir, yaşayan adlarımızın, onların etimologiyasının izi ilə gedə bilir. Professor Qəzənfər Kazımov onun bu keyfiyyətlərinə stimul verən amili belə  qiymətləndirirdi: “Həsən Mirzəyev filologiyamızda müasir ədəbi dilimizin morfologiyasını, xüsusən dilin quruluş xüsusiyyətlərini sinxron, diaxron aspektdə araşdırmaqda, o cümlədən xalqın qədim tarixini, dilini, milli orijinallığını daha yaxşı mühafizə edib saxlayan feillərin mahir tədqiqatçısı kimi məşhurdur. Lakin professor həqiqi bir filoloq kimi el sənətinə - aşıq ədəbiyyatına da dərindən bələddir və bu sahənin vurğunudur. “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz” kitabında müəllif əsasən onomastik leksikanın tədqiqi ilə məşğul olmuş və xüsusi adları bir küll halında bütün sahələr üzrə nəzərdən keçirmişdir”.

 

Bu kitabında Azərbaycan aşıq poeziyasının izinə düşüb Gəncə, Ordubad, Naxçıvan, Dərbənd, Şamaxı, Şəki, Savalan, Şəmkir, İrəvan, Qazax, Göyçə, Qarabağ, Dərələyəz, Qafqaz  və başqa toponimlər əsasında dilimizin tarixinə qoşulub gedirik. Buna görədir ki, Həsən Mirzəyevin türk mənşəli etnonimlər və bu etnonimlər əsasında yaranan toponimlər lə bağlı mülahizələri elmi olduğu qədər inandırıcıdır.

 

Həsən Mirzəyev bu silsilə tədqiqatların davamı olaraq heyrətamiz zəhmət tələb edən böyük elmi əhəmiyyətli növbəti əsərlər yaradıb. “Dərələyəzin toponim və şivə sözləri”, “Dərələyəz folkloru”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (ensiklopedik məlumat), “Dərələyəz mahalının toponimləri və şivə sözləri” kimi sanballı monoqrafiyalarında Dərələyəz mahalının etnoqrafik mənzərəsini ortaya qoyan professor, Azərbaycan dilçiliyində bu istiqamətdə gedən prosesləri sürətləndirməklə, oxşar mövzuda aparılan elmi axtarışlara impuls veribdir. O axtarışların içərisində Qərbi Azərbaycandakı toponimlərlə bağlı araşdırmaları xüsusi yer tutur. Dərələyəz mahalının toponimiyasının əsas fondunun türkmənşəli adlar təşkil etdiyi birmənalıdır. Bildiyimiz kimi, bütövlükdə Azərbaycanda, əlbəttə, o cümlədən, onun təbii sərhədləri içərisinə daxil olan indiki “Ermənistan dövlətinin” ərazisində xəzər, qıpçaq, oğuz-səlcuqlarla bağlı toponim layları kifayət qədər dərinlikdədir. O layların araşdırılması işində professorun elmi marağı qədər də vətəndaş yanğısını müşahidə etmək mümkündür. Patetikadan  uzaq olaraq onu qeyd etməyi vacib bilirik ki, Qərbi Azərbaycanın istənilən ərazisində erməni xalqına bağlı toponimlərlə nadir hallarda rastlaşmaq olduğu halda, bu sahədə dominantlığın Azərbaycan xalqına məxsusluğunu hər bir məqamda görmək mümkündür. Bu xüsusda Həsən müəllimin apardığı tədqiqatların miqyası ancaq genişliyinə görə deyil, elmi təsdiqinə görə mühüm əhəmiyyət daşıyır. Onun tədqiqata cəlb etdiyi aqoronimlər, antrotoponimlər, zoonimlər, drinonimlər, hidronimlər, oykonimlər, oronimlər  200 ilə yaxındır ki, havadarlarının bütün imkanları ilə göstərdiyi yardımlar sayəsində bu yerlərdən azərbaycanlıları çıxarmağı bacaran erməni millətçiləri onların getdiyi izləri silə bilmədiyini göstərir. XIV cildlik kitabının III cildinə toponimlərlə bağlı araşdırmalarını verən müəllif o araşdırmaların elmi, hətta siyasi əhəmiyyətini diqqətə çatdırır: “Torpağını-daşını qarış-qarış gəzdiyim, maddi-mədəniyyət abidələrinə dərindən bələd olduğum Dərələyəzin toponimistik vahidlərini qələmə almağı zəruri hesab etdim”.

