İctimaiyyət nümayəndələri Bakı Slavyan Universitetində imtahan sessiyasını izləyib

İyunun 12-də aparıcı KİV nümayəndələri, təhsil ekspretləri, qeyri-hökumət təşkilatları və valideynlərin iştirakı ilə Bakı Slavyan Universitetində (BSU) 2017-2018-ci tədris ilinin yaz imtahan sessiyasının monitorinqi aparılıb.

 

İştirakçıları əvvəlcə imtahanların keçirilmə prosesi ilə tanış olub.  Tələbələrə imtahanla bağlı suallar veriblər.

 

İştirakçılara imtahan prosesi haqqında məlumat verən BSU-nun rektoru Nurlana Əliyeva bildirilib ki, universitetdə yaz imtahan sessiyası iyunun 1-də başlanıb və 30-na qədər davam edəcək. Rektor qeyd edib ki, imtahanlar, bir qayda olaraq, yazılı formada aparılır. İmtahanların şəffaf və obyektiv aparılması məqsədilə dekanlar, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə universitetdə qərargah fəaliyyət göstərir. N.Əliyeva onu da qeyd edib ki, nəticələr imtahan başa çatdıqdan az sonra sayta yerləşdirilir. Şikayətlərə baxmaq və aşkarlanmış çatışmazlıqları aradan qaldırmaq məqsədilə qərargahın nəzdində apelyasiya komissiyaları təşkil edilib. Nurlana Əliyeva əsas məqsədin tələbələrin biliyinin obyektiv və dəqiq qiymətləndirilməsi olduğunu söyləyib. O, imtahanın yüksək səviyyədə aparılması üçün universitetdə hər cür şəraitin yaradıldığını vurğulayıb. N.Əliyeva onu da bildirib ki, hazırlığına, biliyinə güvənən gənclərin imtahanla bağlı heç bir problemi olmur.

 

Universitetdə fəaliyyət göstərən imtahan qərargahının rəhbəri, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov da imtahanların gedişi ilə bağlı iştirakçıları məlumatlandırıb. O, imtahan qərargahının saat 9-dan 19:00-a qədər fəaliyyət göstərdiyini, tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, şəffaflığa və obyektivliyə tam zəmanət verildiyini diqqətə çatdırıb. T.Cəfərov qərargahın hamının üzünə açıq olduğunu, valideynlərin, ictimai təşkilatların nümayəndələrinin istənilən vaxt qərargahın işi ilə tanış ola bildiklərini də sözlərinə əlavə edib.

 

Müşahidəçilər imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla yanaşı, hər auditoriyada 2-3 müəllim-əlaqələndiricinin nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək dəyərləndiriblər. Eyni zamanda, biliklərini nümayiş etdirmək üçün tələbələrə yaradılan şəraitdən razılıq ifadə olunub.

                                                                          

Niyazi RƏHİMOV

                                                                      

 



13.06.2018 | 13:14