“Mühəndislər üçün biznes təhsili” layihəsi

Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursunun açılış mərasimi keçirilib.

 

Açılış mərasimində BANM-in rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Xəzər Universitetinin dekan, həmçinin bölmə rəhbərləri  iştirak edib.

 

Əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, karyera imkanlarının genişləndirilməsi olan bu layihədə iştirak etmək üçün ümumilikdə 300 nəfər müraciət edib.

 

Onlardan yalnız mühəndislik ixtisasları üzrə 3-cü, 4-cü və 5-ci kurslarda təhsil alan  və ingilis dili bacarıqları yüksək olan tələbələr seçilib.

 

BANM-in 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələrinin isə 3-cü və 4-cü kurs tələbələrindən ibarət 80 nəfərlik iştirakçı kursa qəbul edilib.

 

İştirakçılar BANM-i, UFAZ-ı, BMU-nu, AzMİU-nu,  Xəzər Universitetini, Bakı Dövlət Universitetini və ADNSU-nu təmsil edirlər.

 

6 modulu (“Prezentasiya və kommunikasiya bacarıqları”, “Layihə idarəetməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik”) əhatə edəcək kurs üzrə martın 1-dən etibarən onlayn tədrisə başlanılıb. Kurs  2 həftəlik müddəti əhatə edəcək və tam olaraq ingilis dilində aparılacaq. Proqramın sonunda kursu uğurla bitirənlər sertifikatlarla təmin ediləcək.

 

Proqram BANM-in beynəlxalq təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

 



02.03.2021 | 16:12