“Məişət zorakılığı ilə mübarizə" adlı videokonfrans

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən "Məişət zorakılığı ilə mübarizə" adlı videokonfrans keçirilib.

 

ADMİU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə baş tutan videokonfransda universitetin müəllim-professor-tələbə kollektivi və komitə nümayəndələri iştirak ediblər.

 

ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli məişət zorakılığından, bu sahədə dövlət tərəfindən görülən işlərdən danışıb. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu kimi məsələlərlə bağlı gördüyü çoxsaylı işlərə diqqət çəkib, onların fəaliyyətini yüksək qiymətləndirib.

 

Videokonfransda iştirak edən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Qadın Problemləri və Gender məsələləri şöbəsinin baş məsləhətçisi Sevinc Məmmədova komitənin yaranma tarixindən, iş prinsiplərindən söz açıb, dövlət-qadın siyasəti haqqında məlumat verib. Deyib ki, Azərbaycanda dövlət-qadın siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “1995-ci ildə Azərbaycan BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması ilə bağlı konvensiyasına qoşuldu. Bu konvensiyaya qoşulduqdan sonra ölkəmiz öz üzərinə müxtəlif öhdəliklər götürüb: qadınların hüquqlarının, qadınlarla kişilərin hüquq bərabərliyinin təmin olunması, qadınların qərar qəbul etmədə kişilərlə bərabər təmsilçiliyi, bərabər əməyə görə bərabər haqqın ödənilməsi və sair. Ulu Öndər bu məsələlərin həlli üçün 1998-ci ildə qadın problemləri üzrə bir komitə yaratdı”.

 

S.Məmmədova qeyd edib ki, gender bərabərliyi qadın və kişilərin hüquq bərabərliyidir:” O cəmiyyətlərdə rifah halı yüksəkdir ki, orda gender bərabərliyinin prinsiplərinə əməl olunur”.
Komitənin Hüquqi-təminat şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Əsgərli məişət zorakılığı və onun cəmiyyətdəki fəsadları, qarşısının alınma yolları və sair kimi məsələlərlə bağlı məruzə ilə çıxış edib:”Dünyada məişət zorakılığına rast gəlinməyən ölkə yoxdur. Son illərdə belə bir fikir formalaşıb ki, dünyada ömründə bir dəfə də olsun məişət zorakılığına, ya da ümumiyyətlə zorakılığa məruz qalmayan bir insan belə yoxdur. Komitə olaraq bu sahədə bir çox ölkələrlə əməkdaşlığımız mövcuddur. Ümumi şəkildə nəzər salanda görürük ki, Azərbaycan bu sahədə həm qanunvericilik, həm də müdaxilə baxımından bir çox ölkələrdən daha irəlidədir”.

 

X.Əsgərli məruzəsində məişət zorakılığına məruz qalan şəxslərin ata biləcəyi addımlar, müraciət edə biləcəyi qaynar xətt , eləcə də, “Mühafizə orderi” haqqında danışıb. Bildirib ki, məişət zorakılığına məruz qalmış şəxslərə xidmət üçün sosial, hüquqi və qabaqlayıcı tədbirlər görülür.

 

Məruzəçi eyni zamanda, ailə-məişət və ictimai-məişət anlayışlarını bir-birindən fərqləndirən xüsusiyyətləri sadalayıb. Qeyd edib ki, bu sahədə daha operativ xidmət üçün dövlət tərəfindən məlumat bankı yaradılıb.

 

Daha sonra videokonfrans diskussiya şəklində davam edib.
 

 



09.03.2021 | 13:18