Böyük Britaniyada Cənubi Qafqaza həsr olunan vebinar

Böyük Britaniyanın Dürhem və Oksford universitetlərinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazın arxeoloji öyrənilməsi forumu” adlı onlayn vebinar keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd Cənubi Qafqaz ölkələri ərazisində aparılmış arxeoloji tədqiqatların bir sıra nəticələrini təqdim etmək olub. Böyük Britaniya, ABŞ, Yaponiya, Avstraliya, Livan, Gürcüstan və digər ölkələrdən alimlərin qatıldığı vebinarda Azərbaycanı Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları - Anar AğalarzadəNamiq Hüseynli və doktorant Aslan Qasımov təmsil ediblər.

 

A.Ağalarzadə və A.Qasımov “Cənubi Qafqazın cənub-şərq ətəklərində qəbir abidələri: Talış dağlarında aşkara çıxarılan Son Tunc-İlk Dəmir dövrü kurqanları” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzəçilər Azərbaycanın Cənub-Şərq bölgəsinin bəhs olunan dövrə aid abidələrlə zəngin olduğunu və son illərdə bu abidələrdə sistemli arxeoloji tədqiqatlara başlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

 

“Şəmkir orta əsr şəhər yerində aparılmış arxeoloji araşdırmaların müəyyən nəticələri” adlı məruzə ilə çıxış edən tədqiqatçı N.Hüseynli isə bu abidədə 10 il ərzində fasiləsiz aparılmış sistemli arxeoloji tədqiqatlar zamanı üzə çıxarılan elmi nəticələrdən bəhs edib.

 

Hər iki məruzə vebinar iştirakçıları tərəfindən dinlənilib və maraq kəsb edən bir çox suallar cavablandırılıb.

 

Vebinar “Cənubi Qafqazda arxivlər və mədəni irs” mövzusunda dəyirmi masa ilə işini yekunlaşdırıb.

 



01.03.2021 | 13:25