“Mən ilhamı təbiətdən alıram”

Ən böyük rəssam elə təbiətin özüdür, deyirlər. Fəsillərin nəfəsilə rəng çalarları yaradır, dağları, düzləri, meşələri, yamacları əsil sənət əsərinə çevirərək ruhumuza xoş  ovqat qatır. Bu əsrarəngiz gözəllik təcəssümündən ilhama gəlir sənət adamları da. Bugünkü söhbətimizdə də  biz onların biri haqqında söhbət açacaq, yeniyetmə bir istedad sahibinin zəngin sənət boxçasının dərin çalarlarına baş vuraraq  yaratdığı ecazkar sənət nümunələrinin sehrində  başqa  bir aləmə qovuşacağıq. 

 

Qarşımdakı ürək oxşayan rəsm əsərlərini, həmin əsərlərin müxtəlif müsabiqə və festivallarda  hansı yerlər aldığını nəzərdən keçirdikcə onun parlaq  gələcəyinə ümidim  çoxalırdı. Baxıram ki, beynəlxalq  rəsm   müsabiqələrində  qazandığı  uğurların sayı-hesabı yoxdur. Rəsmdən rəsmə, əsərdən əsərə püxtələşir, artıq sənətdə öz sözünü deməyə hazır olduğunu sübut edir o. Paytaxt məktəblisi olan bu yeniyetmə Surə Dadaşzadədir. Söhbət zamanı o, dərs əlaçısı olduğunu da söylədi. Dedi ki, dərslərimi yaxşı oxumasam, elmi biliklərə dərindən yiyələnməsəm, yaratdığım əsərlərin fəlsəfi duyumu, məntiqi, mənası və məzmunu da bəsit olar. Odur ki, seçdiyim peşədə böyük nailiyyətlərə imza atmaq naminə, ilk növbədə, dərslərimə ciddi fikir verirəm. Buna görə də fənn müəllimlərim də məni çox dəyərləndirirlər.

 

...Surəyə yaradıcılıq fəaliyyəti barədə  söyləyəcəklərini  dinləmək istədiyimi bildirdim. Gəlin, yeniyetmə istedad sahibinin  söyləyəcəklərini onun öz dilindən eşidək.

 

Beynəlxalq müsabiqələr laureatıyam

 

Müxtəlif  illərdə bir çox nominasiyalar üzrə keçirilən ölkədaxili və beynəlxalq  yaradıcılıq müsabiqələrinə qatılmışam və demək olar ki, hamısının da qalibi olmuşam. Yunanıstanda keçirilən VIII beynəlxalq uşaq rəsm müsabiqəsində (Biennale) Azərbaycanı təmsil edərək  I yerə layiq görüldüm. Artıq Beynəlxalq müsabiqələr laureatıyam. Fərdi sərgim də keçirilib. Həmin sərgidə 20-dən artıq rəsm əsərim nümayiş olunub. Sərgiyə dəvət olunan qonaqlar rəsmlərimə heyranlıqla baxır, yüksək dəyər verirdilər. Zövqlər, baxışlar müxtəlif olsa da yaratdığım əsərlərin qarşısında  çox ayaq saxlayırdılar. Bu, məni olduqca ruhlandırırdı. Açığını deyim ki, həyəcanım da az deyildi. Hansı rəsmimsə kiminsə xoşuna gəlməz kimi fikirlər məni rahat buraxmırdı, amma özümü o yerə də qoymurdum. Sərgi davam edən müddətdə  sehrçilər davranışımı da çox bəyənmişdilər. Nə isə yaxşı qurtardıq, deyə, Surə özünəməxsus tərzdə gülümsünərək söhbətinə davam etdi. Milli  və müasir üslubda  yaratdığım rəsmlər, tablolar, peyzajlar həmişə bəyənilib.

 

Fantaziyamdan istifadə edirəm

 

Ümumiyyətlə, mən əlimə fırça almazdan öncə yaradacağım əsərin bütün məziyyətlərini dəfələrlə götür-qoy edirəm, tablo, yaxud da hər hansı bir əsərin ilkin modeli beynimdə hazır olmayınca fırçam kağız üzərinə enmir. Bu xarakter məndə artıq, necə deyərlər ciddi   formalaşıb. Bacardığım  qədər fantaziyamdan məharətlə istifadə edirəm.

 

Əsərlərim  beynəlxalq müsabiqələrdə dəyərləndirilib

 

“Ana fəryadı”, “Ana beşik başında”, “Sülh səhifəsi”  əsərlərini yaradarkən özüm də olduqca həyəcanlı idim.Yaradacağım tabloların mövzusuna və xarakterinə uyğun olaraq özüm də onu ərsəyə gətirənə qədər haldan-hala düşürəm, bəzən gözlərim də yaşarır. “Təbiətin mənzərəsi”, “Payız mənzərəsi”, “Köhnə Bakıdan müasir Bakıya  keçid”, “Qış nağılı”, “Azərbaycanda çay süfrəsi”, “İçəri şəhər”, “Rəngli natürmort”, “Gün batımı” , “Bahar qızı”, “Qış”, “Çiçək tarlası”, “Akademik rəsm” və digər rəsmlərim beynəlxalq  müsabiqələrdə münsiflər  tərəfindən  yüksək dəyərləndirilib. “Fövqəladə hallar uşaqların gözü ilə” VIII Respublika uşaq yaradıcılıq müsabiqəsində “Rəsm” nominasiyası  üzrə II yer, “Bahar çiçəkləri” adlı rəsm, Caspi ART uşaqların sənət yarışmalarında, Uşaq və gənclər arasında rəsm müsabiqələrinə qatıldığıma, “Qış nağılı” mövzusunda ən gözəl rəsm nümayiş etdirdiyimə görə, Tahir Salahovun ev-muzeyində Beynəlxalq Qadınlar Gününə həsr olunan  “Güllər” sərgisində, “Ən gözəl gül rəsmi” nominasiyasında və sair yarışmalarda qalib adını qazanmışam. 2018-ci ildə isə Parisdə keçirilən  gənc rəssamların sərgisində   I yerə layiq görüldüyüm  anlar mənim  üçün ən yaddaqalan  tarix oldu.

 

“Qarabağ Azərbaycandır”

 

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı onlayn  beynəlxalq rəsm müsabiqəsində “Qran-pri” qazandım. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkil etdiyi “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” mövzusuna həsr olunan beynəlxalq onlayn rəsm müsabiqəsində isə II yeri  tutdum.

 

Düşünürəm ki, ən böyük uğurlarım hələ qarşıdadır. Təhsil aldığım İncəsənət gimnaziyasının direktoru Aytən Əhmədova istedadlı şagirdləri göz bəbəyi qədər əziz  sayır. Rəsm   müəllimim   Qənirə  Əsgərova da istedadımı yüksək qiymətləndirir və mənimlə   qürur  duyduğunu söyləyir. O, bir dəfə mənim əsərlərimdə təbiət mənzərələrinin, fəsillərin  təsvirinin  çoxluq təşkil etdiyinin səbəbini soruşanda mən bədahətən, təbiət ilhama  çağırır məni, dedim. Bu, həqiqətən də belədir. Mən ilhamı təbiətdən, yerlə-göy arasında mövcud olan bütün varlıqlardan alıram.

 

Sifai SƏFƏROVA

 



27.02.2021 | 15:20