SDU-nun professoru xarici universitet tələbələrinə mühazirə oxuyub

Sumqayıt Dövlət Universiteti (SDU) Türkiyə, İran, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Avstriya, İsveç, Litva, Macarıstan, İspaniya, Polşa, Ukrayna, İsrail, Tacikistan, Qazaxıstan və s. ölkələrin ali təhsil müəssisələri ilə ikitərəfli, çoxtərəfli müqavilələr, beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq həyata keçirir. Xəzəryanı Dövlət Universitetləri Assosiasiyasının üzvüdür, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədridir.

 

Universitetin Kimya və biologiya fakültəsinin Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri, professor Əkbər Ağayev bu əməkdaşlıq çərçivəsində Rusiya Federasiyası Şimali Qafqaz Federal Universitetin Texnologiya İnstitutunun Kimya texnologiyası ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Katalitik proseslər” mövzusunda onlayn mühazirə oxuyub.

 

Professorun ümumi kimya texnologiyası fənninin bir fəsli olan, elm və texnikanın bu sahədə son və müasir nailiyyətlərini özündə cəmləşdirən mühazirəsi tələbələrin böyük marağına səbəb olub.

 

Kimya texnologiyası və kimya istehsalının maşın və aparatları kafedrasının müdiri, dosent Pavlenko Yelena Nikolayevna maraqlı mühazirə üçün professor Ə.Ağayevə minnətdarlıq edib.

 

Qeyd olunub ki, adıçəkilən universitetin tələbələri bu gün də Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının təşəbbüsü və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə SDU-də keçirilmiş “Odlar yurdu Azərbaycana səyahət” adlı Yay məktəbinin xoş təəssüratları ilə yaşayır. Bundan başqa, ali məktəblər arasında təhsil və elm sahəsindəki birgə layihələr çərçivəsində tədbirlərdə, hər iki universitetdə təşkil olunan beynəlxalq elmi konfranslarda qarşılıqlı şəkildə aktiv iştirak faktının olması sevindiricidir. 

 

Mühazirədə əlaqələrin gələcəkdə daha da genişləndirilməsi, digər sahələrdə də belə dərslərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 



01.03.2021 | 16:27