ADPU-nun əmək bazarına çıxan ötənilki məzunlarının 51,5 %-i hazırda işləyir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

Elmi Şuranın sədri, professor Cəfər Cəfərov  ADPU-nun "2018-2021-ci illər üçün İnkişaf Strategiyası" çərçivəsində son 3 il ərzində icra edilib yekunlaşan,  hazırda icrası davam edən, həmçinin bundan sonra görüləcək işlər haqqında məlumat verib.

 

Rektor universitetdə yeni tədris metodları və texnologiyalarının tətbiq olunduğu eksperimental qrupların faydaları, elektron kitabxananın yenilənmiş və daha funksional variantı üzərində iş, o cümlədən beynəlxalq əməkdaşlığın əhatə dairəsinin artırılması məsələlərinə  toxunub.  

 

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov isə uğurla yekunlaşan onlayn qış imtahan sessiyası haqda hesabatla çıxış edib, statistik təhlilləri diqqətə çatdırıb. Bildirib ki, qış imtahan sessiyasına buraxılan bakalavr və magistrantların sayı ümumilikdə 13759 nəfər olub ki, onlardan 182 nəfəri imtahanlarda iştirak etməyib, 42 nəfəri imtahandan kəsilib. Həmçinin ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) 159 tələbə imtahanlarda iştirak etməyib, 325 tələbə imtahandan kəsilib.

 

İmtahan Qərargahına elektron qaydada 145 müraciət daxil olub, hər bir müraciət araşdırılaraq müvafiq qərarlar qəbul edilib.

 

E.Aslanov yaz semestrində qarşıda duran vəzifələr və imtahan sessiyasına hazırlıqla bağlı da məlumat verib. Bildirib ki, cari semestr ərzində aralıq qiymətləndirmə, kurs işi və sərbəst işlər icra edilməli, imtahanqabağı müvafiq giriş balı toplanılmalıdır; o cümlədən Təhsil Nazirliyinin müvafiq göstərişləri nəzərə alınaraq qaib limiti bu semsertdə 50% həcmində müəyyən edilir. Qarşıdakı yaz imtahan sessiyası haqqında yekun qərarsa may ayında elan olunacaq.  

 

Prorektor deyib ki, hazırda universitetin 4488  tələbəsi onlayn qaydada təcrübəyə cəlb edilib:”Orta ümumtəhsil məktəblərində mövcud karantin rejiminin tələblərinə uyğun olaraq əyani təcrübənin təşkili hələ ki, mümkün deyil, lakin təcrübəçi tələbələr üçün onlayn qaydada bütün şərait yaradılır”.

 

E.Aslanov universitet məzunlarının əmək bazarında məşğulluq nisbəti haqqında hesabatı da təqdim edib.  ADPU-dan 2019/2020-ci tədris ilində Bakı kampusları üzrə 2099 nəfər bakalavriat səviyyəsindən məzun olub ki, onların 14 %-i magistraturaya qəbul olunub; 7,1 %-i həqiqi hərbi xidmətə yollanıb; 61.7 %-i (1650 nəfər) isə əmək bazarına çıxıb. Əmək bazarına çıxan məzunların 41 %-i (677 nəfər) Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında iştirak edib; onların 51,2 %-i 50-60 bal arasında nəticə göstərib; 64 %-i ixtisası üzrə işə qəbul olunub. Digər məzunların əksəriyyəti dövlət və özəl sektorda fəaliyyətə başlayıb. Məzunlardan 52 nəfəri Vətən Müharibəsi iştirakçısıdır. Ümumilikdə, əmək bazarına çıxan məzunların 51,5 %-i (851 nəfər) hazırda işləyir. ADPU-nun filialları üzrə bakalavriat səviyyəsindən ümumilikdə 674 nəfər məzun olub. Onlardan 3,5 %-i magistraturaya qəbul olunub, 7,4 %-i həqiqi hərbi xidmətə yollanıb, əmək bazarına çıxan 89 % (600 nəfər) məzunların 51,3 %-i (308 nəfər) əsasən ixtisasları üzrə  işləyir. ADPU-nun magistraturasından 294 nəfər məzun olub ki, onlardan 144 nəfəri (49 %) müxtəlif sahələrdə çalışır.  Ötən tədris ilində ADPK-dən məzun olanların  581-dən 236 nəfəri (43,4 %) işləyir.

 

Şura pandemiya şəraitində işlənən dissertasiyaların müdafiəyə buraxılması məsələsini də müzakirə edib, dissertant və doktorantların mövzularını təsdiqləyib. Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov elmi və tədqiqat işlərinin yazılmasının yeni qaydaları haqda ətraflı məlumat verərək yeniliklərin universitetdə aparılan elmi tədqiqatların daha da inkişaf etdirilməsi və praktikliyinə əsas verəcəyini vurğulayıb.

 

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə davam edib.  

 



07.03.2021 | 11:30