"Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi

Martın 2-də “Sabahın alimləri” X respublika müsabiqəsinin onlayn bağlanış mərasimi keçirilib. 

 


Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev bütün qalibləri təbrik edib, hər birinə fəaliyyətlərində uğurlar arzulayıb. Nazir “Sabahın alimləri” müsabiqəsinin əhəmiyyətindən söz açaraq müsabiqənin şagirdlərin gələcək inkişaf və karyerasına müsbət təsir göstərdiyini qeyd edib. 

 

Bildirilib ki, cari ildə 14 şəhər və rayonun ümumtəhsil məktəbində təhsil alan 208 şagird 123 elmi  layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 37-i fərdi, 86-ı isə kollektiv işlənilmiş layihə olub. 


Müsabiqəyə buraxılan layihələrlə Bakı şəhəri üzrə 55 faiz, Sumqayıt şəhəri üzrə 18 faiz,  Şirvan rayonu üzrə 10 faiz, həmçinin Naxçıvan Muxtar Respublikası və 10 rayon ümumtəhsil məktəbinin IX-XI sinif şagirdləri iştirak edib. 


Şagirdlər müsabiqəyə riyaziyyat - 14, fizika, astronomiya -16, kimya - 8, biologiya - 16, tibb və sağlamlıq - 12, ekologiya, ətraf mühitin idarəolunması - 20, kompüter elmləri – 10, mühəndislik – 17 layihə ilə qatılıb. 


Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə alimlərdən ibarət Münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin qərarına görə, müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 48 layihə üzrə 81 şagird, o cümlədən I yerə 8 layihə üzrə 13 şagird, II yerə 16 layihə üzrə 27 şagird, III yerə 24 layihə üzrə 41 şagird layiq görülüb.  


Qaliblər sırasından İSEF- Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək üçün  isə 7 layihə  seçilib.

 

“Sabahın alimləri” respublika müsabiqəsinin iştirakçılarına hər il olduğu kimi bu il də ABŞ-ın müxtəlif beynəlxalq fondlar, assosiasiyalar və cəmiyyətlərinin Xüsusi Mükafatları verilib. Bu mükafatlar seçilmiş istiqamətlər üzrə 11 layihəyə (17 şagirdə) təqdim olunub. 

 

Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim ediləcək, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları veriləcək. 

 

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artır. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

 

 



02.03.2021 | 18:30