8 Mart Beynəlxalq Qadınlar Günündə şəhid anası ilə görüş

Mingəçevir Dövlət Universitetində (MDU) 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

 

Ali məktəbdən bildirilib ki, universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirin qonağı 44 günlük Vətən Müharibəsində şəhid olmuş MDU-nun məzunu Əzəmi Hüseynovun anası Sayad Hüseynova olub.   

 

MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə şəhid anası S.Hüseynovaya dəvəti qəbul edib tələbə və müəllim heyəti ilə görüşə gəldiyi üçün təşəkkürünü bildirib, onun timsalında bütün şəhid analarını, universitetin qadın əməkdaşlarını, tələbələrini və məzunlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

 

Tarixən ölkəmizdə qadınlara böyük hörmət və ehtiram göstərildiyini diqqətə çatdıran Ş.Bayramov xalqımızın hər zaman qəhrəman qadınları ilə fəxr etdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin qadın əməyini və onun cəmiyyətdə rolunu yüksək qiymətləndirdiyini vurğulayan rektor hazırda ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qadınların ictimai həyatın bütün sahələrində fəallığının davamlı artdığını qeyd edib.

 

Bu gün Azərbaycan qadınının dünyada ölkəmizi ləyaqətlə təmsil etdiyini, milli maraqlarımızı qətiyyətlə qoruduğunu bildirən Ş.Bayramov buna bariz nümunə olaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin sosial, siyasi və mədəni inkişafında, humanizm, tolerantlıq və multikulturalizm ənənələrinin qorunması, möhkəmləndirilməsində misilsiz xidmətləri barədə ətraflı məlumat verib.

 

44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə qadınlarımızın, xüsusilə də analarımızın rolundan danışan rektor məhz onların vətənə, xalqa layiqli vətəndaş kimi yetişdirdiyi övladların Azərbaycanın işğal olunmuş ərazilərini düşməndən azad etdiyini vurğulayıb.

 

Şəhid anası S.Hüseynova övladının elinə, obasına bağlı olduğunu və hər zaman onunla fəxr etdiyini bildirib. Müzəffər Ali Baş Komandanın və yenilməz Azərbaycan əsgərinin sayəsində torpaqlarımızın düşmən işğalından azad olunduğunu qeyd edən S.Hüseynova bütün şəhidlərimizin qisasının alındığını və onların ruhunun şad olduğuna əminliyini ifadə edib.

 

Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirən S.Hüseynova övladının məzun olduğu doğma universitetdə böyük ehtiramla yad edilməsindən və onun əziz xatirəsinin daim uca tutulmasından razı qaldığını diqqətə çatdırıb.

 

Sonra MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova,  İctimai Nəzarət Şurasının üzvü Ədalət Quliyeva çıxış edərək qadınların gənc nəslin yetişdirilməsində, onların dünyagörüşünün formalaşdırılmasında böyük rol oynamasını vurğulayıb, universitetdə elmi, pedaqoji və inzibati sahələrdə qadın əməkdaşların fəallığından bəhs ediblər.

 



08.03.2021 | 10:29