Elmi müəssisələrdə Xocalı faciəsinin ildönümünə həsr olunan tədbirlər

Xocalı faciəsinin 29-cu ildönümü Azərbaycan Milli Elmlər Akademiyasının  institut və qurumlarında qeyd olunub.

 

Mərkəzi Elmi Kitabxanada (MEK) "Xocalı soyqırımı-XX əsrin faciəsi" mövzusunda keçirilən tədbirdə direktor, professor Məmməd Əliyev bildirib ki, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi, Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi idi. Direktor xatırladıb ki, həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.

 

Direktor bildirib ki, hər il dünyanın, Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlər, sərgilər keçirilir, filmlər nümayiş olunur. Aparılan sistemli işin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, eləcə də bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanında  Xocalıda törədilmiş kütləvi qırğının soyqırım aktı olduğu təsdiq edilib.

 

Həmin dövrü tarixi aspektlərdən təhlil edən direktor bu soyqırımın Azərbaycan xalqının müstəqillik qurmaq niyyətinin qarşısını almaq üçün həyata keçirildiyini bildirib.

 

Tədbirdə iştirak edən Xocalı sakini, hazırda Qobustan rayonunda məskunlaşmış,  soyqırım zamanı ailə üzvlərindən atasını, qardaşını itirmiş, o gün ailəlikcə əsir düşmüş, sonradan erməni əsir və meyitləri ilə dəyişdirilmiş Mürvət Məmmədov yaşadığı dəhşətlərdən danışıb. Yaddaşından heç vaxt silinməyəcək o hadisələri xatırlayan M.Məmmədov hələ 14 yaşında ikən ikinci dəfə köçkün həyatı yaşamasından, 8 nəfərlik ailəsinin parçalanmasından, əsir düşdüyü zaman düşmənlərin çörək əvəzinə, onlara torpaq yedizdirdiyindən, iki qardaşının və atasının nə olüsündən, nə dirisindən 15 il xəbər tutmamasından bəhs edib.

 

Tədbirdə soyqırıma həsr olunmuş sənədli film nümayiş olunub, faciəni əks etdirən foto və kitablardan ibarət sərgiyə baxış keçirilib.

                                                                                            

                                                                                        ***

 

Botanika İnstitutunda keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra institutun elmi işlər üzrə direktor müavini Eldar Novruzov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə danışıb. Xocalıda baş verənləri təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəldilən qanlı cinayət adlandırıb.  

 

İnstitutun Mikologiya laboratoriyasının müdiri Dilzarə Ağayeva bildirib ki, son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi faciənin baş verməsinə gətirib çıxarıb. Xocalı soyqırımının hər bir azərbaycanlı üçün unudulmaz səhifə olduğunu qeyd edən alim bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıb.

 

İnstitutun elmi katibi Xuraman Xəlilova bildirib ki, Azərbaycan xalqı zaman-zaman bədnam qonşusu tərəfindən təcavüzə məruz qalıb, əzəli dədə-baba torpaqlarından didərgin salınıb, deportasiya edilib, qanlı faciələrin qurbanı olub. Ermənilərin tarixi düşmənçilik siyasəti özünün son həddini Xocalıda törədilən soyqırımla göstərib.    

 

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aidə İbrahimova  29 il ötməsinə baxmayaraq, Xocalı faciəsinin ağrı və acısının hələ də qəlbimizdə yaşadığını söyləyib. Onun sözlərinə görə, bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, o cümlədən institut əməkdaşlarının vətəndaşlıq borcudur.

 

Tədbirdə soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.

 

                                                                                             ***

 

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Xocalı soyqırımını ermənilərin azərbaycanlılara qarşı bir əsrdən artıq davam edən, düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin tərkib hissəsi adlandırıb:”Bu faciədən 29 il ötməsinə baxmayaraq, dəhşətli səhnələr gözümüz önündən çəkilmir, xatirəmizdə yaşayır və heç zaman da unudulmayacaq. Xocalı soyqırımının 29-cu ildönümü erməni faşistləri üzərindəki şanlı qələbəmizin 108-ci gününə təsadüf edir. Zəfərimiz nə qədər sevincli, şərəfli və qürurverici olsa da, vəhşi ermənilərin xalqımıza qarşı törətdikləri qətliamın ağrısını ovuda bilmir”.