 

Professor Həsən Mirzəyevin ümumilikdə 14 cildlik monoqrafiyaları (950 çap vərəqi həcmində) dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz bir xəzinədir.

 

Professor Həsən Mirzəyev o alimlərdən biridir ki, elmi və ictimai fəaliyyəti vəhdət təşkil edir. Tələbələri, həmkarları, həyatda onu tanıyan kim varsa, onun vətəndaş mövqeyinin şahidi olubdur. Bunu təsdiq edən faktlardan biri barədə: o, 1957-ci ildən sıralarında olduğu Kommunist Partiyası sıralarından  Sovet qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə daxil olaraq dinc əhaliyə qarşı qəddar cinayətlər törətdikdən dərhal sonra etiraz əlaməti olaraq çıxdı.

 

Böyük alim Həsən Mirzəyev hər məqamda həqiqətin və həqiqət ocağı bildiyi xalqının yanında olub. 1990-cı ildə Bakı Şəhər Sovetinin deputatı olarkən də, o həqiqətdən kənar düşmədi, iki dəfə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olanda da.

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycan taleyüklü məqamlarını yaşayan zamanlarda da Həsən Mirzəyev vətəndaş seçimində tərəddüd etmədi, Azərbaycanın gələcəyi, onun nicatı naminə Ümummilli Lider Heydər Əliyevin yanında yer tutdu. O, sonradan “91”-lər adlanacaq insanların sırasında ilkin dayananlardan biri oldu. O insanların ki, onlar Heydər Əliyev müdrikliyinə, dövlətçilik təfəkkürünə inamla Böyük Xilaskara Azərbaycanda siyasi hakimiyyətə gəlmək üçün çağırış etdilər.

 

Milli Məclisin 2003-cü ilin payız sessiyası zamanı Həsən Mirzəyevin etdiyi çıxış çoxlarının xatirindədir. Həmin tarixi məqamlarda o, Milli Məclisin televiziya ilə yayımlanan iclasları zamanı Azərbaycan vətəndaşlarına, xüsusən öz seçicilərinə üzünü tutaraq hələ də yaralarından qan daman ölkəmizin dərdlərinə YAP-ın vahid namizədi İlham Heydər oğlu Əliyevin əlac olacağını deyirdi.

 

Həsən Mirzəyev böyük dövlət xadimi, müasir Azərbaycan dövlətçiliyinin memarı  Heydər Əliyev ideyalarının təntənəsinə inanırdı. O inanırdı ki, Azərbaycanın qəsb edilmiş tarixi torpaqları İlham Əliyevin diplomatiyası, Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrin gücü hesabına öz hüquqi varislərinə qayıdacaq.

 

O, Azərbaycan xalqını sevir və onun gedəcəyi yollara inanırdı.

 

O elə bu inamla da aramızdan getdi.

 

2015-ci il fevral ayının 25-də  vəfat etdi və Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edildi.

 

Bu, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ictimai xadim Həsən İbrahim oğlu Mirzəyevin sonuncu və əbədi yolçuluğu idi.

 

Fikrimizi dünyanı heyrətləndirən dahilərdən biri Albert Eynşteynin yuxarıda qeyd etdiyimiz sözləri ilə bitirmək istərdim: “İnsan həyatının mənası yalnız digər insanların həyatında oynadığı rola görə ölçülə bilər”.

 

Elə bu ovqatla və Həsən Mirzəyə ithaf olunmuş şeirin bir bəndi ilə fikrimizi yekunlaşdırmaq istərdik:

 

Bu illəri onsuz gördük deyilməz,

Üzbəüzdə Həsən Mirzə yaşayır.

O nə sirdi, nə hikmətdi bilinməz,

Yüzə-yüzdə Həsən Mirzə yaşayır.

 

Mahirə HÜSEYNOVA,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor

 



26.02.2021 | 15:23