 

“Hamı bilməlidir ki, ermənilərin Qafqazda yaşamalarının  “minillik tarixi” 1813-cü və 1828-ci illərdə Gülüstan, Türkmənçay müqavilələrinin imzalanmasından  və onların İrandan, Türkiyədən gətirilərək bu ərazilərdə yerləşdirilməsindən sonra başlayıb. Havadarlarının əməlindən ruhlanan ermənilər “Böyük  Ermənistan” yaratmaq eşqinə düşdülər, bu məqsədlə də azərbaycanlıları qovaraq torpaqları zəbt etməyə  başladılar. Elə o vaxtdan da azərbaycanlıların soyqırımı mərhələlərlə həyata keçirildi”-deyən institutun rəhbəri hesab edir ki,  haqqın bizim tərəfimizdə olduğuna dünyanı inandırmalıyıq, bunun üçün isə hər bir kəs bacardığı qədər ermənilərin əsil simasını üzə çıxaran, ifşa edən faktları dünya ictimaiyyətinə çatdırmaqdan yorulmamalıdır.

                                                           

                                         ***

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru,  akademik İradə Hüseynova qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən bütün beynəlxalq hüquq normaları pozulmuşdu, 366-cı motoatıcı alayın köməkliyi ilə Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridilmişdi. Nəticədə aralarında uşaqlar, qadınlar və qocalar olmaqla 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. Həmin gecə özlərini məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan xalq kimi təqdim edən təcavüzkar erməni millətçilərinin, “Böyük Ermənistan” ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsində dünyanın ən dəhşətli soyqırımlarından biri törədilib:” Lakin Xocalı soyqırımı bütün Azərbaycan xalqını sarsıtsa da, onun mübarizə ruhunu öldürə bilməyib. Həmin gecə xocalılar özlərini əsl qəhrəman kimi apararaq, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışdır”.

 

Direktor Qarabağın geri qazanılmasını, ərazi bütövlüyümüzün bərpasını Xocalı faciəsinə görə  düşmənə verilən ən ədalətli cavab adlandırıb.

 

                                                                      ***

Yüksək Texnologiyalar Parkında keçirilən tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının və İkinci Qarabağ Müharibəsində canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

YT Parkın baş direktoru, professor Əbulfəz Babayev Qarabağın azadlığı uğrunda 44 günlük Vətən Müharibəsində qazanılan zəfər səbəbindən Xocalı faciəsinə həsr olunmuş tədbirin bu il qələbə əhval-ruhiyyəsində keçirildiyini bildirib: “Bu il ilk dəfə Xocalı qurbanlarını qalib ölkə kimi anırıq. Biz böyük qələbə əhval-ruhiyyəsində olsaq da, Xocalı faciəsini həmişə xatırlamalı, ermənilərin faşist simasını dünyaya tanıtmalıyıq”.

 

Faciəyə obyektiv siyasi qiymətin ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayan Ə.Babayev bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyduğunu deyib.

 

Baş direktor əlavə edib ki, Prezident İlham Əliyevin şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı səsləndirdiyi kimi, Xocalı qurbanlarının qanı İkinci Qarabağ Müharibəsində alındı:” Düşmənin bir daha bu kimi qəddar və insanlığa sığmayan əməllər törətməsinin qarşısını almaq üçün, ilk növbədə, iqtisadiyyatımızı gücləndirməli, Ordumuzu ən müasir silahlarla təchiz etməli, o cümlədən hər bir azərbaycanlı öz üzərinə düşən məsuliyyəti dərk etməli, əlindən gələn ən kiçik dəstəyi göstərməlidir”.

 

Daha sonra YT Parkın icraçı direktoru Vasif Abbasov çıxış edərək 1992-1993- cü illərdə Tərtər, Ağdərə istiqamətlərində gedən döyüşlərdə Suraxanı könüllülər batalyonunda könüllü olaraq iştirak etdiyini xatırladıb. Həmçinin bildirib ki, Xocalı faciəsinin 29-cu ildönümündə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Xocalı qurbanlarının qisasını alıb.

 



27.02.2021 | 10:00